Azərbaycan-Gürcüstan marşrutunda qatarların çatıb-qayıtma müddəti azaldılıb

Azərbaycan-Gürcüstan marşrutunda qatarların çatıb-qayıtma müddəti azaldılıb

Hazırda oxunan: Azərbaycan-Gürcüstan marşrutunda qatarların çatıb-qayıtma müddəti azaldılıb

175978

“ADY şəffaf qiymət siyasətinin müəyyən olunması, infrastruktur üzrə məhdudiyyətlərin aradan qaldırılması, yüklərin vaxtında və təhlükəsiz çatdırılması istiqamətində beynəlxalq dəhlizlərin iştirakçıları ilə fəal əməkdaşlıq edir”.

“Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) Bizim.Media-ya verilən məlumata görə, bu sözləri ADY sədrinin müşaviri Arif Ağayev Brüsseldə Avropa İttifaqı – Mərkəzi Asiya Nəqliyyat Əlaqəsi üzrə İnvestorlar Forumunda çıxışı zamanı deyib.

A.Ağayev bildirib ki, Azərbaycan Orta Dəhliz üzrə ən vacib ölkələrdən biridir və nəqliyyat infrastrukturunun inkişafına iri investisiyalar qoyur:

“Orta Dəhlizin iştirakçıları arasında əsas və strateji yüklər üçün məlumat mübadiləsini qurmaq və proqnozlaşdırılmasını təmin etmək məqsədilə Azərbaycan, Gürcüstan və Qazaxıstanın dəmir yolları arasında ortamüddətli planlama xidməti qurulub. Bu xidmət dəhliz vasitəsilə daşımaların həcminin artması zamanı qovşaqlar arasında tranzit axınları bərabər paylamağa imkan verir”.

O qeyd edib ki, Orta Dəhliz üzrə tranzit yüklərin həcminin artırılması və səmərəli idarə olunması məqsədilə Azərbaycan, Qazaxıstan və Gürcüstan dəmir yolu qurumları tərəfindən birgə müəssisə yaradılıb:

“Məqsəd “bir pəncərə” prinsipi üzrə xidmət göstərmək və müştəri məmnunluğunu təmin etməkdir. Bundan başqa, Ələt Limanında tranzit yük əməliyyatlarının sürətləndirilməsi və təyinatı üzrə göndərilməsi məqsədilə ADY, ASCO və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı tərəfindən birgə əməliyyatların idarə edilməsi xidməti təşkil edilib. Həmçinin Dövlət Gömrük Komitəsi və Dövlət Sərhəd Xidməti ilə koordinasiyalı fəaliyyət nəticəsində Azərbaycan–Gürcüstan marşrutunda qatarların mənzil başına çatıb-qayıtma müddəti xeyli azaldılıb”.

ADY sədrinin müşaviri əlavə edib ki, Orta Dəhlizin əsas qolu olan Bakı–Tbilisi–Qars layihəsi üzrə də işlər davam edir:

“Bu yolun Gürcüstan seqmentinin genişləndirilməsi işləri bir neçə aya başa çatacaq. Beləliklə, BTQ üzrə buraxılış gücü 1 milyon tondan 5 milyon tona qədər artırılacaq”.

Qeyd edək ki, forumun keçirilməsində məqsəd Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunu Avropa ilə Mərkəzi Asiya arasında multimodal, müasir, rəqabətqabiliyyətli, rəqəmsal və daha sürətli marşruta çevirmək, Orta Dəhliz üzrə fəaliyyəti və investisiyaları koordinasiya etməklə regionda nəqliyyat əlaqəsini gücləndirməkdir.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO