27 yanvar 1998-ci ildə Ümummilli lider Heydər Əliyevin sərəncamı ilə Azərbaycanda kazinoların, totalizatorların, pul uduşlu oyunlar keçirilən obyektlərin və əyləncə yerlərinin fəaliyyətləri dayandırılıb.
Bəs, 27 yanvarda dünyada daha hansı hadisələr baş verib?
1. 1299–cu ilin bu günündə Osmanlı İmperiyasının əsası qoyulub.
2. 27 yanvar 1888-ci ildə Vaşinqtonda Beynəlxalq Coğrafiya Cəmiyyəti təsis edilib.
3. Birinci Dünya Müharibəsindən sonra itirilən və Suriyanın içində muxtar status əldə edən Hataya 1937-ci ilin 27 yanvarında Millətlər Cəmiyyəti tərəfindən müstəqillik verildi. 12 sentyabr 1938-ci ildə qurulan müstəqil Hatay Respublikası 1939-cu ilin 2 iyununda Türkiyəyə birləşmə qərarı verdi. Bu qərarla Türkiyənin cənub sərhədi də dəqiqləşmiş oldu.
4. 900 günlük mühasirədən sonra - 1944-cü il yanvarın 27-də Leninqradın (Sankt-Peterburq) blokadası aradan qaldırıldı. Mühasirədə olduğu günlərdə Leninqradda 640 mindən çox adam acından, 10 minlərlə insan köç zamanı, şəhərin artilleriya atəşinə tutulması və bormardman zamanı isə 17 min sakin həlak oldu, 34 min adam yaralandı.
5. 27 yanvar 1958-ci ildə Kiprdə minlərlə türk adanın türklər və rumlar arasında ikiyə bölünməsi üçün nümayişə çıxdı. İngiltərə hərbçiləri nümayişçilərə qarşı güc tətbiq etdi. Hadisələr zamanı onlarla adam yaralandı, səkkiz türk həyatını itirdi.
6. NASA Ay Proqramının birinci kosmik gəmisi olan “Apollo-1” 1967-ci il 27 yanvarında Kennedi Kosmos Mərkəzində test zamanı yandı. Astronavtlar Qas Qrissom (Gus Grissom), Edvard Hiqqins Uayt (Edward Higgins White) və Rocer Çaffi (Roger Chaffee) həlak oldular.
7. Türkiyənin Los Angelesdəki baş konsulu Məmməd Baydar və konsul Bahadır Demir 1973-cü il 27 yanvarda uğradıqları sui-qəsd nəticəsində şəhid oldular. ASALA terror təşkilatı tərəfindən törədilən sui-qəsdi törədən erməni əsilli ABŞ vətəndaşı Qurgen Yanıkyan qısa zamanda tutuldu və ömürlük həbsə məhkum edildi.
8. 2008-ci ilin bu günündə “Xəzər Lənkəran” Sankt-Peterburqda Birlik Kubokunu qazanıb.
27 yanvarda həm də bu tarixi şəxsiyyətlər xatırlanır:
1. 1571-ci ilin bu günündə Səfəvilər dövlətin hökmdarı l Abbas anadan olub. O, I İsmayıldan sonra Səfəvilər sülaləsinin ən tanınmış nümayəndəsi olub. Avropada onu “Böyük Abbas” adlandırırdılar. Şah Abbas Azərbaycan dilinə böyük önəm verib. Sarayda Azərbaycan dilində danışmaq məcburi və zəruri idi.
2. 27 yanvar 1924-cü ildə görkəmli siyasi xadim, Şimali Kipr Türk Respublikasının qurucusu və birinci prezidenti Rauf Denktaş anadan olub (1924-2012).
3. 1906-cı ilin bu günündə Azərbaycan alimi, tarixçisi və şərqşünası, Dövlət Mükafatı laureatı, Əməkdar Elm Xadimi, “Şöhrət” ordenli Sara Aşurbəyli anadan olub (1906-2001). O, Yaxın və Orta Şərq xalqları tarixinin bilicisi olmaqla yanaşı, həm də rəssam və musiqiçi idi. Sərgilərdən birində onun “Göygöl” əsərini Meksika nümayəndələri alıblar. Bu əsər indi Meksika muzeylərindən birində saxlanır.
4. SSRİ-də qazma turbinin yaradıcılarından biri, neft-mədən sahəsində görkəmli Azərbaycan alimi Əyyub Tağıyev 1911-ci il 27 yanvarda anadan olub. Amerika, Fransa, İtaliya və başqa ölkələrin firmalarına onun qazma turbininin tətbqi üçün lisenziya verilib. Əyyub Tağıyevin Hindistan, Braziliya və Argentinanın neft sənayesinin inkişafında da rolu olub (1911-1966).
5. Nağaranı solo alət səviyyəsinə qaldırmış populyar ifaçı Çingiz Mehdiyev 1932-ci ilin bu günü doğulub. (1932-1992)
6. 2014-cü ilin bu günündə sevilən müğənni Məhəbbət Kazımov dünyasını dəyişib.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
08:00 / 27.01.2024
BİZİM TƏQVİM: 27 yanvarda baş vermiş tarixi hadisələr
Hazırda oxunan: BİZİM TƏQVİM: 27 yanvarda baş vermiş tarixi hadisələr
Hazırda oxunan: BİZİM TƏQVİM: 27 yanvarda baş vermiş tarixi hadisələr
175300
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.