“OCOS” beynəlxalq dələduzluq piramidasını Azərbaycana gətirməklə vətəndaşların külli miqdarda pulunu dələduzluq yolu ilə mənimsəməkdə təqsirləndirilən dəstənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Bizim.Media qaynarinfo-ya istinadən xəbər verir ki, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Fevralın 15-nə iş üzrə məhkəmə hazırlıq iclası təyin edilib. İclas hakim Kamran Muxtarovun sədrliyi ilə keçiriləcək.
Təqsirləndirilən şəxslər Xəyal Xanış oğlu Yaxyayev, Kənan Hacıməmməd oğlu Mustafazadə, Yeganə Əvəz qızı Məmmədova və Gülara Qulu qızı Abdullayevadır. İş üzə 241 nəfər zərərçəkmiş qismində tanınıb.
Dəstə 2021-ci ildə Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində yaxalanıb. Həmin vaxt DİN-in yaydığı məlumatda bildirilib ki, Baş İdarəyə bir qrup şəxsin investisiya şirkəti adı altında şəbəkə biznesi yaradaraq çoxlu vətəndaşı aldatmaları və pullarını ələ keçirmələri barədə əməliyyat məlumatları daxil olub. Baş İdarə əməkdaşlarının Azərbaycan Mərkəzi Bankının mütəxəssislərinin iştirakı ilə apardıqları araşdırmalar zamanı müəyyən olunub ki, Bakı şəhər sakinləri - Gülara Abdullayeva, Xəyal Yaxyayev və qeyriləri ölkə daxilində “Insuccess” adlı fəaliyyət istiqaməti qeyri-müəyyən olan şirkət yaradıblar. Daha sonra onlar “OCOS” beynəlxalq dələduzluq piramidasını ölkəyə gətirərək yaratdıqları şirkət vasitəsilə sosial şəbəkələrdə piarını həyata keçirməklə geniş yayılmasını təşkil ediblər. Bu şəxslər internet şəbəkəsində xüsusi lokal proqramlar vasitəsilə əslində mövcud olmayan kriptovalyuta yaradaraq guya onun beynəlxalq valyuta bazarında satışını təşkil etdiklərini və şişirdilmiş yüksək gəlirlər vəd etməklə vətəndaşların pul vəsaitlərini aldatma yolu ilə ələ keçiriblər. Bu qayda ilə adıçəkilən şəxslər qurduqları şəbəkə biznesinə piramida şəklində çoxsaylı vətəndaş cəlb edərək onlara faktiki mövcud olmayan, uydurulmuş kriptovalyuta satıblar.
Araşdırma zamanı dəstə üzvlərinin investisiya paketi adı altında şişirdilmiş yüksək gəlirlər təklif edərək ümumilikdə 10 minə yaxın vətəndaşı aldatdıqları və külli miqdarda vəsaitlərini ələ keçirdikləri müəyyən edilib.
Əməliyyat tədbirlərinin davamı olaraq həmin şəxslərin paytaxtın Xətai rayonu, Sumqayıt şəhəri və digər məkanlarda icarəyə götürdükləri ofislərə baxış keçirilən zaman iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar aşkar edilərək götürülüb. Təqdim edilən sonuncu faktlarla bağlı Baş İdarənin İstintaq və Təhqiqat İdarəsində Gülara Abdullayeva və Xəyal Yaxyayev barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. Əməliyyat tədbirləri davam etdirilib və cinayət işi üzrə daha iki nəfər təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
23:41 / 27.01.2024
10 min nəfərin aldadıldığı müdhiş dələduzluqla bağlı məhkəmə başlayır - FOTO
Hazırda oxunan: 10 min nəfərin aldadıldığı müdhiş dələduzluqla bağlı məhkəmə başlayır - FOTO
Hazırda oxunan: 10 min nəfərin aldadıldığı müdhiş dələduzluqla bağlı məhkəmə başlayır - FOTO
175428
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.