Xəbər verildiyi kimi, Azərbaycanda əmək kitabçası elektronlaşdırılacaq. Bu informasiyanın verilməsindən 2 aya yaxın bir vaxt keçir.
İndi hər kəsə maraqlıdır ki, əmək kitabçasının elektronlaşdırılması prosesi necə aparılır? Və prosesə başlanılıbmı?
Bizim.Media-nın sorğusuna cavab olaraq Dövlət Məşğulluq Agentliyindən bildirilib ki, hazırda vahid əmək münasibətləri platforması test rejimində fəaliyyətdədir.
MÖVZU İLƏ BAĞLI:
Əmək kitabçaları dövriyyədən çıxarılacaq
Yaxın zamanda isə Əmək münasibətləri və məşğulluq alstsistemi (ƏMAS) real vaxt rejimində fəaliyyətə başlayacaq.
Rəqəmsal məşğulluğun təşkili istiqamətində ƏMAS ilk mühüm addım kimi xüsusi önəm kəsb edir. Ölkə üzrə bütün işəgötürənlər üçün funksional bir “ERP” formatında olacaq. ƏMAS bütün əmək münasibətlərini, məşğulluq, əmək və məşğulluğa nəzarət, hesabatlılıq və təhlil funksional istiqamətlərini özündə birləşdirəcək.
ƏMAS bütün işəgötürənlər və işə qəbul olanlar, mərkəzi və yerli icra hakimiyyəti orqanları, eləcə də digər dövlət qurumları üçün vahid əmək münasibətləri platforması rolunda çıxış edəcək.
Əmək müqaviləsinin e-formada bağlanması, rəqəmsal kadr-uçot sisteminin yaradılması, əməyin təşkili və mühafizəsində beynəlxalq standartların tətbiqi, əməyin ödənilməsində qanunvericiliyin tələblərinin gözlənilməsi, bu sahədə dövlət siyasətinin həyata keçirilməsinin dəstəklənməsində ƏMAS önəmli rol oynayacaq.
Altsistemin tərkibində risk əsaslı yoxlama, elektron audit və elektron cərimə modulları da yaradılacaq.
İstehsalatda baş verən bədbəxt hadisələrin reyestri formalaşdırılacaq və s. Vakansiya bankının daha təkmil formalaşdırılması və xüsusi alqoritmlərlə işəgötürən üçün işçi, işçi üçün isə işəgötürən seçimi təşkil ediləcək. Bir sözlə: ƏMAS işəgötürənlər (xüsusilə də kiçik və orta sahibkarlar) üçün əmək münasibətlərinin daha rahat şəkildə tənzimlənməsində mühüm rol oynayacaq.
Qurumun məlumatında vurğulanıb ki, ƏMAS-ın istifadəyə verilməsi ilə əmək müqavilələrinin kağız forması, əmək kitabçaları tələbi, sosial sığorta kartları, işçilərin şəxsi iş anlayışı ləğvi, kağız üzərində əmrləşmələrin, kağız üzərində ezamiyyələrin və ştat cədvəllərinin, fiziki həyata keçirilən yoxlamaları ləğv olunacaq.
İqtisadçı ekspert Natiq Cəfərli söyləyir ki, hər bir insanın özünün elektron kabineti olacaq.
İstənilən anda elektron kabinetinə girib əməkhaqqı barəsində arayışı əldə edəcək.
Həmsöhbətimiz deyir ki, texniki məsələlərlə bağlı problemlər həllini tapsa, bu təşəbbüs pozitiv bir addımdır:
“Vətəndaş bankdan kredit götürən zaman ayrıca bir təqdimata ehtiyac qalmayacaq. Bank əməkdaşı ümumi dövlət portalından əmək haqqının həcmi, əmək müqaviləsilə bağlı məlumatlar asan şəkildə əldə edəcək”.
"O, əlavə edir ki, əmək stajının kağız üzərindən elektron hesaba yüklənməsinin məsuliyyətini işə götürən özü daşıyır. İşəgötürən ümumi bazaya operativ məlumat verməli və əmək müqavilələrini qeydiyyatdan keçirməlidir".
"Vətəndaş üçün daha rahat variant isə “Asan imza”nı əldə etməsidir. Bu olanda daha rahat çəkildə elektron hesaba çıxış əldə edəcək. İstənilən halda öz hesabına daxil olub əmək stajını izləyə biləcək. İlk dəfə işə götürülən vətəndaşın əmək stajı yeni qayda ilə icra olunmalıdır”.
Gülşanə Mustafayeva, Bizim.Media