Oğuzda yanğın yerindən REPORTAJ - FOTO

Oğuzda yanğın yerindən REPORTAJ - FOTO

Hazırda oxunan: Oğuzda yanğın yerindən REPORTAJ - FOTO

173316

Oğuzda evləri yanan dörd məcburi köçkün ailəsi başqa yerə getmək istəmir. Zərərçəkmiş ailələrə bölgənin digər rayonlarından “Qaçqınkom”un fondunda olan evlərdən təklif edilib. Lakin zərərçəkənlər obyektiv səbəblərdən Oğuzda evlə təmin olunmalarını istəyir. 

Bizim.Media-nın yerli bürosu ötən gün Oğuz şəhərində dörd məcburi köçkün ailəsinin məskunlaşdığı evin anidən alışaraq yanması barədə məlumat vermişdi.  Hadisə yerinə yanğınsındürənlər yetişsə də ailələr evlərindən heç bir əşya çıxara bilməyib. 

Bəs yanğından zərər görən dörd ailənin mənzil təminatı necə olacaq?


Laçın və Ağdam rayonundan olan dörd ailə uzun illərdir ki, Oğuz şəhərinin ətrafında, hamının keçmiş məktəblilərin yay düşərgəsi kimi tanıdığı taxtalı evlərdə məskunlaşmışdı. Ailələrdən ikisi burada daimi, digərləri isə müvəqqəti yaşayırdı. Onların isə bütün ev əşyaları həmin mənzillərdə idi. Yanğın zamanı zərərçəkənlərdən biri də Çingiz Mahmudov iki oğlunun ailəsidir. Ahıl kişi deyir ki, ailə üzvləri evdən heç nə çıxara bilməyib. Bütün geyimləri, məişət əşyaları və ərzaq ehtiyatları yanaraq külə dönüb. 

Digər zərərçəkmiş ailənin qohumu Bayram Abdullayev də bildirir ki, ötən günkü hadisədən sonra ailə üzvləri əsl şok yaşayıb. 


Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin Oğuz rayon bölməsinin rəhbəri Yaqub Abbasov ailələrin yaşadıqları ərazinin əlverişsiz bir məkanda yerləşdiyini, maşın və texnikanın hərəkəti üçün bir sıra çətinliklərin olduğunu diqqətə çatdırıb.

Bölmə rəhbəri zərərçəkən ailələrə ev təklif olunduğunu, lakin hələlik onları qane etmədiyini bildirib:

“Evləri yanan ailələri dünən biz operativ qohum evlərində məskunlaşdırmışıq. “Qaçqınkom” ailələrin məskunlaşması üçün digər rayon və şəhərlərdə onlara fondun  balansında olan evlərdən təklif edib. Lakin onlar uşaqlarının burada oxumasını, qohum-əqrabalarının olmasını, iş yerlərinin burada olmasını əsas gətirərək həmin rayonlara köçməsinə razılıq verməyiblər”.


O, əlavə edib ki, bu gün Komitə tərəfindən ailələr isti qış geyimləri və pal-paltarlarla,  eləcə də məişət avadanlıqları, isti yatacaq və digər ləvazimatlarla təmin olunacaqlar. 

Növbəti günlərdə isə ailələrin Oğuz rayonu ərazisində daha məqbul evlərdə məskunlaşdırılması məqsədi ilə tədbirlər görüləcək və ailələr mütləq evlərlə təmin olunacaq. 






Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO