Düyünə düşən aliment DƏRDİ – Fond məsuliyyətsiz atalara çarə olacaqmı? - BAXIŞ

Düyünə düşən aliment DƏRDİ – Fond məsuliyyətsiz atalara çarə olacaqmı? - BAXIŞ

Hazırda oxunan: Düyünə düşən aliment DƏRDİ – Fond məsuliyyətsiz atalara çarə olacaqmı? - BAXIŞ

17596

Boşanan qadın və övladları üçün ciddi problemə çevrilən aliment məsələsi yenidən gündəmə gəlib. Ailə Məcəlləsində və digər hüquqi aktlarda alimentin ödənilməsindən azad edən heç bir müddəa yoxdur. Amma son illərin mənzərəsi onu göstərir ki, kişilərin əksəriyyəti alimenti ödəməkdən yayınır.

Hansı ki, alimentə möhtac olan qadın bu məbləği ala bilməyəndə dolanışıq üçün çətinlik çəkir. Bu, həm də onların övladlarını çətin duruma salır. 

Qanun icazə verir ki, aliment verməyən şəxs inzibati məsuliyyətə cəlb edilsin. Belə ki, alimenti ödəyə bilməyən şəxsə qeydiyyatda olduğu rayon məhkəməsindən xəbərdarlıq olunur.
 

Xəbərdarlığa da əməl olunmayanda inzibati protokol tərtib edilir. Əgər şəxs alimenti ödəməkdən boyun qaçırırsa, məhkəməyə müraciət edilir.


Məhkəmə həmin şəxs üçün 5-10 günlük həbs cəzası kəsir. Şəxs cəzasını çəkəndən sonra aliment yenə ödənmir və bu hal təkrarlanır. Bir müddət keçəndən sonra məsələ soyuyur. Qarşı tərəf aliment davasını aparsa da, icraçı heç bir iş görə bilmir. Yaxud öz xeyrinə məsələdən yayınır. Beləcə, problem dərinləşir və həllini tapmır. 

Cinayət Məcəlləsinin 306-cı maddəsinə görə, alimentin ödənilməsinə dair məhkəmə qərarının icrasından boyun qaçıran şəxslər 3 ilə qədər azadlıqdan məhrum edilməlidir.

Qanunvericiliyə görə icraçılar borclu şəxslərin ölkədən getmə hüququnu məhdudlaşdıra, əmlakına həbs qoya, borcu əmək haqqına yönləndirə bilərlər. Borclu şəxs həbsxanada olduqda və ya ölkədən kənara çıxdıqda isə aliment borcu nənə və ya babadan alınır.
 

İllərdir həlli tapılmayan alimentin ödənilməsi məsələsində təzadlı məqamlar var. Bəzi atalar alimenti ödəmək iqtidarında olsalar da ailə və uşaq qarşında məsuliyyətini dərk etməyərək bu məbləğdən imtina edirlər.


Amma imkanı olmayan və alimenti ödəyə bilməyənlər də az deyil. Bu baxımdan boşanan cütlüklərin ailələrindəki sosial durumu təmin etmək üçün ən məqbul çıxış yolu kimi Aliment Fondunun yaradılması təklif olunur. Bu təşəbbüs 5 ildən çoxdur ki, qadın hüquqlarını müdafiə edən təşkilatlar tərəfindən irəli sürülüb. Sonradan millət vəkilləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, bu günlərdə isə  İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Fondun yaradılması zəruriliyini önə çəkib. Konkret isə yaradılması təklif olunan Aliment Fondunun baza və mexanizmləri üzərində hələki işlənilmir. 

Dünya təcrübəsində Aliment Fondu ilə bağlı nümunələr çoxdur. Fondun tətbiqi üçün ciddi vəsait və mexanizm planı tələb olunur.

Fond ilk növbədə boşanmaq ərəfəsində olan ailələrlə iş aparır, boşanan cütlüyə valideynlik məsuliyyətini başa salınır, uşaq və valideynlərlə psixoloqlar işləyir. Daha sonra pulu ödəməyən və ya müəyyən səbəbdən gecikdirən ataların əvəzindən pul ödəyir.

Fond özü aliment ödəməyən atanı axtarır və ödədiyi pulu ondan geri alır. Bir sözlə, alimentdən yayınma halları baş verəndə dövlət işə qarışır. Belə olan halda ana aliment haqqında düşünmür.

Millət vəkili Fazil Mustafa Bizim.Media-ya açıqlamasında sözügedən Fondun yaradılması vacibliyini qeyd etsə də, məsələnin sırf Milli Məclisə aid olmadığını deyib:

“Məsələ gündəmdədir. Amma parlamentin gündəliyində müzakirəsi məlum deyil. Müvafiq icra orqanının da məsələdə rəyi hazırdır. Burada konsensus və əsaslandırma əldə olunmalıdır. Fondun xeyri və ziyanları nədir, dəqiqləşməlidir. Əlbəttə ki, beynəlxalq təcrübədə belə bir model və tətbiqi normaldır”. 

Deputat hesab edir ki, Azərbaycanda bu Fondun yaradılmasına çox böyük ehtiyac var:

“Kim ağılsız formada bu prosesə girər? Dövlət aliment ödəyənin əvəzinə pul ödəyəcək və sonra illərlə o şəxsin yaxasından yapışacaq. Sonunda şəxs inzibati, hətta cinayət məsliyyətinə cəlb və həbs oluna bilər. Heç kim könüllü olaraq özünə problem yaratmaz. Əksinə Aliment Fondunun olması daha çox ailələrdə boşanmanın qarşısını alacaq”.

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalovanın fikrincə, Aliment Fondunun yaradılmasından sonra insan haqlarının pozulması kimi hallara diqqət yetirilməlidir:
 

“Alimenti dövlət ödəyəcək. Sonra o məbləği geri almaq proseduru var. O prosedurda insan haqlarına zidd amillər olmamalıdır. Yəni o məqamların hamısı ölçülüb-biçilməlidir ki, sonradan problem yaranmasın.


Məsələn, istismar, məcburi əməyə cəlb edilməsi kimi hallar ola bilər. Bu baxımdan Fondun yaradılması məsələsinin uzanması hər halda bu məqamların dəqiqləşdirilməsi ilə bağlıdır. Avropa ölkələrində bu təcrübədən istifadə olunur. Təbii ki, o ölkələrdə vətəndaş məsuliyyəti və qanunun aliliyi böyük rol oynayır.

Azərbaycanda əgər o prinsiplər rəhbər tutulsaydı, hökumət Aliment Fondu yaratmazdı. Amma bizdə vətəndaş alimentdən yayınır, zorakı hərəkətlərə yol verir. Psixoloji, hətta fiziki zorakılığa əl atır. Qadın isə övladı ilə çıxılmaz vəziyyətdə qalır və uşaqların maraqları müdafiə olunmur. Fondun yaradılması müsbət addımdır və qeyd olunan amilləri nəzərə alacaq”.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO