“Naxçıvan” Universitetinin daha iki tələbəsi ADA Universiteti ilə mübadilə proqramına cəlb olundu – FOTO 

“Naxçıvan” Universitetinin daha iki tələbəsi ADA Universiteti ilə mübadilə proqramına cəlb olundu – FOTO 

Hazırda oxunan: “Naxçıvan” Universitetinin daha iki tələbəsi ADA Universiteti ilə mübadilə proqramına cəlb olundu – FOTO 

174733

ADA Universiteti ilə “Naxçıvan” Universiteti arasında 2 sentyabr 2023-cü ildə imzalanan müqavilə çərçivəsində tələbə mübadiləsi davam edir. 

Bizim.Media xəbər verir ki, Əməkdaşlıq çərçivəsində “Naxçıvan” Universitetinin “Biznesin idarə edilməsi” ixtisası üzrə II kurs tələbəsi Elçin Məmmədli və “İnformasiya texnologiyaları” ixtisası üzrə III kurs tələbəsi Hafizə Muradova 2023-2024-cü tədris ilinin ikinci yarımilindən etibarən ADA Universitetində mübadilə proqramına cəlb olunublar.

Bununla əlaqədar olaraq “Naxçıvan” Universitetinin rektoru, dos. Anar Kazımov və Tədris şöbəsinin müdiri f.ü.f.d. Anar Abuzərlinin rəhbərliyi ilə nümayəndə heyəti ADA Universitetini ziyarət edib. 


Nümayəndə heyəti ADA Universitetinin icraçı prorektoru Fariz İsmayılzadə ilə görüşüb. Fariz İsmayılzadə əməkdaşlığa dair bağlanan müqavilənin hər iki ali təhsil müəssisəsi arasında əlaqələrin möhkəmlənməsinə əlverişli şərait yaradacağını vurğulayıb. 

Fariz İsmayılzadə qeyd edib ki, birgə əməkdaşlıq elmi layihələrin həyata keçirilməsinə də təkan verəcək: 

“ADA ilk dəfədir ki, yerli bir universitetlə belə müqavilə imzalayır. Bu nümunəvi addımdır və daxildə tələbə-təcrübə mübadiləsinə müsbət təsir göstərəcək. Həmçinin regionlardakı universitetlərin inkişafına öz töhfəsini verəcək. Məhz bu məqsədlə “Naxçıvan” Universitetinin seçilməsi də ADA Universitetinin muxtar respublikada təhsilin inkişafına verdiyi dəstəyin təzahürüdür”.

“Naxçıvan” Universitetinin tələbələri - Elçin Məmmədli və Hafizə Muradova ADA Universitetinin bütün resursları ilə (o cümlədən, yaşayış yeri, kitabxana, tədris mərkəzləri və s.) təmin ediliblər.


Qeyd edək ki, ADA Universiteti ilə mövcud əməkdaşlıq müqaviləsi çərçivəsində artıq “Naxçıvan” Universitetinin “Kompüter mühəndisliyi” ixtisası üzrə III kurs tələbəsi Oğuz Məmmədov 2023-2024-cü tədris ilinin birinci yarımilində sözügedən universitetdə mübadilə proqramına cəlb olunub və proqramı uğurla başa vurub.

Bu münasibətlə “Naxçıvan” Universitetin rektoru, dos. Anar Kazımov Oğuz Məmmədovla görüşüb. Rektor mübadilə proqramını uğurla başa vuran tələbəni təbrik edərək ona müvəffəqiyyətlər arzulayıb.

Mübadilə proqramından yararlanan tələbə Oğuz Məmmədov ADA Universiteti ilə bağlı öz təəssüratlarını bölüşüb: 

“İlk növbədə bunu qeyd etmək istəyirəm ki, ölkədə beynəlxalq təhsil mühitinə uyğunlaşdırılmış bu universitet bütün dərsləri ingilis dilində tədris edir və sizə bir çox beynəlxalq təcrübəsi olan xarici professorlardan dərs almaq şansı verir. Beləliklə, siz ADA-da təhsil almaqla xarici təhsil mühitini görə bilirsiniz. 


Bütün bunlara görə də ADA Universitetində təhsil mənim üçün böyük təcrübədir. Dərslər demək olar ki, praktiki biliklər üzərindən qurulub və keyslərdən istifadə olunur. Burada “Mikroprosessor sistem” dərsi daha çox marağıma səbəb olub. 

Ümumiyyətlə isə deyə bilərəm ki, ADA Universitetinin mübadilə proqramı ilə bağlı tələbələr üçün yaratdığı şans mükəmməldir. Bu mübadilə proqramının məzun olduqdan sonra gələcək karyeramda önəmli rol oynayacağından əminəm. Bizə bu şansı verdiyi üçün “Naxçıvan” Universitetinin rəhbərliyinə tələbələr adından öz minnətdarlığımı bildirirəm”.
Xatırladaq ki, ADA Universiteti ilə “Naxçıvan”  Universiteti arasında əməkdaşlığa dair müqavilə 2 sentyabr 2023-cü il tarixində imzalanıb. 






Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO