BİZİM TƏQVİM: 22 yanvarda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM: 22 yanvarda baş vermiş tarixi hadisələr

Hazırda oxunan: BİZİM TƏQVİM: 22 yanvarda baş vermiş tarixi hadisələr

174489

1990-cı ilin bu günü Bakıda qanlı Yanvar faciəsi qurbanlarının – şəhidlərin dəfn mərasimi keçirilib. Fövqəladə vəziyyət rejiminə baxmayaraq milyondan çox adam azadlıq şəhidlərini son mənzilə yola salıb.

Bəs, 22 yanvarda daha hansı mühüm hadisələr baş verib?

1. 1517-ci ilin 22 yanvarından Qahirənin şimalındakı Ridaniyə ərazisində Osmanlı qoşunları ilə  Misir və Suriyanı idarə edən Məmlük dövləti arasında ən şiddətli döyüşlərdən biri baş verdi. Osmanlı hökmdarı I Sultan Səlim Yavuz Misir sultanı Tumanbayın qoşunlarını darmadağın etdi.  Döyüşü uduzan Məmlük sultanı ölkəsinin içərisinə çəkilərək müqaviməti davam etdirsə də, 4 fevralda Sultan Səlim paytaxt Qahirəyə girdi. Bu zəfərlə Məmlük dövləti yıxıldı, Misir Osmanlı imperatorluğunun tərkibinə daxil edildi, Xəlifəlik mövqeyi də osmanlılara keçdi.

2. 22 yanvar 1863-cü ildə Polşada “Yanvar qiyamı" ilə milli azadlıq hərəkatı başlayıb.

3. 1905-ci ilin 22 yanvarında Rusiyada tarixə "Qanlı bazar" adı ilə düşmüş inqilab baş verib.

4. 22 yanvar 1932-ci ildə türk dilində ilk dəfə “Qurani Kərim” İstanbul məscidlərinin birində uca səslə oxunub.

5. 1970-ci ildə Boing 747 təyyarəsi ilk dəfə havaya qalxıb. Kompüter texnologiyasında inqilab sayılan fərdi kompüter "Apple Macintosh" 1984-cü ilin 22 yanvar tarixində reklam kampaniyası vasitəsilə ictimaiyyətə tanıdıldı. 1 dəqiqəlik reklam filmi televiziyada təkcə 1 dəfə göstərildi, amma o qədər izlənmə rekordu qırdı ki, bu günə qədər yenilənə bilmədi. 24 yanvarda satışa təqdim edilən "Apple Macintosh" kompüterlərini istifadəçilərə sevdirən sadə forması və əllə rahat idarə edilə bilən “mouse”un olması idi.

6. Azərbaycanın üçüncü prezidenti Heydər Əliyev 1998-ci ilin 22 yanvarında ölkədə “Ölüm hökmünün ləğv olunması haqqında” təşəbbüs irəli sürdü və bununla əlqədar Milli Məclisə müraciət etdi.  

22 yanvarda həm də bu tarixi şəxsiyyətlər xatırlanır:

1. 1666-cı ilin bu günü Hindistan imperatoru Şah Cahan 74 yaşında Aqrada dünyasını dəyişib. O, həyat yoldaşı Mümtaz xanım üçün ucaltdığı və dünyanın ən möhtəşəm arxitektura nümunələrindən olan Tac Mahal məqbərəsində xanımının yanında dəfn edilib.

2. Azərbaycanın görkəmli rəssamlarından olan Bəhruz Kəngərli 1892-ci ilin 22 yanvarında anadan olub.  Azərbaycanda realist dəzgah boyakarlığının təşəkkülü, portret və mənzərənin müstəqil janr kimi formalaşması onun adı ilə bağlıdır. Bəhruz Kəngərli yaradıcılığının ilk dövründə karikatura və satirik rəsmlər, memarlıq abidələri, mənzərə və məişət səhnələrini əks etdirən əsərlər yaradıb. (1892-1922)

3. Nəzəriyyəçi fiziklər məktəbinin banisi, dünyaşöhrətli alim, Nobel mükafatı alan bakılı alim Lev Landau 1908-ci ilin bu günü Bakıda neft mühəndisi ailəsində dünyaya gəlib, orta təhsilini də Azərbaycanın paytaxtında alıb.  Hələ 14 yaşında ikən Bakı Dövlət Universitetinin eyni zamanda 2 – həm fizika, həm kimya fakültələrinə qəbul olunan, sonra təhsilini Leninqradda (Sankt-Peterburq) davam etdirən  L.Landau universiteti bitirdikdən sonra Danimarka, İngiltərə və İsveçrəyə ezam olunub, 1953-cü ildə “Yüksək enerjili hissəciklərin yaranma nəzəriyyəsi” əsərini yazıb. Amerika, Danimarka, Böyük Britaniya, Fransa və Hollandiya akademiyalarının həqiqi üzvü olan alimin adı 1972-ci ildə kəşf olunan asteroid və Aydakı kraterlərdən birinə verilib.   Bakıda Lev Landaunun yaşadığı evin qarşısına xatirə lövhəsi vurulub və şəhərin küçələrindən biri onun adını daşıyır. (1908-1968)

4. SSRİ tank qoşunları qvardiya general mayoru, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov 1910-cu il 22 yanvarda anadan olub. İkinci Dünya Müharibəsinin ilk illərindən döyüşlərdə iştirak edən H.Aslanov 1941-ci ildə Moskva ətrafındakı hərbi əməliyyatlarda göstərdiyi təşkilatçılıq bacarığı və şəxsi igidliyinə görə polkovnik rütbəsi alıb. 1942-ci ildə isə Stalininqrad (Volqoqrad) döyüşündə yüksək komandirlik məharəti ilə daha böyük şöhrət qazanıb. Onun 55-ci əlahiddə tank alayı feldmarşal Manşteynin tank ordusunun darmadağın edilməsində xüsusi hünər göstərib. Bu döyüşdəki rəşadətinə görə Həzi Aslanova Sovet İttifaqı Qəhrəmanı adı verilib.Sonralar onun alayı Rostov, Taqanroq şəhərlərinin azad olunması və Kursk vuruşmasında fəal iştirak edib. İkinci dəfə Sovet ittifaqı Qəhrəmanı adına təqdim edilən Həzi Aslanov 1945-ci il yanvarın 24-də Yelqava şəhəri uğrunda döyüşdə qəhrəmancasına həlak olduqdan sonra erməni general Baqramyanın cəhdi ilə bu məsələ kənarda qalıb. 1991-ci ildə azərbaycanlı tədqiqatçıların səyləri nəticəsində Həzi Aslanova ölümündən sonra ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adı verilib (1910-1945).

5. Azərbaycan Milli Qəhrəmanı Fəxrəddin Şahbazov 1950-ci ilin bu günü dünyaya gəlib. 1973-cü ilin dekabrından Azərbaycan Dövlət Teleradio Şirkətində operator olaraq işə başlayan Fəxrəddin çalışdığı müddətdə məhsuldar fəaliyyəti ilə fərqlənib, 1988-ci ildən qaynar nöqtələrdə çəkilişlər edib. 1991-ci il noyabrın 20-də Qarakənd yaxınlığında erməni quldurlarının atəşə tutduğu vertolyotda həlak olan Azərbaycan ziyalıları və qəhrəman oğulları arasında Fəxrədddin Şahbazov da var idi. (1950-1991)

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO