Dünyanın diqqəti Bakıya YÖNƏLİR – COP29-un ölkəmizə qazandıracağı DİVİDENDLƏR

Dünyanın diqqəti Bakıya YÖNƏLİR – COP29-un ölkəmizə qazandıracağı DİVİDENDLƏR

Hazırda oxunan: Dünyanın diqqəti Bakıya YÖNƏLİR – COP29-un ölkəmizə qazandıracağı DİVİDENDLƏR

173457

Bu ilin payızında Azərbaycan çox mötəbər bir tədbirə ev sahibliyi edəcək. Söhbət COP29-dan gedir. Bu mötəbər tədbir noyabrın 11-dən 24-dək Bakıda keçiriləcək. Tədbirə dünyanın 5 qitəsindən 80 minə yaxın insanın qatılacağı gözlənilir.

Bəs, COP29 görüşü nə deməkdir?

COP iqlim fəaliyyətini sürətləndirmək və Paris Sazişinin məqsədlərinə nail olmaq üçün hər il dünyanın aparıcı ölkələrində keçirilən tarixi bir görüşdür. BMT-nin təşəbbüsü ilə baş tutan İqlim Dəyişikliyi Konfransı və ya COP29-a bir sıra aparıcı ölkələrin dövlət və hökümət başçıları, BMT-nin sədrləri, bütün beynəlxalq təşkilatların və QHT-lərin nümayəndələrinin qatılacağı gözlənilir.
 

MÖVZU İLƏ BAĞLI:

“X” sosial şəbəkəsində COP29-un rəsmi hesabı açıldı


Bu görüş çərçivəsində siyasi liderlərin polemikası baş tutacaq, beynəlxalq ekspertlərin məruzələri dinləniləcək və QHT-lərin hesabatlarına baxılacaq. Bir sözlə 13 gün ərzində dünyanın nəbzi Azərbaycanla vuracaq.

Qeyd edək ki, Dubayda keçirilən COP28-ə Böyük Britaniya Kralı III Çarlz və çox sayda dünya liderləri, siyasətçilər qatılıb. Onlar arasında BMT-nin Baş Katibi Antonio Quterres, ABŞ Prezidentinin İqlim üzrə Xüsusi Elçisi, Jon Kerri, Hindistanın Baş Naziri Narendra Modi, Fransa Prezidenti Emmanuel Makron olub. 

Tədbirə həmçinin ABŞ vitse-prezidenti Kamala Harris, Bill və Melinda Qeyts Fondunun həmsədri Bill Geyts, Avropa Komissiyasının sədri Ursula fon der Leyen, Almaniya kansleri Olaf Şolz, məşhur aktyor Leonardo Di Caprio, Cənubi Koreyalı aktyor Yeo Jin-goo, aktrisa Jane Fonda, İsveçli iqlim fəalı Greta Thunberg kimi tanınmış şəxslər qatılıb.

Bəs, COP29 nədir?

COP “Conference of the Parties”, yəni BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı adlanır və adındakı 29 rəqəmi tədbirin sayca 29-cu olduğuna işarə edir.

Bundan əvvəlki tədbir - COP28 keçən il Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində baş tutub. COP29-un bir sıra iqlim dəyişikliyi məsələlərini müzakirə etmək və danışıqlar aparmaq üçün dünya liderlərini, hökumət rəsmilərini, alimləri, QHT-ləri və digər maraqlı tərəfləri bir araya gətirən böyük tədbir olacağı gözlənilir. 

COP tədbirlərində adətən gündəlik müəyyən edilir və tədbir zamanı müzakirələrdən sonra yekun sənəd qəbul edilir. Azərbaycanda keçiriləcək COP29-un gündəliyi hələ məlum deyil və çox güman ki, 2024-cü ilin mayında Almaniyada keçiriləcək Petersberq İqlim Dialoqu zamanı müəyyən ediləcək.

İndiyə kimi belə ənənə formalaşıb ki, illik COP tədbiri keçirilməzdən əvvəl dünyanın fərqli ölkələrinin iqlim icmasından olan tanınmış şəxslər və nazirlər Berlində yığışaraq bu tədbirin də gündəliyini müəyyən edir. Burada nazirlər və diplomatlar növbəti COP tədbiri - əsas iqlim konfransı üçün prioritetləri müəyyənləşdirirlər.

COP tədbirinin məqsədi nədir?

2015-ci ildə dekabrında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına üzv ölkələrin 21-ci konfransında Paris Razılaşması qəbul olunub.

Sənədi 171 ölkənin hökumətləri adından dövlət və hökumət rəhbərləri, xarici işlər, ətraf mühit nazirləri imzalayıb. Bu sənədi 2016-cı ilin aprelində Nyu-Yorkda, Birləşmiş Millətlər Təşkilatının Mənzil Qərargahında Azərbaycan Respublikası Hökuməti adından, keçmiş Ekologiya və Təbii Sərvətlər naziri Hüseyn Bağırov imzalayıb.

COP tədbirlərinin məqsədi, Paris Sazişinin tələbi olaraq dünyada karbon qazının (CO2) miqdarını sənayeləşmədən əvvəlki dövrdə olduğu kimi 1,5 dərəcə Selsi ilə məhdudlaşdırmaq üzrə irəliləyişə nail olmaqdır.
Bundan başqa, inkişaf etmiş ölkələr inkişaf etməkdə olan ölkələrə iqlim dəyişikliyinin təsirini azaltmaq və uyğunlaşmaqda kömək etmək üçün maliyyə yardımı məqsədilə fond toplayırlar. İnkişaf etməkdə olan ölkələrin artıq üzləşdiyi iqlim dəyişikliyinin qaçınılmaz təsirlərinə və bu təsirlərin aradan qaldırılması üçün maliyyə və digər dəstəyə ehtiyacı var. Bu dəstək olmadan inkişaf etməkdə olan ölkələr təmiz enerji mənbələrinə keçid edə, qlobal karbon qazı ifrazını azalda bilməzlər.

COP29 Konfransı iştirakçı ölkələr üçün yeni öhdəliklər götürmək və iqlim böhranını həll etmək məqsədilə konkret addımlar atmaq üçün bir fürsətdir.

Azərbaycana nə qədər xarici qonaq gələcək?

Dekabrın 15-də Azərbaycan hökümətinin üzvləri ilə COP29 barədə ilk müşavirəni keçirən Azərbaycan Prezidenti İlham Əliyev qeyd edib ki, ehtimallara görə, təqribən 70-80 min xarici qonaq iki həftə ərzində Azərbaycanda olacaq:

“Hesab edirəm ki, COP29 dünyada ən mötəbər beynəlxalq tədbirlərdən biridir. Ölkələrin təmsilçiliyi nöqteyi-nəzərindən BMT Baş Assambleyasından geri qalmır. Ona görə biz dərhal bütün hazırlıq işlərinə start verməliyik. Bizim vaxtımız o qədər də çox deyil, 11 aydan az vaxtımız var”.

Prezident çıxışında bildirib ki, Azərbaycanın keçirdiyi ən böyük beynəlxalq tədbir Avropa Oyunları olub ki, o zaman 5 min idmançı və onları müşayiət edən təqribən 3 min qonaq ölkəyə gəlib. COP29-da isə on minlərlə xarici qonaq ölkəmizə gələcək.

2023-cü ildə Dubayda keçirilən COP28 tədbirində rəsmi rəqəmlərə görə, 70 min xarici vətəndaş qeydiyyatdan keçirib. Qeyri-rəsmi rəqəmlərə görə, bu tədbirə qatılanların sayı 100 mindən çox olub.

Rəsmi olmayan xəbərlərə görə, 97,372 nümayəndə şəxsən COP28-də iştirak etmək üçün qeydiyyatdan keçib və bu, tarixdəki ən çox iştirakçının qatıldığı COP tədbiri olub.

Bu rəqəm 2022-ci ildə Misirin Şarm Əl-Şeyx şəhərində keçirilən COP27-yə qatılanlardan demək olar ki, iki dəfə artıqdır.Bundan başqa COP28-ə 3,074 nəfər virtual olaraq qoşulub və beləliklə ümumi iştirakçı sayı 100 mini keçib.

Bu rəqəmlər qlobal iqlim dəyişikliyinin həllində COP konfranslarının artan əhəmiyyətini vurğulayır, çünki getdikcə daha çox ölkə, təşkilat və fərdlər tədbirdə iştirak edir.

COP29 Azərbaycana nə vəd edir?

Hər şeydən öncə belə bir mötəbər tədbirin Azərbaycanda keçirilməsi tarixi hadisədir. Azərbaycan müstəqillik tarixində ilk dəfə belə bir tədbirə ev sahibliyi edəcək. Bakıya gələn qonaqlar təkcə dünyanın iqlim problemlərini müzakirə etməyəcək, həm də Azərbaycanı yaxından tanıyacaqlar. Bu tədbir ölkənin iqtisadi-mədəni həyatına da çöx böyük töhfə verəcək.

Onminlərlə insanın Bakıya gəlməsi və günlərlə burada qalmasının nə qədər böyük iqtisadi dividend qazandıracağını göz önünə gətirmək çətin deyil.
Amma burda əsas hədəf siyasi iddiadır. Belə bir iri miqyaslı tədbirə ev sahibliyi etməklə Azərbaycan özünün bütün imkanlarını ortaya qoymuş olur. Bu Azərbaycanın iqtisadi qüdrətinin təcəssümü ilə yanaşı siyasi iddialarının təntənəsidir. Artıq Azərbaycan real güc mərkəzidir. Və dünyanı narahat edən istənilən məsələ Azərbaycanın maraqlarından kənarında deyil. 

Bəs, Azərbaycanın “yaşıl vədləri” nədir?

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə 2024-cü il ölkədə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Bu məqsədlə İqtisadiyyat Nazirliyi bildirib ki, “Yaşıl” iqtisadiyyata keçid və “yaşıl” enerji təchizatçısına çevrilmək Azərbaycanın iqtisadi siyasətinin prioritetlərindəndir və Prezidentin bu sərəncamı bu istiqamətdə təşəbbüsləri stimullaşdıracaq.

Nazirliyin məlumatına görə, Azərbaycanın neft-qaz şirkəti olan “SOCAR-ın Dubaydakı COP28 tədbirində metan tullantılarının sıfıra endirilməsi ilə bağlı könüllü öhdəlik götürməsi ölkəmizin iqlim problemlərinə həssaslığının təzahürüdür”.

Rəsmi məlumatlara görə, Azərbaycan 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəfləyib.

Azərbaycan Respublikasının Prezidenti işğaldan azad edilmiş torpaqları “Yaşıl enerji” zonası elan edib və 2022-2026-cı illər üzrə tədbirlər planı təsdiqlənib, bu ərazilərin 2050-ci ilədək “Netto sıfır emissiya” zonasına çevrilməsi nəzərdə tutulur.

Kimlər COP tədbirlərinə qatıla bilər?

Konfransda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasını imzalayan bütün 199 ölkənin nümayəndə heyətləri iştirak edə bilər. İctimaiyyət konfransda şəxsən iştirak edə bilməsə də, mavi zonadakı bir çox tədbirlər, məsələn, qurumların plenar iclasları, dövlət başçıları ilə yüksək səviyyəli seqment, bir çox mətbuat konfransları və başqa tədbirlər ictimaiyyət üçün canlı yayımlanacaq.
BMT-nin əlaqəli kanalları və COP TV ictimaiyyət üçün konfransı izləmək və maraqlı müsahibələri və çıxışları seyr etmək imkanı verir. Ona görə də noyabrın 11-dən 24-dək bütün dünyanın gözü Bakıda olacaq. 

Surxay Atakişiyev, Bizim.Media 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO