Kirayə mənzillərlə bağlı YENİ FIRILDAQ – Aldanmamaq üçün diqqət edilməli MƏQAMLAR

Kirayə mənzillərlə bağlı YENİ FIRILDAQ – Aldanmamaq üçün diqqət edilməli MƏQAMLAR

Hazırda oxunan: Kirayə mənzillərlə bağlı YENİ FIRILDAQ – Aldanmamaq üçün diqqət edilməli MƏQAMLAR

173650

Kirayə bazarı ilə bağlı cəmiyyətdə xeyli narazılıq var. Yaşamaq üçün kirayə mənzil axtaranlar uyğun qiymətə kirayə mənzil tapmamaqla yanaşı, bəzi əmlakçıların müxtəlif fırıldaqları ilə qarşılaşırlar.

Belə ki, müxtəlif əşyaların satışı və kirayəsini onlayn platformalar vasitəsilə həyata keçirən vətəndaşlar mənzillərin də alışı və kirayəsi zamanı bu üsuldan istifadə edirlər.
 

MÖVZU İLƏ BAĞLI:

2024-cü ildə kirayə mənzillər BAHALAŞACAQ? 


Bunun üçün ölkədə xeyli sayda elan saytları fəaliyyət göstərir. Vətəndaşın onlayn platformalar vasitəsilə yaşamaq istədiyi mənzilin ünvanını, sahəsini seçərək büdcəsinə uyğun mənzil seçmək imkanı var. 

Lakin burada müxtəlif problemlər ortaya çıxır. 

Sözügedən saytlarda kirayə verilən bütün mənzillərin real fotoları əks olunmur, həmçinin vətəndaşdan kirayə mənzilin pulu ya öncədən alınır, ya da müəyyən məbləğdə beh tələb olunur. 

Bu günlərdə elan saytlarında ev axtaran, əmlakçının oxşar dələduzluğu ilə qarşılaşan Fəxri Əskərli başına gələnləri Bizim.Media-ya danışıb. 

Onun sözlərinə görə, elan saytında seçdiyi mənzili yerləşdirən elan sahibi ilə əlaqə saxlayıb və mənzili kirayələmək istədiyini deyib. Elan sahibi isə mənzili başqa birinin də kirayələmək istədiyini və onunla behləşəcəyini bildirib:

“Fikri aldatmaq olan adamlar evi elə qiymətə qoyurlar ki, kirayə mənzil axtaran adam üçün bu, tapıntı olur. Məsələn, min manat civarında olan mənzili əmlakçı bazar qiymətindən çox aşağı, 500 manat ucuza yox, 200-300 manat ucuza təqdim edir. Həm də mənzilin ünvanını tam olaraq hansısa metrostansiyasına yaxın seçmir ki, inandırıcı olsun”.

Şikayətçi Fəxri Əskərli həmin şəxsin təqdim etdiyi karta 50 AZN beh ödədiyini və kartın da danışdığı şəxsin yox, başqa şəxsin adına olduğunu qeyd edib. Bir neçə gün sonra aldadıldığını başa düşən F.Əskərli Daxili İşlər Nazirliyinə şikayət ünvanlayıb. 

O, qeydiyyatda olduğu rayon üzrə polis şöbəsindən geridönüş edildiyini və ondan şöbəyə gələrək ərizə təqdim etməsinin istənildiyini bildirib. Lakin evində oturduğu zaman 50 AZN dəyərində maddi ziyan görən vətəndaş ərizənin də onlayn formada təqdim edilməsinin tərəfdarıdır.

Xüsusən tələbələr qurbana çevrilir

Mövzu ilə bağlı Bizim.Media-ya danışan əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib ki, bu hallar tez-tez təkrarlanır:

“Bu, hər il rastlaşdığımız hadisədir, xüsusilə, avqust-sentyabr aylarında kirayə mənzil axtaran tələbələrə qarşı daha çox edilən fırıldaqçılıqdır. Həmin tələbələrin böyük hissəsi bölgələrdə yaşayırlar, avqust -sentyabr aylarında kirayə mənzillərə tələbat çoxaldığından çalışırlar ki, daha ucuz, daha yaxşı evlər götürə bilsinlər. Həmin ərəfədə mənzil kirayə etmək istəyən tələbələr, onların valideynləri bölgələrdən elan saytlarında və ya sosial şəbəkələrdə paylaşılan mənzillərə görə ya beh göndərirlər, ya da aylıq kirayə pulunu tam şəkildə ödəyirlər. 

Bu cür fırıldaqçılığın qurbanı olan insanlarımız çoxdur. Bunun da qarşısını alınması digər məsələlərə baxdıqda daha çətindir. Yəni elan saytlarında elan yerləşdirmək sərbəstdir, həmin şəxsin mobil nömrəsi, e-mail adresi və digər məlumatlar yerləşdirilir. Amma həmin şəxslər əksər hallarda elanı digər insanların adına yerləşdirirlər ki, daha sonra fırıldaqçının özünün tapmaqda müəyyən çətinlik yaranır”.

Ekspert mənzil kirayələmək istəyən şəxslərə mənzilə baxış keçirmədən beh verməməyi tövsiyə edir:

“Ev kirayəyə götürərkən mənzilə baxış keçirib, mənzil sahibi ilə danışıqlar aparmalıdırlar. Çünki bəzi mənzil sahibləri mənzili məhz ailəyə, tələbəyə və ya tək insana verir. Yəni seçim sahibi evin yiyəsidir. Qiymət, beh məsələsini özü və ya onun etibarnamə verdiyi səlahiyyətli şəxslə danışmaq lazımdır. Əks halda bu cür hallar qarşısıalınmaz olaraq qalacaq. Kirayə mənzillərə daim tələbat artdığı üçün bu halların gələcəkdə çoxalması mümkündür”.

Kirayə müqaviləsi niyə vacibdir?

Kirayə mənzil bazarında mövcud olan digər problemlərə toxunan Elnur Fərzəliyev hər iki tərəf arasında müqavilə bağlanmasının vacibliyini vurğulayıb:

“Bəzən olur ki, şəxslər mənzilləri kirayə götürürlər, bir müddətdən sonra ev yiyəsi ya evin qiymətini artırır, yaxud da kirayənişini evdən çıxarır. Bəzən isə kirayə qalanlar evin təmirini bərbad hala salaraq ev sahibinə müəyyən zərər vururlar. O baxımdan kirayə verilərkən müqavilələr rəsmi formada notarial qaydada bağlanmalıdır. 

Bu müqavilədə kirayə verən və kirayə götürənin bütün öhdəlikləri qeyd olunur və hər iki tərəf gələcəkdə neqativ hallar baş verərkən hər kəsin öhdəliyi olduğu üçün bu məsələnin məhkəmə mübahisəsinə qədər gedib çıxa biləcəyinə imza atırlar. 
Bir məsələ isə sığorta ilə bağlıdır. Mənzili kirayə götürənlər birinci sığorta tələb etməlidirlər. Daha çox sığorta hadisəsi kirayə mənzillərdə baş verir və tərəflər arasında münaqişə yaranır. Sığorta olduqda dəymiş zərər şəxslər tərəfindən deyil sığorta şirkəti tərəfindən qarşılanır”.

Günay Şahmar, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO