Özlərinə ulduz verən HOTELLƏR – Onların bu addımı QANUNİDİRMİ? 

Özlərinə ulduz verən HOTELLƏR – Onların bu addımı QANUNİDİRMİ? 

Hazırda oxunan: Özlərinə ulduz verən HOTELLƏR – Onların bu addımı QANUNİDİRMİ? 

175814

Ölkəmizin turizm sektoru günü-gündən inkişaf edir. Buna paralel olaraq, Azərbaycana gələn turistlərin də sayında ilbəil artım müşahidə olunur. Gələcək illərdə turist axınının daha da artması gözlənilir.

Amma reallıq onu göstərir ki, turizm sektorumuzda müəyyən çatışmazlıqlar var. Hətta mövcud otellərin təsnifatlaşdırılmasında belə ciddi problemlər var. Məsələn, bir sıra otellər müvafiq qurumlardan “ulduz” almağa həvəs göstərmir və bunu özfəaliyyət səviyyəsində həyata keçirirlər. 

Ulduz təsnifatından keçmək məcburidir?

Məsələ ilə bağlı danışan Azərbaycan Hotellər Assosiasiyasının (AHA) baş icraçı direktoru Günay Sağlam deyib ki, “Turizm haqqında” qanuna əsasən ulduz təsnifatından keçmək bütün hotellər üçün məcburidir:

“Təəssüf ki, bu prosesdən yayınanlar, özləri ulduz təyin ediblər. Bu şəkildə hotellərini bukinq platformalarda təqdim edən hotellər hələ də mövcuddur. Bununla bağlı “Turizm haqqında” qanunu tənzimləyən əlavələrə ehtiyac olduğunu düşünürəm”.

“Təsnifatdan keçmək icbaridir, amma…”

Amma Günay Sağlamın fikirlərini bəzi mütəxəssislər qəbul etmir. Məsələn, DAİR Otellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri və Azərbaycan Ekoturizm Assosiasiyasının icraçı direktoru Samir Dübəndi Bizim.Media-ya açıqlamasında bildirib ki, 2021-ci ildə qəbul edilmiş “Turizm haqqında” qanununda hotel qismində fəaliyyət göstərən müəssisələrin təsnifat sistemindən keçməsi icbari xarakter daşıyır:

“Bu qayda bütün yerləşdirmə vasitələrinə şamil edilmir, yalnız mehmanxana kimi fəaliyyət göstərən bizneslərə aiddir. Qanuna görə, mehmanxana qəbul-qeydiyyat bölməsi, sanitar qovşağa malik otaqları, gündə azı bir dəfə qidalanma və digər əlavə xidmətlər göstərən, nömrə fondunun tutumu azı 11 nəfər olan yerləşmə vasitəsidir. 

O ki qaldı yerləşdirmə vasitələrinin təsnif edilməsi, kateqoriyalara bölünməsi məsələlərinə, bunlar ölkəmiz üçün yeni proses deyil. Qanunvericilikdə öz əksini tapmış təsnifat sisteminin tətbiq edilmə təcrübəsi ölkəmiz üçün 20 ildən artıqdır. Yalnız yeni “Turizm haqqında” qanunun qəbul edilməsinə qədər bu proses könüllü hesab edilirdi. Hazırda, bu qayda icbari hesab edilir. Lakin hotellər bu sistemə həvəslə qoşulmurlar”.

Samir Dübəndi vəziyyətdən çıxış yolu ilə bağlı tövsiyələrini də açıqlayıb:

“Təsnifat sisteminin biznes üçün faydalarını daha geniş miqyasda təşviq etmək, qəbul edilmiş təsnifat sistemini yenidən nəzərdən keçirib, onu kor-koranə Avropadan köçürmək əvəzinə, yerli vəziyyətə adaptasiya etmək və təkmilləşdirmək kimi məsələlərə diqqət yetirilməlidir.

Əməli iş görmədən icbarilikdən danışmaq hesab edirəm ki, yersizdir. Daha geniş miqyasda hotellərin təsnifatı bir çox ölkədə könüllü xarakter daşıyır. Amma misal üçün, turizm bələdçilərinin sertifikatlaşdırılması icbari olur. Bizdə bunlar əksinədir. Ona görə də AHA indiki vaxtda daha çox işləməlidir”.

Surxay Atakişiyev, Bizim.Media


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO