Adı ilə məşhurlaşan KƏND – “Qara bal” necə “Qarabaldır” oldu? – FOTO  

Adı ilə məşhurlaşan KƏND – “Qara bal” necə “Qarabaldır” oldu? – FOTO  

Hazırda oxunan: Adı ilə məşhurlaşan KƏND – “Qara bal” necə “Qarabaldır” oldu? – FOTO  

177735

Ölkəmizin bir çox kənd və qəsəbələrinə verilən qəribə adlar var ki, bir qədər gülməli səslənir. 

Bizim.Media-nın yerli bürosu xəbər  verir ki, belə yaşayış məskənlərinin adlarına  Şimal-Qərb bölgəsində də təsadüf edilir. Məsələn, Oğuz və Qax rayonlarında Qarabaldır kəndləri var.

Qax rayonu ərazisindəki Qarabaldır kəndi Yevlax-Zaqatala-Gürcüstan avtomobil yolunun üzərində yerləşir. Məsələni yerində araşdırmaq üçün kənd sakinləri ilə görüşüb, yaşayış məntəqəsinin adının mənasına aydınlıq gətirmək istədik. 

“Baldır”ın baldırla əlaqəsi yox imiş...

Sakinlərlə söhbətdən bəlli oldu ki, hazırda kənddə 400-dən çox sakin yaşayır. Sakinlər gəlişimizin məqsədini bilincə sanki yeri-yerindən oynatdılar. Onlar sözün əsl mənasında yaşadıqları kəndin adını ürəklə səsləndirə bilmədiklərini etiraf etdilər. Çünki bu adı eşidən ya səsləndirən hər kəsin ağlına ilk olaraq insan əzası gəlir. Məcbur qalıb hər gələn qonağa, hər bu adı eşidənə mənasını izah etməli olurlar. 


Kənd ziyalısı Əhmədiyə Əliyev deyir ki, kəndin adındakı "baldır" sözü ilk səsləndiyində insan əzasını xatırlatsa da, onun insanın bədən üzvü ilə heç bir əlaqəsi yoxdur.

Qax rayonunda mövcud olan Qarabaldır kəndinin sakinlərinin 18-ci əsrin əvvəllərində Oğuz rayonunun Qarabaldır kəndindən köç etdikləri ehtimalı var. 

Müsahibimiz onu da diqqətə çatdırır ki, əslində kəndlərinin adı “Qara” və “Bal” ifadələrinin birləşməsindən əmələ gəlir və Qarabal mənası ifadə edir. Çünki tarixən elə Oğuz rayonunda, hazırda isə bu yaşayış məntəqəsində insanlar arıçılıqla məşğul olurlar. Bu ərazilərdə arıların nadir yem ehtiyatı olan yemişan tikanı mövcuddur. Onun nektarı isə balın qara rəngə çevrilməsinə səbəb olur. Beləcə “Qarabal” ifadəsi kimlərinsə dilində deformasiyaya uğrayaraq sonluğuna “r” əlavə edilib.


Bəs, alimlər nə deyir?

AMEA-nın Şəki Regional Elmi Mərkəzin toponimçi alimlər isə bu kəndlərin adının mənasının tamamilə başqa olduğu qənaətindədirlər. Məlumata görə, Qarabaldır sözü "böyük çıxıntı" deməkdir.

Sözün tərkibindəki qara - “böyük”, baldır isə “çıxıntı” mənasında işlənir. Təbii ki, adların mənalarının gülməli, qəribə səslənməsində nəsildən-nəslə ötürüldükcə uğradığı deformasiyaların, bəzənsə naşı insanların rolu az olmayıb. 
Yeri gəlmişkən hər iki yaşayış məntəqəsi tarixi insan məskənləri və yurd yeri olduğundan bu adların  araşdırılmasına zərurət var. Çünki Qarabal kəndi qədim türklərin tarixinin araşdırılması üçün örnək və ipuclarına malikdir.  








Tural Rasim oğlu, Bizim.media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO