Türkiyədə turizm sektorunda çalışan işçilərin vaksinasiyasına başlanıb.
Bu barədə Bizim.Media-ya Türkiyənin Azərbaycandakı səfirliyindən məlumat verilib.
Peyvəndləmə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, Səhiyyə Nazirliyi, eləcə də Türkiyə Turizm Tanıtma və İnkişaf Agentliyinin (TGA) koordinasiyası ilə baş tutub.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanda peyvənd olunanların sayı açıqlandı
Peyvəndləmə proqramı aviaşirkətlər, hava limanları, mehmanxanalar, turizm agentliklərinin işçilərini, həmçinin peşəkar bələdçiləri də əhatə edib. Turizm sektorunda çalışan bütün işçilərin peyvəndlənməsi cari ilin yay mövsümünə qədər başa çatacaq.
Peyvəndləmə proqramı “Etibarlı Turizm Sertifikat Proqramı” çərçivəsində qarşıdan gələn yay mövsümü üçün beynəlxalq ziyarətçiləri qəbul etməyi və turizm işçiləri ilə yerli turistlərin sağlamlığını və təhlükəsizliyini təmin etməyi hədəfləyir.
Məlumatda o da bildirilir ki, Türkiyə COVİD-19 ilə mübarizədə “Təhlükəsiz Turizm Sertifikatlaşdırma Proqramı”na investisiya qoymağa davam edir.
Ölkə tətbiqetmənin əhatə dairəsini genişləndirərək 30 və ya daha çox otaqlı mehmanxanalar üçün məcburi edib. İndiyə qədər 8 mindən çox turizm obyekti sertifikatlaşdırılıb.
Türkiyə 2021-ci ildə sağlam və etibarlı turizmin məkanı olmağa davam etmək üçün bütün tədbirləri alır.
Bu, beynəlxalq ziyarətçilər üçün etibarlı səyahət baxımından ən yaxşı seçimlərdən biri olacaq.
Alçina Amilqızı, Bizim.Media