Bu gün 20 Yanvar faciəsindən 34 il keçir. Hər kəs hadisə qurbanlarını ziyarət etmək üçün Şəhidlər xiyabanına axın edir.
Şəhidlər xiyabanının, 20 Yanvar hadisələrinin rəmzinə çevrilən “Əbədi Məşəl” abidə kompleksi 20 Yanvar şəhidlərinin bir növ rəmzinə çevrilib.
Bəs görəsən daim yanan alovları ilə xalqımızın haqq-ədalət uğrunda mübarizəsinin əbədiliyini göstərən, möhtəşəm memarlıq abidəsi olan “Əbədi məşəl” hansı zərurətdən yaranıb?
Bizim.Media xəbər verir ki, moderator.az-ın qonağı olan Azərbaycan Memarlar İttifaqının sədri Elbay Qasımzadə o illəri belə xatırlayır:
“1990-cı il hadisələri bizim tariximizə, qan yaddaşımıza çox təəssüf ki, qara hərflərlə yazıldı. 20 yanvar faciəsindən 4 il sonra Dağüstü parkda abidənin qurulması ilə bağlı müsabiqə elan edildi. Amma müsabiqə heç bir nəticə vermədi. Sonradan da bu məsələ yaddan çıxdı. 1998-ci ilin aprel ayında Heydər Əliyevlə Şəhidlər Xiyabanında görüşdük. Ömər Eldarov və digər heykəltəraşlar da orada idi. Heydər Əliyev hamımızla görüşüb, danışdı. Bizə dedi ki, “ üstündən uzun illər keçib, utanmırsınız indiyə qədər burada bir abidə yoxdur?!”.
Əslində Ömər Eldarov və bir neçə heykəltəraşla biz 20 yanvar hadisələrinin səhəri günü bu mövzu ətrafında işləyirdik, sadəcə müsabiqədə iştirak etməmişdik. Sonradan da gördük ki, bu məsələyə münasibət soyuyub, ona görə işimizi dayandırdıq. Heydər Əliyev elə həmin görüşdə tapşırıq verdi ki, qısa bir vaxtda burada abidə ucaldılmalıdır. 40 dəqiqə söhbət etdi. Özü də dedi ki, bu “Əbədi məşəl” türbəsindən bir çox ölkələrdə var” deyə Elbay Qasımzadə bildirib.
Elbay Qasımzadə bildirib ki, onların hazırladığı layihədən öncə Ulu öndərə bir neçə layihə təqdim edilsə də, bəyənilməyib.
“Hazırlanmış layihələr yalnız faciəni əks etdirdiyi üçün Prezident Heydər Əliyevi qane etmirdi. O daha bir neçə layihənin hazırlanmasını tapşırıb. Tapşırıq ondan ibarət idi ki, yaradılacaq abidə faciəni də, xalqın qəhrəmanlığını da, təcavüzü də əks etdirməlidir. Həmin tapşırıqdan 2 saat sonra bizim hazırlayacağımız abidənin eskizi hazır idi. Keçirilən müsabiqədə mənim rəhbərlik etdiyim layihə seçilir. Mən, Akif Abdullayev və Nazim Vəliyev Ulu öndərin ideyası əsasında hazırlanan layihəni 9 gün ərzində bitirərək Heydər Əliyevə təqdim etdim.
Həmin layihədə abidənin günbəzi daşdan yox, şüşədən idi. “Əbədi Məşəl”-in tikintisi 45 günə başa çatdırıldı və 9 oktyabr 1998-ci ildə abidənin açılışı baş tutdu. “Əbədi məşəl” türbəsi Heydər Əliyevin tapşırığı ilə yaradıldı və o gündən etibarən hər kəsin and yerinə çevrildi. Məşəlin ilk alovunu da Heydər Əliyev özü yandırdı. 8 il Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında çalışmışam. Onun məsləhətlərini hər zaman dinləyib, əməl etmişəm.
2007-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə Şəhidlər xiyabanında yenidənqurma işləri aparılarkən “Əbədi məşəl” abidəsinin sütunlarının hündürlüyü daha da artırıldı, abidədəki səkkizguşəli ulduz qızılla işləndi. “Əbədi Məşəl” abidəsi qəhrəmanlıq və rəşadəti özündə əbədiləşdirən abidədir. Orada yanan məşəl isə şəhidlərin alışıb yanan azadlıq eşqini özündə təcəssüm etdirir. Şükürlər olsun ki, bu gün müstəqil Azərbaycanda yaşayırıq” - deyə Elbay Qasımzadə bildirib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:54 / 20.01.2024
Şəhidlər xiyabanındakı "Əbədi Məşəl"-in MÜƏLLİFİ – “Heydər Əliyev qısa vaxtda abidə ucaldılmasını tapşırıq verdi”
Hazırda oxunan: Şəhidlər xiyabanındakı "Əbədi Məşəl"-in MÜƏLLİFİ – “Heydər Əliyev qısa vaxtda abidə ucaldılmasını tapşırıq verdi”
Hazırda oxunan: Şəhidlər xiyabanındakı "Əbədi Məşəl"-in MÜƏLLİFİ – “Heydər Əliyev qısa vaxtda abidə ucaldılmasını tapşırıq verdi”
174276
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.