Beyləqanda yerləşən Peyğəmbər qəbiristanlığının SİRLİ TARİXİ – ARAŞDIRMA/FOTO 

Beyləqanda yerləşən Peyğəmbər qəbiristanlığının SİRLİ TARİXİ – ARAŞDIRMA/FOTO 

Hazırda oxunan: Beyləqanda yerləşən Peyğəmbər qəbiristanlığının SİRLİ TARİXİ – ARAŞDIRMA/FOTO 

175247

Beyləqan şəhər qəbiristanlığında qədim dövrə malik olan bir çox məzarlar var ki, onların tarixi hələ də yazılmayıb. Qəbiristanlıq dövrünün zəngin insanlarının dəfn edildiyi ərazi olduğu üçün adları tarix kitablarına yazılmış bir sıra şəxsiyyətlər və onların doğmaları məhz elə burada dəfn olunub. Lakin bura ilə bağlı kifayət qədər yazılı materiallar mövcud deyil. 

Buradakı məzarlar haqqında müxtəlif fərziyyələr irəli sürülür. Kimisi məzarın əslən Şəkidən olan generala, kimisi isə hansısa xana aid olduğunu deyir. 

Əslən başqa bölgədən olan tarixi şəxsiyyətlər niyə Beyləqan qəbiristanlığında dəfn olunublar? 

İlahiyyatçılar bunu qəbiristanlığın tarixi ilə əlaqələndirməklə yanaşı, şəriət qanunlarının da buna yol verdiyini deyir. Yəni, ruhanilərin sözlərinə görə, peyğəmbərin, imamın, övliyanın və bir din aliminin dəfn edildiyi qəbiristanlıqda başqa meyitləri dəfn etmək müstəhəbdir. Burada isə Cərgiz peyğəmbərin məzarının olması ilə bağlı rəvayətlər qəbiristanlığı dövrünün tanınmış şəxslərinin uyuduğu ünvana çevirib. 


Tarixçilər isə buranın tarixi adının Peyğəmbər qəbiristanlığı olduğunu bildirir. Sözügedən məzarların xan ailəsinə və ya generala məxsus olması isə hələ də aydın deyil. Çünki məntiq hər iki ehtimalı təsdiqləyir. 

Belə olduqda isə növbəti sual yaranır: 

Qəbirüstü daş abidələr dövrün yerli ənənəsi ilə uyğun gəlirmi? 

Çünki burada qədim tarixə malik olan xeyli sayda və fərqli formada baş daşları var. İxtisasca jurnalist olan, Beyləqan tarix diyarşünaslıq muzeyinin direktoru Mehriban İsgəndərova vaxtı ilə burada araşdırma aparıb.

O, da sözügedən məzarların üzərindəki daş abidələrin bölgə adətinə uyğun olmadığını diqqətə çatdırıb: 

"Oxuduğumuz tarixi mənbələrdə - istər akademik Ziya Bünyadovun, istərsə akademik Nailə xanım Vəlixanlının Beyləqan haqqında oçerkləri, "Yol nişanları" kitabları, Qara Əhmədovun Örənqala xarabalıqları haqqında yazdığı əsərdə biz bunlara rast gəlirik ki, bizim yerli adət-ənənələrimizdə hündür daş qəbirlər heç vaxt olmayıb. 


Bizdə sandıq qəbirlər olub və kiçik əyilmiş formada baş daşları olub. Biz bunları Cərgiz peyğəmbər ziyarətgahında gördükdə araşdırdıq, bir çox kitablara və alimlərə müraciət elədik və onun üzərindəki köhnə ərəb-fars əlifbaları ilə yazılmış yazılar oxundu. Belə qənaətə gəlindi ki, bunlar Beyləqan ərazisində Şirvanşahlarla Atabəylər arasında baş tutmuş döyüşdə həlak olmuş Şirvanşahların cəsur igid döyüşçülərinin qəbirləridir. 

O vaxt Şirvanşahların hökmdarı bu torpaqların müqəddəs yer olduğuna inanaraq onların buradan aparılmasına icazə verməyib. Hesab edirəm ki, bu məzarların daha dərindən öyrənilməsinə ciddi ehtiyac var. Çünki burada hər daşda bir tarix yatır". 

Şirvanşahlar dövrünə aid olan məzarlar haqqında məlumatlı olan həmsöhbətimiz fotolarda əks olunan məzarın faktiki olaraq kimə aid olduğunu dəqiq bilmədiyi üçün heç bir məlumat vermir. Həmçinin sözügedən məzarlarla hərbçi, döyüşçü məzarlarının görünüşü fərqlidir. 

Bəs onda burada xan qəbirlərinin olması mümkündürmü? 

Araşdırmanın növbəti mərhələsində üz tutduğumuz növbəti şəxs Tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli olur. O, Şirvan xanlarının şəcərəsinin araşdırması zamanı Beyləqanda yerləşən Peyğəmbər qəbiristanlığında olduğunu, burada müəyyən araşdırmalar apardığını deyir.


Həmçinin onu da qeyd edir ki, qəbiristanlıqda xan və onun ailəsinin məzarları var: 

"Şirvan xan ailəsi Şirvan ərazisində və onun yaxınlığında bir çox qəbiristanlıqlarda dəfn olunublar. Bunların içərisində Şamaxı şəhəri yaxınlığındaki Gümbəzlər, Ağsu ərazisində Narlı pir, şeyx Əmir Əhməd, Sabirabad rayonu ərazisində Həşimxanlı qəbirstanlıqları var. Bununla yanaşı xan ailəsinin bəzi üzvləri Beyləqan rayon ərazisində Peyğəmbər qəbiristanlığında da dəfn olunublar" .

AMEA Arxeologiya və Etnoqrafiya İnstiutunun aparıcı elmi işçisi Fariz Xəlilli həmçinin əlavə edir ki, xan nəsli mühacirət dövründən sonra bura yaxın ərazilərdə yaşayıb:

"Mustafa xan və onun ailəsi 1820-ci ildən 1931-ci ilə qədər Fitdah şəhərində yaşayıblar və bütün nəsil əsasən orada - Hərəm qalası deyilən ərazidə yerləşən sarayda məskən salıb. Sonradan yazışmalar zamanı əldə olunan razılaşmaya görə Xan ailəsi mühacirətdən geri qayıda bilir”. 


Xan ailəsi Arazın bu tayına keçsə də, onlara Şamaxıda yaşamağa icazə verilmir. Əvəzində isə müxtəlif ərazilər təklif olunur. Mustafa xan Araz çayının sahilində - İndiki İmişli rayonu ərazisində məskunlaşır. Dünyasın dəyişənlər isə ya Beyləqandakı Peyğəmbər qəbiristanlığında, ya da Sabirabad rayonu ərazisində yerləşən Baba Səməd qəbiristanlığında dəfn olunublar. 

Burada xan ailəsindən kimlərin qəbri var? 

Tarixçi bizə xan ailəsinin bir neçə üzvünün, xüsusilə iki xanımının və övladlarının məzarının burada olduğu deyir: 

"Biz peyğəmbər qəbiristanlığında dəfn olunan Mustafa xanın ailə üzvlərinin adını çəkə bilərik. Bunlardan biri Mələk xanımdır. Mələk xanım sadə kəndli qızı olub. Mustafa xan İrandan geri qayıdandan sonra 1839-cu ildə Mələk xanımla ailə qurub. 1845-ci ildə Mələk xanım vəfat edib və Araz sahilində - Peyğəmbər qəbiristanlığında dəfn olunub. 

Mustafa xanın Mələk xanımdan olan oğlu Əmiraslan xan 1842-ci ildə vəfat edib. O da məhz bu qəbiristanlıqda torpağa tapşırılıb. Bundan başqa Mustafa xanın 1810-cu ildə ailə qurduğu xanımı, Əlvənd Məlikin qızı da 1832-ci ildə burada dəfn olunub".


Bunlarla yanaşı Süleyman xanın da məzarının burada olması öz təsdiqini tapır. Sonrakı dövrlərdə isə bir çox qəbir yerləri itsə də, onlardan bəziləri hələ də qalıb.

Beləliklə Peyğəmbər qəbrinin ən yaxınında yerləşən məzarların Mustafa xanın ailəsinə aid olduğu ortaya çıxır. Baxımsız vəziyyətdə qalan daş abidələr məhv olma təhlükəsi ilə üz-üzədir. Qalan daşlar ovulub, hətta aşmaq həddinə çatıb. Ətrafda bitən qamışlar dəqiq araşdırılmağa ehtiyacı olan abidələri zamanın hökmü ilə baş-başa buraxıb... 

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO