AŞPA-ya TARİXİ DƏRS – Həqiqətlərə kor olan qurumun ƏSL SİMASI

AŞPA-ya TARİXİ DƏRS – Həqiqətlərə kor olan qurumun ƏSL SİMASI

Hazırda oxunan: AŞPA-ya TARİXİ DƏRS – Həqiqətlərə kor olan qurumun ƏSL SİMASI

175061

2001-ci ilin bu günündə Azərbaycan Avropa Şurası Parlament Assambleyasına üzv oldu. O zaman ictimaiyyət bunu çox böyük siyasi addım kimi dəyərləndirirdi. Çünki informasiya blokadasına alınan Azərbaycanın haqq səsi lazım olan instansiyalarda yetərincə eşidilmirdi. Ona görə də hesab edilirdi ki, AŞPA-ya üzvlük və onun tədbirlərində iştirak Azərbaycan üçün əlverişli tribuna ola bilər.

Ən azından iki AŞPA üzvü arasında münaqişənin davam etməyəcəyinə və əlverişli sülhün olacağına ümidlər vardı.

Əslində isə…

Amma sonrakı proseslər göstərdi ki, AŞPA mənasız bir təşkilatdır və böyük dövlətlər tərəfindən idarə olunur. Ən əsası məşvərətçi bir təşkilat olan AŞPA-nın hansısa üzv dövlətə təzyiq və təsir etmək imkanı yoxdur. Belə olmasa idi, ötən 19 ildə qurum Ermənistanın işğalçılıq siyasətinə hansısa formada münasibət bildirər, sözlə olsa belə rəsmi İrəvanı qınayardı.

Son illərdə Azərbaycanın bu quruma Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 4000 azərbaycanlının taleyinə aydınlıq gətirilməsi ilə bağlı müraciəti də baxılmamış qaldı. AŞPA Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı ərazilərdə törətdiyi cinayətlər, vandallıq aktları ilə bağlı İkinci Qarabağ müharibəsindən sonra əldə edilmiş faktlarla bağlı da susmaqla kifayətləndi.
Avroparlament Ermənistandan işğaldan azad edilmiş ərazilərdə minalanmış bölgələrin dəqiq xəritəsini Azərbaycana verməsini tələb etmədi. İkinci Qarabağ müharibəsindən sonra Ermənistanda istehsal edilərək qeyri-qanuni formada Azərbaycanın suveren ərazisinə gətirilən minaların dinc insanlar üçün ölüm kabusuna çevrilməsinə göz yumdu.

Ən nəhayət işğaldan azad edilmiş ərazilərdə Ermənistan tərəfindən işğal dövründə basdırılmış minaların yüzlərlə insanın ölümünə və yaralanmasına səbəb olmasını AŞPA görməzlikdən gəlir.

Bir sözlə, AŞPA Ermənistanın vəhşiliyinə və erməni işğalına, ən başlıcası Azərbaycan xalqının faciələrinə hər zaman laqeyd qaldı, müşahidəçi mövqeyindən çıxış etdi. Ən yaxşı halda isə münaqişə tərəflərini danışıqlar masasına dəvət etdi. Yəni, ötən 23 il ərzində AŞPA azərbaycanlıların yaddaşında gərəksiz və fəaliyyətsiz bir təşkilat kimi qaldı.

Bir də o bəlli oldu ki…

AŞPA-nın iclaslarına qatılan bir çox deputatlar ayrı-ayrı qüvvələrin maşasıdır. Həmin deputatlar yalnız öz ağalarından aldıqları sifarişlər əsasında çıxış edirlər. Ordakı deputatların əksəriyyətini heç bir ümümbəşəri və insanlıq dəyərləri maraqlandırmır. Onları maraqlandıran ancaq və ancaq alacaqları “qonorar”lardır.

Qeyd edək ki, AŞPA deputatlarının adı zaman-zaman korrupsiya qalmaqallarında da hallanıb. Sonuncu dəfə 9 dekabr 2022-ci ildə Belçika polisi Avropa Parlamentində fəaliyyət göstərən korrupsiya şəbəkəsinin üzvləri olan bir neçə deputatı həbs etdi.

Saxlanılanlar arasında AP-nin vitse-prezidenti, yunanıstanlı deputat Eva Kailinin olması isə göstərdi ki, avroparlament korrupsiya və rüşvətxorluq yuvasına çevrilib. Bu isə öz növbəsində, rüşvətxorluq və korrupsiyanın Avropa institutlarında artıq sistemli xarakter aldığını göstərir.
Avropa Parlamentinin bir çox üzvləri müxtəlif erməni lobbi təşkilatlarının təsiri altındadırlar. Avropalı bir çox deputatlar ermənilərin pul kisəsindən asılıdır. Hətta AŞPA özü birbaşa erməni fondlarından yardım alır. Bu barədə ifşaedici faktlar da yayımlanıb.

Məsələn, Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzi (ESISC) 2012-ci ilin mart ayında AŞPA-da Ermənistanın xeyrinə və Azərbaycan əleyhinə amansız kampaniya aparan erməni şəbəkəsini ifşa edən məruzə dərc etmişdi. Məruzədə AŞPA-da Soros Fondunun maliyyələşdirdiyi deputatlar, erməni məmurlar və QHT-lərdən ibarət "gizli şəbəkə” barədə ətraflı söhbət açılırdı.

Məlum olmuşdu ki, AŞPA-da gizli şəkildə çalışan erməni şəbəkəsinin əsas fiquru o zaman Avropa Şurasının insan haqları üzrə komissarı və "Soros”un əməkdaşı olan latviyalı Nils Muyjnieksdir. Muyjnieks Soros Fondu ilə birbaşa əlaqəsi olan və həmin fond tərəfindən maliyyələşdirilən Avropa ölkələrinin baş nazirlərini, Ermənistanın rəsmi şəxslərini və QHT-ləri birləşdirən, ermənilərin maraqlarına xidmət edən şəbəkənin əsas fiquru olub:

"Avropa Şurasındakı mövqeyi sayəsində Soros Fondu "Human Rights Watch”, Avropa Stabillik Təşəbbüsü (ESI), "Amnesty International”, İnsan Haqları Evi, hətta "Açıq dialoq” kimi tanınmış QHT-lərdə mühüm rol oynayıb”.

AŞPA-nın əsl mahiyyəti budur. Ola bilsin ki, qurumun rəhbərliyi və üzvləri ermənilərdən yüklü miqdarda “qonorar” alıblar. Ona görə də Azərbaycana qarşı belə absurd addım atıb.

Bəs, AŞPA-nın son addımı Azərbaycan üçün hansısa təhdid yaradırmı?

Əsla! AŞPA-dakı Azərbaycanın nümayəndə heyətinin son bəyanatı da sübut etdi ki, bu cür addımlar ölkəmizi tutduğu yoldan, milli və dövlət maraqları uğrunda mübarizədən yayındıra bilməyəcək. Gec-tez AŞPA-nın elçiləri məcbur qalıb qapımızı döyəcəklər. Bunu zamanında çox görmüşük...

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO