Pediatrdan analara MÜRACİƏT – “Övladınızı südünüzdən məhrum etsəniz…”

Pediatrdan analara MÜRACİƏT – “Övladınızı südünüzdən məhrum etsəniz…”

Hazırda oxunan: Pediatrdan analara MÜRACİƏT – “Övladınızı südünüzdən məhrum etsəniz…”

176639

Son günlər körpələr üçün nəzərdə tutulan bəzi süni qidaların qiyməti  bahalaşıb. Yayılan məlumata görə 0-6 aylıq körpələr üçün 800 qramlıq süni uşaq qidasının qiyməti 98 manatdan 120 manata qalxıb. Nəzərə alaq ki, bu süni uşaq qidası 5 aylıq uşağın 1 həftə qidalanmasına ancaq çatır.

Qeyd edək ki, ölkəmizdə süni qida istehsal olunmur. Uşaq yeməkləri xaricdən gətirilir. Ona görə də qiymət artımına hansısa müdaxilə mümkünsüzdür. Çünki alternativ təklif yoxdur. Amma bir məsələni unutmayaq ki, ən keyfiyyətli süni qida belə ana südünü əvəz edə bilməz.
 

MÖVZU İLƏ BAĞLI:

“Analar körpələrinə süd vermədikləri üçün xərçəng xəstəliyi ARTIR” – SENSASİON AÇIQLAMA


“Ana südünün xeyrindən danışırıq, amma…”

Məsələ ilə bağlı Bizim.Media-ya danışan pediatr Vaqif Qarayevin sözlərinə görə, uzun illərdir ki, ana südünün xeyri barədə danışılır:

“Paradoksal haldır ki, bu qədər deyilənlərin müqabilində süni qidalardan istifadə edən anaların sayı son zamanlar 5 dəfə artıb. Təbii ki, tələb artdıqca təklif də bahalaşacaq. Bəzi hallarda, anada südü olmadıqda süni uşaq qidası tövsiyə oluna bilər. Bu isə çox nadir hallarda olur. Bu məsələdə anaların da günahı var. Analar özləri uşaqlarını öz südləri ilə qidalandırmalıdırlar".

Bəs, ana südünün hansı faydaları var?

Pediatr bu suala belə cavab verdi:

“Körpə doğulan ilkin saatlarda onu ananın sinəsi üstünə qoyurlar. Çünki, “ağız südü” deyilən bir süd var. O südün tərkibi körpə üçün kifayət qədər faydalıdır. Həmin südün tərkibindəki inqrediyentlər immunitet üçün anadan uşağa keçir. Bu körpədə xəstəliklərə qarşı müqavimət yaradır.Ona görə də o süd çox mühümdür. Analara tövsiyyəm odur ki, onlara süni qidanı tərifləyən tibb personalını qovsunlar, onları eşitməsinlər. Övladınızı sevirsinizsə, onu südünüzdən məhrum etməyin”.

Vaqif Qarayev bildirdi ki, sistemli şəkildə olmasa da, tibb müəssisələrində süni qida təbliğ olunur:

“Bəlkə elə ona görədir ki, doğum evindən çıxan ananın məndən ilk soruşduğu bu olur ki, “həkim, hansı süni qidadan istifadə edim?”

Soruşuram ki, “südün var?” Deyir ki, “var”. Deyirəm ki, “bəs, niyə süni qida vermək istəyirsən?” Qəribə cavab alıram: “Hamı verir, ona görə…” Bu “hamı” məsələsi bizi bəlaya salıb. Kimsə çıxıb sosial şəbəkədə süni qidanı təbliğ edir. Ona baxanlar da həkimi yox, sosial şəbəkədə deyilənləri eşidir. 

Bir daha deyirəm ki, ana südünün körpənin fiziki və psixoloji inküşafında mühüm rolu var. Ana südü körpələrdə xəstəliklərə qarşı müqaviməti artırır. Ana südünün körpənin mədə-bağırsağının normal işləməsində mühüm rolu var. Bu təbiətin qanunudur. Uşaq doğulanda yalnız ana süd ilə qidalanmalıdır. 

İlk hamiləlikdə bəzi analarda süd azlığı müşahidə olunur. Bundan qorxmaq lazım deyil. Belə hallarda tez-tez körpəni əmizdirmək lazımdır ki, həm anaya çoxlu süd gəlsin, həm də uşaq sağlam qidalansın. Süni qidalardan qaçmaq lazımdır. Bu təkcə iqtisadi yox, həm də fizioloji itkidir. Ana südü əmməyən uşaqlar xəstəliklərə qarşı müqavimətsiz olur”.


QEYD: Material Medianın İnkişafı Agentliyinin elan etdiyi müsabiqənin qaydalarının 8-ci Maliyyə yardımının göstərilməsi müddəasının 6.3.19. uşaq və gənclərin fiziki və mənəvi inkişafı - bəndinə uyğun olaraq hazırlanıb.

Surxay Atakişiyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO