Xəbər verdiyimiz kimi ötən gün Binəqədi rayonu ərazisində yerləşən mebel sexində güclü partlayış olub. Partlayış nəticəsində 7 nəfər həyatını itirib, 20-dən artıq işçi isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Bəs, ölən və yaralanan işçilərə görə nə qədər sığorta kompensasiyası ödəniləcək?
Suala sığorta üzrə ekspert İlkin İbrahimli aydınlıq gətirdi. O, Bizim.Media-ya açıqlamasında bildirib ki, partlayış baş vermiş mebel sexində qanunla bir neçə sığorta məhsulu olmalı idi:
MÖVZU İLƏ BAĞLI:
Bakıda mebel sexində PARTLAYIŞ: Əraziyə 15 təcili yardım briqadası CƏLB OLUNDU - FOTO/VİDEO
“Əgər partlayış baş verən ərazi sahibkarlıq subyektidirsə, onda Fövqəladə Hallar Nazirliyi icbari sığortayla bağlı müvafiq araşdırma aparmalıdır. İlk növbədə yanğın təhlükəsizliyi ilə bağlı akt olmalıdır. Bunlar varsa, onda əmlak üçün daşınmaz əmlakın icbari sığortası müəyyən olunur.
Daha sonra daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası gündəmə gəlir. Bunun hesabına yanğın zamanı üçüncü şəxsə - ölən və yaralananlara kompensasiya ödənişi həyata keçirilir.
Burda üçüncü sığorta məhsulu anlayışı da var. Bu könüllü sığorta məhsuludur. Yəni, daşınar əmlakın könüllü sığortası.
Bu sığorta məhsulu üzrə vəsait yanmış və zay olmuş mal-materiallara görə ödənilir. Amma hələlik bilmirik ki, adı çəkilən mebel sexində hansı sığorta növləri mövcuddur. Bildiyimiz odur ki, bütün hallarda iki sığorta növü məcburidir. Bunlar yuxarıda dediyimiz icbari sığortalardır.
Orada həyat sığortası da ola bilər. Bu da o deməkdir ki, əgər sahibkar hansı işçiləri rəsmi qeydiyyata salıbsa, onlara həyat sığortası verilməlidir. Çox təəssüf ki, sahibkarlar işçilərin çoxunu rəsmi işə götürmür. Bu zamansa ölən və yaralanan işçilərin həyat sığortası məsələsi açıq qalır”.
“Ən azı 5 min manat...”
İlkin İbarihimli onu da bildirib ki, qanunvericiliyə görə belə hallarda ölən şəxslərə 5 min, az ağır və ağır xəsarətalmaya görə 1500, yüngül xəsarətalmaya görə 750 manat sığorta ödənişi edilir:
“Əgər ağır xəsarətalmaya görə işçi əlillik dərəcəsi alarsa, onda əlavə 1500 manat sığorta ödənişi verilir. Nəzərə alaq ki, həyat sığortası olan şəxslər belə halda daha böyük məbləğdə sığorta kompensasiyası ala bilir”.
Surxay Atakişiyev, Bizim.Media