Ramiz Mehdiyevin kürəkəninin Şabrandakı “qoçu”luğuna son qoyuldu - TƏFƏRRÜAT

Ramiz Mehdiyevin kürəkəninin Şabrandakı “qoçu”luğuna son qoyuldu - TƏFƏRRÜAT

Hazırda oxunan: Ramiz Mehdiyevin kürəkəninin Şabrandakı “qoçu”luğuna son qoyuldu - TƏFƏRRÜAT

172951

Ali Məhkəmədə Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin kürəkəni, sabiq deputat İlham Əliyevlə Şabranlı sahibkar Mansur İbrahimovun arasındakı məhkəmə çəkişməsi yekunlaşıb. 

Bizim.Media musavat.com saytına istinadən xəbər verir ki, Ali Məhkəmənin Mülki Kollegiyası sahibkar Mansur İbrahimovun “özgənin qanunsuz sahibliyindən əmlakın geri qaytarılması” barədə iddiasını təmin edib.

Bununla da 26,67 hektar bağ sahəsi İlham Əliyevin rəhbərlik etdiyi “TurAZ” MMC-dən alınaraq Mansur İbrahimova qaytarılıb. Bununla da Mehdiyevin kürəkəninin Şabranda uzun illər davam edən “qoçu”luğuna son qoyulub.
Xatırladaq ki, hazırkı məhkəmə davasını illər əvvəl Şabran rayonunun Gəndob kəndində yaşayan sahibkar Mansur İbrahimov açıb. O, keçmiş deputat İlham Əliyev və sahibkar Kərim Məmmədovun ailə üzvlərinin şərikli işlətdiyi “TurAZ” MMC-yə qarşı Şabran rayon məhkəməsinə iddia təqdim edib. İddiasında cavabdehlər İlham Əliyevlə Kərim Məmmədovun ona məxsus 26,67 hektar torpaq sahəsində qanunsuz olaraq sahibkarlıqla məşğul olduqlarını, torpağı və üzərindəki əmlakları onun sahibliyinə qaytarılmasını tələb edib. Şabran rayon məhkəməsi iddianı təmin etmişdi. Bundan sonra İlham Əliyev Sumqayıt Apelyasiya Məhkəməsinə üz tutmuşdu. Apelyasiya instansiyası İlham Əliyevin şikayətini əsassız saymışdı və 26.67 hektar torpağın Mahsur İbrahimova qaytarılması qərarı vermişdi. Bu qərardan sonra da İlham Əliyev illər öncə qeyri-qanuni ələ keçirdiyi torpaqları sahibinə verməyə tələsmirdi.

Bu məhkəmə iddiası ilə bağlı “Şimal Xəbərləri” qəzetinin baş redaktoru Müqəddəs Mehdiyev Musavat.com-a açıqlama verib.

Onun sözlərinə görə, “TurAZ” şirkəti hər il Mansur İbrahimova məxsus torpaqdakı fəaliyyətdən on milyonlarla manat qazanc əldə edib:

“Onun əmlakı və şirkətdən ona çatan pay “TurAZ”ın şərikləri tərəfindən mənimsənilib. Bakı Kommersiya Məhkəməsi onun xeyrinə qərar verməsə də, Mansur müəllim mübarizəsini davam etdirir. Şabrandan adının çəkilməsini istəməyən mötəbər mənbənin söylədiklərinə görə, keçmiş administrasiya rəhbəri Ramiz Mehdiyevin himayəsindəki şirkətin fəaliyyətində ciddi qanun pozuntuları mövcuddur. Ramiz Mehdiyevin özü də Gəndoba gəlib, üzümlüklərə, meyvə bağlarına və kürəkəninin 12 min tonluq soyuducu anbarına baxıb. Ərazidəki göl də Ramiz Mehdiyevin arvadı Qalina Yuryevnaya qanunsuz olaraq icarəyə verilib. İlham Əliyevin isə regiondakı biznes şəbəkəsi bununla məhdudlaşmır. Xaçmazda və ətraf rayonlarda da obyektləri var.

Ramiz Mehdiyevin Nabranın Tel kəndi yolunun sağında, Qusarda, Qubada, Şabranın Giləvar kəndində, Xızıda bir-birindən dəbdəbəli villaları var. Baxın, bir adamın təkcə şimal bölgəsində 5 villası var. Bunların heç birinə qara qəpik də xərcləməyib. Hamısını yerli icra başçıları oğurluq pullarla tikiblər. Ümumiyyətlə, regionda Mehdiyevin “şayka”sı var.

Nə olsun, Ramiz Mehdiyevdən soruşan varmı ki, təkcə bir regiondakı 5 villanı hansı pulla tikdirib?.

Ramiz Mehdiyev və onun əlaltıları illərlə Mansur İbrahimovun qarşısında polad sədd qurublar. Şabranlı sahibkar isə nələrə məruz qalmayıb? İnsan nə qədər məhkəmələri gəzər, hüquq -mühafizə orqanlarına üz tutar? Nə qədər stress və əsəb keçirər? Nə qədər təhdid olunar? Mansur İbrahimovun iddiasına görə, kürəkəni onun “sifarişini” də verib.

Hətta bu yaxınlaradək sahibkara müxtəlif yollarla xəbər göndərilirdi ki, şikayətlərini dayandırmasa həbs etdiriləcək. Mansur İbrahimov üçün ən çətin olan bu dövrdə yanından çəkilmədim və çəkilməyəcəyəm də! Çünki qəti əminəm ki, Ramiz Mehdiyevə görə onun kürəkənini vaxtilə özlərinə “krışa” seçənlər haqlı deyillər. Onun nökərləri ən alçaq üsullardan belə istifadə ediblər.

İşə daxili işlər naziri qarışıb, Mansur İbrahimovun qarşısındakı polad sədd möhkəm çat verib.

Mansur İbrahimova gəldikdə isə onun işində dönüş yaradan ciddi səbəblər var. Ən başlıcası öz dövlətinə sığınıb səbirlə, dözümlə, hüquq müstəvisində yorulmadan mübarizə aparmasıdır. Bir də ötən ilin avqustunda Qusar şəhərində Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov tərəfindən qəbul edilərək dinlənilməsidir. Daxili işlər nazirinin Mansur İbrahimovun üzləşdiyi problemlərin qanun çərçivəsində həll ediləcəyini bəyan etməsi sahibkarın mübarizəsində müstəsna rol oynadı. Nəhayət, 2022-ci ilin iyulundan bəzi dırnaqarası hakimlərin planlı süründürməçiliyi və qanunsuz qərarları ilə üzləşən Mansur İbrahimovun qarşısındakı polad sədd möhkəm çat verdi. Nəticə etibarı ilə Ali Məhkəmənin Mülki Kollegiyası sahibkarın “özgənin qanunsuz sahibliyindən əmlakın geri qaytarılması” barədə qərarı qüvvədə saxlayıb".

Xatırladaq ki, İlham Əliyev 2010-2020-ci illərdə deputat olub. O, 2020-ci ildə sərt karantin zamanı övladına toy etməsi ilə gündəmə gəlmişdi. Həmin il avqustun 22-də Abşeron Rayon Məhkəməsi İlham Əliyev və qudası Rövşən Mustafayevin 15 sutka müddətinə inzibati qaydada həbs olunması barədə qərar qəbul etmişdi.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO