Elm və təhsil naziri Emin Əmrullayev yaxın gələcəkdə bağçalarda çalışan orta ixtisas təhsilli mütəxəssislərin minimum bakalavr təhsili səviyyəsində hazırlanmasının əsas məqsəd olduğu barədə fikir söyləmişdi.
Nazir qeyd etmişdi ki, gələcəkdə orta ixtisas təhsilli mütəxəssislərin bağçalarda işləməsinə icazə verilməyəcək:
“Biz artıq ümumi təhsildə orta ixtisaslı mütəxəssislərin fəaliyyətini dayandırmışıq. Bu, məktəbəqədər təhsildə də olacaq”.
Son vaxtlar məsələ aktuallaşıb. İctimaiyyətdə səsləndirilən etiraz dolu şərh və rəylərdən belə aydın olur ki, məktəbəqədər təhsillə bağlı kolleclərin gələcək fəaliyyəti ilə bağlı narahatlıq var. İddialara görə bu sahə yönümlü kolleclərin fəaliyyəti məhdudlaşdırılacaq.
Maraqlıdır, əgər gələcəkdə orta ixtisas təhsilli mütəxəssislərin bağçalarda işləməsinə icazə verilməyəcəksə, bu sahə üzrə kadr hazırlayan kolleclərə nə ehtiyac var?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan təhsil məsələləri üzrə ekspert Nadir İsrafilovun fikrincə, sözügedən qərar heç də o anlama gəlmir ki, bağçalarda kollec təhsilli müəllimlər işləməyəcək:
“Daha konkret desək bu, bir gözləntidir, yəni zamana bağlı olan məsələdir. Hələ ki, mövcud qanunvericiliyə əsasən, bu müəssisələrə məktəbəqədər təhsil üzrə ali və orta ixtisas təhsili alan şəxslər işə qəbul edilirlər. Bunların arasında da kollec təhsili və qeyri-ixtisasa malik olanların sayı kifayət qədərdir. Bir də ki, 2026-ci ilə qədər bağça müəllimlərinin də sertifikasiya prosesinə cəlb olunacağı gözlənilir.
Ümumiyyətlə, ibtidai təhsil və məktəbəqədər təhsillə bağlı verilən rəsmi açıqlamalar arzu olaraq gələcəyə hesablanan modellərin mesajıdır və bununla bağlı kimlərinsə narahatlıq keçirməsinə hər hansı bir əsas yoxdur.
Nazirin özünün də dediyi kimi “məqsədimiz kimisə qınamaq və ya pis vəziyyətdə qoymaq deyil, arzumuz ondan ibarətdir ki, səriştəlilik səviyyəsi artsın. Bundan sonra kim işləyirsə, təbii ki, işini davam etdirəcək, onlara da təhsil vermək və inkişafına nail olmaq əsas məqsədlərdən olmalıdır. Bu mənada kolleclərin gələcəyi də zamana bağlı olan məsələdir”.
Ekspert hesab edir ki, burada kollec təhsilinə inamsızlıqdan söhbət gedə bilməz:
“Kollec təhsilinə belə bir yanaşma daha çox beynəlxalq təhsil sistemində baş verən tendensiyalarla bilavasitə əlaqədardır. Bir müddət əvvəl elm və təhsil nazirinin müavini İdris İsayev də qeyd etmişdi ki, bizim qanunvericilikdə orta ixtisas təhsil pilləsi anlayışı var. Lakin dünyanın heç bir ölkəsində orta ixtisas təhsil pilləsi yoxdur. Nazir müavini onu da bildirmişdi ki, Avropa kvalifikasiyaları çərçivəsində orta ixtisas təhsili ya natamam ali, ya da qısamüddətli ali təhsil adlanır.
Təbii ki, biz bu faktorları nəzərə almalıyıq. Çünki bu çərçivəni qəbul ediriksə, ilk növbədə kvalifikasiyaların tanınmasına şərait yaratmalıyıq. Bu, kvalifikasiyalar üzrə təhsil səviyyələrinin düzgün müəyyənləşdirilməsinə öz müsbət təsirini göstərməlidir. Ona görə də yanaşmamızı dəqiqləşdirməliyik.
Düşünürəm ki, istənilən halda, kvalifikasiyalar üzrə təhsil səviyyələrinin düzgün müəyyənləşdirilməsinə və bu məsələyə yanaşmamızı dəqiqləşdirənə qədər kolleclərin gələcəyi zamana bağlı məsələ olaraq qalacaq”.
Alçina Amilqızı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:00 / 14.01.2024
Kollec təhsilli bağça müəllimləri işə götürülməyəcəksə, bu ixtisaslara nə EHTİYAC VAR? – AÇIQLAMA
Hazırda oxunan: Kollec təhsilli bağça müəllimləri işə götürülməyəcəksə, bu ixtisaslara nə EHTİYAC VAR? – AÇIQLAMA
Hazırda oxunan: Kollec təhsilli bağça müəllimləri işə götürülməyəcəksə, bu ixtisaslara nə EHTİYAC VAR? – AÇIQLAMA
173108
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.