Qaradağ rayon sakini tanınmış prodüser və “Best Model Kids of Azerbaijan” layihəsinin rəhbəri Cavid Zamanlı tərəfindən aldadıldığını iddia edib.
Bu şikayətlə Bizim.Media-ya vətəndaş Adelya Məmmədzadə müraciət edib. Qadının sözlərinə görə Cavid Zamanlı ondan ortaq iş qurmaları üçün 14 min manat pul alıb və birgə həyata keçirəcəkləri layihədən həmin məbləğin ikiqatını qazanc olaraq əldə edəcəklərini vəd edib.Amma aylar keçsə də, nə ortaq iş qurulub, nə də baş tutmayan iş sövdələşməsinə görə Adelya Məmmədzadənin pulu geri qaytarılıb.
Şikayətçi qeyd edib ki, onun 14 min manatını mənimsəyən Cavid Zamanlı barədə Səbail rayon Polis İdarəsinə ərizə ilə müraciət edib:
“Qızımın 7 yaşı olanda moda yarışmasına aparmışdım. Bundan öncə də bir neçə moda yarışmalarında və çəkilişlərində olub. “Best Model Kids of Azerbaijan” layihəsinin rəhbəri və təşkilatçı Cavid Zamanlı, fotoqraf isə Xalid Əliyev idi. “Gənclik” metrostansiyası yaxınlığında yerləşən İbrahim Paşa Dadaşov 164 ünvanında ofis işlədirdilər. Ötən ilin fevral ayında uşağı qeydiyyata saldım və moda yarışmasına qatılmaq üçün yeriş dərsləri öyrənməyə başladı.
Final günü yaxınlaşanda qızım həmin layihədə birinci yerə çıxdı. Onların verdiyi geyimlərdən istifadə etmirdim. Saç ustası, aksesuarlar və müxtəlif növ geyimləri öz büdcəm hesabına təmin edirdim. Cavid Zamanlı gördü ki, qızımla bağlı maddi təminatları öz hesabıma edirəm, məni imkanlı biri kimi zənn edib birgə iş sövdələşməsinə getməyimizi təklif etdi.
6 aydan çox idi ki, onu tanıyırdım. Layihədə 91 uşaq var idi və axın sürətlə davam edirdi. Hətta Bakıda yaşayan əcnəbi uşaqların da müraciətini görürdük. Cavid Zamanlı isə kənardan həddindən artıq ciddi iş adamı təsiri bağışlayırdı”.
Qadının dediyinə görə iş qurmaq adı ilə ötən il iyunun 8-də Cavid Zamanlıya müqaviləsiz, qəbzsiz və notariussuz 14 min manat pul verib:
“Avtomobili dəyişmək üçün atamın adına bankdan kreditə pul götürmüşdüm. Pulu ona Nizami küçəsi 83 ünvanında yerləşən “Kolorit” restoranında verdim. İş qurmazdan əvvəl vəd etdi ki, hər 45 günün tamamında 3000-3500 manat qazancım olacaq. Hətta iki ilə 14 min manatın dövr edib 48 min manat olacağını da bildirdi.
Ona məbləği notarius vasitəsilə vermək fikrindəydim. Dəfələrlə yazdım ona ki, notariusa gəlsin. “Tələsirəm, tez bir zamanda ofis tutmalıyam və sahibinə pul verməliyəm ki, valideynlər kursdan uzaqlaşmasın” deyə bəhanələr gətirdi. Aradan bir müddət keçdi, onu notariusa gətirdə bilmədim. Nə də iş birliyimizə start verə bildik.
Artıq anladım ki, aldadılmışam. Pulu geri almaq istəyəndə isə “mən səni gələn ay işə düzəldəcəm, növbəti layihəyə bir yerdə qoşularıq” deyə vədlərini davam etdirməyə başladı. Onu da deyim ki, ortaq iş qurmaq planından əvvəl Cavid Zamanlı yarışda (birinci, ikinci və üçüncü yer üzrə ) qalib olan 3 uşağın Türkiyəyə aparılacağını bildirmişdi. Sonra bu könülluyə keçdi və istənilən valideynin övladı ilə birgə bu səfərə qatıla biləcəyini dedi.
Bir uşaq, bir valideynin isə Türkiyəyə gedib qayıtması üçün əvvəlcə 3000, daha sonra 2500 manat yığıldı. Mənlə bərabər bir neçə valideyn pul vermişdi. Türkiyəyə getmək məsələsi iyuldan avqusta, sonra sentyabra, daha sonra oktyabr ayına qədər təxirə salınanda anladım ki, bu işdən də xoşagəlməz qoxular gəlir. Verdiyim 2500 manatı çətinliklə də olsa ondan hissə-hissə ala bildim. Amma 14 mini tələb edəndə “sənin pulunu batırmışam. Yoxumdu, olanda qaytaracağam” dedi”.
Cavid Zamanlını dələduzluqda ittiham edən şikayətçi onun başqa valideynlərə də müxtəlif məbləğdə pul atdığı iddiası ilə çıxış edib:
“Tanıdığım dərzi var, onun tikdiyi paltarlardan istifadə edib, amma qaytarmayıb. Məndən başqalarına da ziyan vurub. Bir neçə nəfərə xırda məbləğlərdə pul atıb. Oktyabr ayından bu günədək davamız pul söhbətidir və hələ də ona verdiyim 14 min manatı ala bilmirəm”.
Adelya Məmmədzadənin sözlərinə görə noyabrın 30-da Səbail rayon Polis İdarəsinin 22-ci bölməsinə ərizə ilə müraciət edib və lazım olan dəlilləri təhqiqatçıya təqdim edib. 10 gün sonra iş Nəsimi rayon Polis Şöbəsinə yönləndirilib. Dekabrın 9-dan həmin bölmədə məsələ ilə bağlı araşdırma davam edir.
Adı dələduzluqda hallanan Cavid Zamanlı da məsələ ilə bağlı Bizim.Media-ya danışıb.
O, deyib ki, adıçəkilən qadın ona böhtan atır və adını ləkələmək istəyir:
“O, səhv məlumat verir və qanunsuz hərəkətlərlə məşğuldur. Üstümə “vorovskoy”ları göndərib və dövlət işçisinin əli ilə şəxsi məlumatlarımı çıxarıb.
Bəs, o, bu əməllərinə cavab verəcək?
Niyə demir ki, şərikli işə girmişik və batmışıq. Əlimdə olan dəlilləri hüquq mühafizə orqanlarına təqdim etmişəm. Hüquq mühafizə orqanlarının qərarını gözləmək lazımdır”. Daxil İşlər Nazirliyindən isə saytımıza bildirilib ki, məsələ ilə bağlı istintaq davam edir. Mövzunu diqqətdə saxlayacağıq...
Alçina Amilqızı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:30 / 26.01.2024
Tanınmış prodüserlə Adelya Məmmədzadə arasında QARŞIDURMA – 14 min manat necə İTİRİLDİ? – FOTO
Hazırda oxunan: Tanınmış prodüserlə Adelya Məmmədzadə arasında QARŞIDURMA – 14 min manat necə İTİRİLDİ? – FOTO
Hazırda oxunan: Tanınmış prodüserlə Adelya Məmmədzadə arasında QARŞIDURMA – 14 min manat necə İTİRİLDİ? – FOTO
175091
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.