Balakəndə məzar MÜƏMMASI – Aşkarlanan qəbirlər kimə MƏXSUSDUR? – FOTO 

Balakəndə məzar MÜƏMMASI – Aşkarlanan qəbirlər kimə MƏXSUSDUR? – FOTO 

Hazırda oxunan: Balakəndə məzar MÜƏMMASI – Aşkarlanan qəbirlər kimə MƏXSUSDUR? – FOTO 

175228

Bir neçə gün əvvəl Balakən rayonun Katex kənd sakinləri eyniadlı çayın sahilində onlarla qəbir aşkarlayıb. Dərhal müvafiq orqanlar məlumatlandırılıb. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, sosial şəbəkələrdə həmin qəbr və insan sümüklərinin ötən əsrin 20-30-cu illərində həmin ərazidə fəaliyyət göstərən təcridxanada saxlanılan repressiya qurbanlarına məxsus olması barədə iddialar yer alıb.
 

MÖVZU İLƏ BAĞLI:

Balakəndə qəbirlər AŞKARLANDI – Sümüklər Stalin repressiyasının qurbanlarına AİDDİR? – FOTO 


Bu müəmmalı və qaranlıq məsələlərə aydınlıq gətirmək üçün AMEA-nın Şəki Regional Elmi Mərkəzinin müvafiq şöbəsinin və arxeoloqların iştirakı ilə əraziyə ilkin baxış keçirilib. 


Sakinlər həmkəndlilərini təkzib edir

Havanın yağıntılı olmasına baxmayaraq kənd sakinlərinin köməyi ilə qəbrlərin aşkarlandığı çay yatağına çatırıq. Katex kənd sakini Çingiz Uluxanov bildirir ki, Katex çayın hazırkı mənbəyi ötən əsrin 80-ci ilərindən sonra bu əraziləri basaraq bərbad vəziyyətə salıb. Əvvəllər çayın mənbəyi ümumiyyətlə buradan heç olmasa 2-3 km uzaqdan keçirmiş. Bu ərazilərdə kənd sakinləri tütün əkib, bostan becərib. Həmin müddətdə burada nə insan sümüklərinə rast gəliblər, nə də ki qəbirlərə. Son dövr çay yatağını dəyişəndən və sel-sular ərazini yuyub dərinləşdirəndən sonra qəbir və insan sümüklərinə rast gəlinib. 

Digər kənd sakini Elxan Parabaşov sosial şəbəkələrdə iddia edilən repressiya qurbanlarının məzarlarının olma ehtimalı ilə bağlı fikirləri yanlış adlandırır. 


“Guya burada Stalin dövründə “türmə” (həbsxana) olub. Bəli, “türmə” olub, lakin orada saxlanılan insanların məzarlığı buradan xeyli uzaqda olub. Dəfn olunan yerləri bilirik. Buranın, yəni dayandığımız yerin repressiya qurbanları ilə heç bir əlaqəsi yoxdur” - deyən həmsöhbətim əli ilə həmin əraziləri işarə edir. 

Tarixçi alim və arxeoloqların ilkin qənaəti 

AMEA, Şəki Regional Elmi Mərkəzin Tarix, Arxeologiya və Epiqrafiya şöbəsinin müdiri Rahim Həsənov biz sakinlərlə söhbət etdiyimiz müddətdə arxeoloq həmkarı ilə ərazidə bir xeyli müşahidə apardı. Eləcə də qəbirlərin vəziyyəti ilə həmçinin çürüməkdə olan sümükləri ilkin təqdiq etdikdən sonra bildirdi ki, bu qəbirlər nəinki repressiya illərinin, heç son yüz, yaxud iki yüz ilin qəbirləri deyil və sosial şəbəkələrdə səslənən fikirlər tamamilə yanlışdır:

“Biz burada gözümüzlə görəndən sonra məlum oldu ki, bu heç də 20-ci əsrə, ümumiyyətlə yaxın iki yüz, üç yüz ilə aid qəbr abidələri deyil, ən azı orta əsrlər dövrünün ilkin mərhələsinin orta-erkən əsrlərə aid qəbir abidələridir. Bu abidələrin əksəriyyəti, qəbr daşları daş-qutu qəbrlərdir. Daş-qutu qəbirlər də son tunc dəmir dövründə, antik dövrdə və ümumiyyətlə, erkən-orta əsrlərdə, hətta islamın ilkin dövlərində mövcud olub. 


Düzdür, bəzi qəbirlər qibləyə tərəfdir. Amma arxeoloji qazıntılar aparılmasa, burada köklü şəkildə arxeoloji tədqiqatlar getməsə, hansı dövrə aid məzar olduqları demək mümkün deyil” - deyən Rahim Həsənov sakinləri belə faktlarla qarşılaşdıqda səbrli olmağı və mütəxəssislərə müraciət etməyi məsləhət bildi. Bu ilk növbədə yanlış məlumatların yayılmasının qarşısını ala bilər.

Ərazidə fundamental arxeoloji qazıntılar aparılmalıdır

AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropotologiya İnstitunun Şəki qrupunun Böyük Elmi işçisi İntizar Bədəlova illər əvvəl Balakən ərazisində müxtəlif yerlərdə arxeoloji qazıntılar apardığını və hazırkı müşahidələrdən sonra bu qəbir və sümüklərin də repressiya qurbanları ilə bağlı heç bir əlaqəsi olmadığını bildirir.

Arxeoloq bildirir ki, daş-qutu qəbrlərə tunc dövründən orta əsrlərə qədər, bir də islamın əvvəlində bir sıra bölgələrdə qazıntılar zamanı rast gəlinib:

“Amma çay hövzəsində bu dəfnlərin aşkar olunması doğrudan da hamımızı heyrətə gətirdi. Burada çay öz məcrasını dəyişib, su yuyub açdığı qəbirlərin böyük təhqiqata ehtiyacı var. Yəni biz buna üstdən baxıb desək ki, bu dəmir ya tunc dövrüdür, bizə gülərlər. Biz elmə xələl gətirə bilərik. Ancaq burda fundamental arxeoloji tədqiqat getməlidir” - deyən İntizar xanım tarixin güman və ehtimallarla deyil faktlarla, sübutlarla əksini tapacağını diqqətə çatdırdı.


Yanlışlıqlara nöqtə qoyuldu

AMEA-nın hər iki mütəxəssisinin qənaəti belə oldu ki, ərazidə müvafiq qurumlar tərəfindən əsaslı arxeoloji qazıntılar aparılmalı, ilk öncə qəbrlər açılmalı və onların müayinəsindən sonra daha dolğun və müfəssəl qənaətə gəlmək mümkündür. Ərazidə müşahidə aparan mütəxəssislər öz növbəsində müvafiq qurumları məlumatlandıracaqlarını və ondan sonra qərar veriləcəyini bildirdilər.

Digər tərəfdən sakinlər diqqətə çatdırdı ki, qəbirlər aşkar ediləndən sonra çay yatağı təmizlənir və torpaq qatı yığılır ki, qəbirlər aşkar edilən əraziləri sel-sular yuyub aparmasın. 










Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO