Deputatlarımız sonuncu dəfə nə vaxt teatra GEDİBLƏR? – SORĞU 

Deputatlarımız sonuncu dəfə nə vaxt teatra GEDİBLƏR? – SORĞU 

Hazırda oxunan: Deputatlarımız sonuncu dəfə nə vaxt teatra GEDİBLƏR? – SORĞU 

174876

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci ildə teatra gedənlərin sayı pandemiyadan öncə teatra gedənlərin sayına çatmayıb. 2023-cü illə bağlı isə hələlik statistika açıqlanmayıb. Rəqəmlərin əvvəlki illərə nəzərən artıb azaldığı haqda dəqiq məlumat olmasa da, tamaşalara onlayn bilet alarkən bilet satışına əsasən teatra marağın artdığını deyə bilərik.

Ölkədə teatra təkcə mədəniyyət adamlarının deyil, ictimai-siyasi xadimlərin də getməsi maraq doğurur. Tarixi sənədlərdə tamaşaların hətta hansı siyasətçilər tərəfindən izlənməsi qeydi də yer alıb. 
 

MÖVZU İLƏ BAĞLI:

İrəvan Dövlət Dram Teatrının təmiri 5 ildir niyə YEKUNLAŞMIR? – Rəsmi AÇIQLAMA 


Maraqlıdır, Milli Məclisin üzvləri sonuncu dəfə nə vaxt teatrda olublar və hansı tamaşanı izləyiblər?

Bizim.Media bu suallarla deputatlara müraciət edib.

Deputat Fazil Mustafa ötən ay iki tamaşa izlədiyini deyib:

“Sonuncu dəfə ötən ay teatra getmişəm. İki tamaşa, “Şükriyyə” (red. Cavid Zeynallının eyniadlı pyesi əsasında hazırlanıb, Ə.Cavadın həyat yoldaşı Şükriyyənin Axundzadənin sürgün həyatından bəhs edir)  və “Leyli və Məcnun” tamaşasına baxmışam. Bunlardan biri Akademik Milli Dram Teatrda, digəri isə Akademik Musiqili Teatrda nümayiş olunurdu. Hər ikisi də çox xoşuma gəlib, gözəl tamaşalardır”.

Milli Məclisin üzvü Aydın Mirzəzadə isə iki ilə yaxındır teatra getmədiyini bildirib:

“Teatrı çox sevirəm, təəssüf ki, işin çoxluğundan teatr tamaşalarına gedə bilmirəm. Sonuncu dəfə, səhv etmirəmsə, il yarım və ya iki il bundan öncə Akademik Milli Dram Teatrında görkəmli yazıçımız Elçin Əfəndiyevin “Cəhənnəm sakinləri” tamaşasına baxmışam. Bu sualdan sonra özümdə məsuliyyət hiss etdim və çalışacam ki, vaxt tapdıqca digər teatrlar da olmaqla tamaşalara gedim”.

Millət vəkili Zahid Oruc da tamaşa izləyən depuatatlar arasındadır:

“Bilavasitə teatr binasında olmasa da, İnklüziv Mərkəzdə fiziki (red. “Əsa” teatrı) məhdudiyyəti olan şəxslərin ifasında hazırlanan bir tamaşanı izləmişəm. Onlar klassik əsərlərdən biri əsasında tamaşa hazırlamışdılar”.

Sorğumuzda iştirak edən deputat Kamilə Əliyeva əvvəllər daha çox tamaşalar izlədiyini vurğulayıb:

“Sonuncu dəfə 3-4 ay bundan öncə Akademik Milli Dram Teatrında Mehriban Ələkbərzadənin bir tamaşasına getmişəm. Tamaşanın adı dəqiq yadımda qalmayıb. Əvvəllər belə bir ənənə vardı, teatra axın vardı, tamaşaları çox sevirdim. İlyas Əfəndiyevin elə bir əsəri olmayıb ki, ona baxmayım. Bütün tamaşaları izləmişəm. İndi ictimai fəaliyyətlə bağlı ardıcıllıq, daimilik yoxdur. Arada, vaxt olanda gedirəm. Əvvəllər Gənc Tamaşaçılar Teatrına, Akademik Musiqili Teatra da getmişəm, ən çox getdiyim isə Akademik Milli Dram Teatrı olub. Ondan əvvəl də Hüseynbala Mirələmovun tamaşasında iştirak etmişəm”.

Milli Məclisin üzvü Rüfət Quliyev isə teatra o qədər də maraq göstərmədiyini deyib:

“Mən sonuncu dəfə, bir il öncə Sankt-Peterburqda teatra getmişəm. O da təsadüfən olub. Daha çox kinolara baxmağı xoşlayıram. İnternetdə ingilisdilli, rusdilli, türk və azərbaycandilli mənbələrdə siyasi və iqtisadi analitikaya baxıram. Mənimki daha çox ya elmdir, ya kinodur, ya da analitikadır. Yəni siyasətçi və iqtisadçı kimi daha çox bununla maraqlanıram. Əfsuslar olsun ki, teatrla bir o qədər maraqlanmıram”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO