Doğum evindəki yanğının PƏRDƏARXASI – Hansı təhlükəsizlik qaydalarına ƏMƏL OLUNMAYIB? 

Doğum evindəki yanğının PƏRDƏARXASI – Hansı təhlükəsizlik qaydalarına ƏMƏL OLUNMAYIB? 

Hazırda oxunan: Doğum evindəki yanğının PƏRDƏARXASI – Hansı təhlükəsizlik qaydalarına ƏMƏL OLUNMAYIB? 

172793

“Əmək Məcəlləsinin tələbinə baxmayaraq Azərbaycanda bəzi müəssisə rəhbərləri, əməyin mühafizəsi üzrə standartların, normaların və qaydaların bütün tələblərinin yerinə yetirilməsi kimi məsuliyyət tələb edən işlərin görülməsini başqa işçilərə həvalə edir, yaradılan xidmət formal fəaliyyət göstərir, yaxud bu işləri görən olmur. Bir sözlə, əməyin təhlükəsizliyinə barmaqarası baxılır və diqqət ayrılmır. Nəticədə belə faciəli hadisələr baş verir”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında əmək münasibətlərinin sosial- hüquqi və texniki məsələləri eksperti, mütəxəssis və təlimçi Ağa-Musa Səfiyev bildirib. 
 

MÖVZU İLƏ BAĞLI:

Perinatal Mərkəzdən təxliyyə görüntüləri yayıldı - FOTO/VİDEO


Ekspertin fikrincə, qanunvericilikdə əməyin mühafizəsi işinin gücləndirilməsi tədbirləri ilə bağlı ciddi dəyişikliklər aparılmalıdır:

“Respublika Perinatal Mərkəzində yanğının baş verməsi və körpələrin  ölümü ilə nəticələnən bədbəxt hadisə dəhşətli faciədir. Allah ölən körpələrin valideynlərinə səbir versin. Baş Prokurorluğun da qeyd etdiyi kimi hadisənin baş verməsinin ehtimal olunan səbəbi yanğın təhlükəsizliyi qaydalarının pozulması hallarıdır. 

Bu təbii ki, ilkin versiyadır. 

İstintaq nəticəsində əsas səbəblər aydın olacaq. Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi Qaydalarının (YTQ №01-2001) 1.4 bəndinə əsasən klinika, poliklinika, doğum evləri, dispanserlər, xəstəxanalar, körpələr evi, uşaq evləri, sanatoriyalar, istirahət evləri, əczaxanalar, əczaxana anbarları və səhiyyənin digər müəssisələrində yanğın təhlükəsizliyinə görə məsuliyyət bu müəssisələrin rəhbərlərinin üzərinə düşür. Səhiyyə müəsisələrində yanğın təhlükəsizliyi ilə əlaqədar bütün tədbirlər bu qaydaların tələblərinə uyğun aparılmalıdır”. 

Mütəxəssisin sözlərinə görə əsas sual doğuran məqam sözügedən səhiyyə müəssisəsində qızdırıcı cihazlardan istifadə olunub-olunmaması məsələsidir:

“Əgər istifadə olunubsa, texniki təhlükəsizlik qaydalarına əməl olunubmu? Siqaret çəkmə qaydaları necə tənzimlənib? Müəssisə odsöndürənlərlə təchiz olunubmu? İşçilər odsöndürənlərdən istifadə qaydaları üzrə təlimatlandırılıbmı? Ümumiyyətlə, əməyin mühafizəsinə dair işçilərin mütəmadi təlimatlandırılması və biliklərinin yoxlanılması aparılıbmı?  Gərginlik altında olan  tibbi avadanlıqların torpaqlanması necə aparılıb?  İstifadə olunan kimyəvi maddələrin saxlanması qaydalarına necə, əməl olunubmu?  Evakuasiya planları mövcuddurmu və işlək vəziyyətdə saxlanılıbmı? Yanğın təhlükəsizliyinə cavabdeh şəxslər təyin eilibmi? 

Bir sözlə, bu kimi nüanslar sual doğurur...

Artiq bədbəxt hadisə baş verib. İndi yanğının baş vermə səbəbləri və ona gətirib çıxaran hallar araşdırılmalı, yekun rəylər əsasında təkliflər hazırlanmalıdır. Əsas məqsəd isə gələcəkdə belə halların qarşısının alınması, hadisə baş verdikdə onun lokallaşdırılması üçün müəssisənin ümumi  və işlək fəaliyyət planının olmasıdır”. 

Ağa-Musa Səfiyev hesab edir ki, hazırda gedən istintaq prosesində ən vacib olan bir suala - Əmək Məcəlləsinin 223-cü maddəsinin tələblərinə nə dərəcədə yerinə yetirilməsinə də cavab tapılmalıdır:

“Həmin müəssisədə, yəni əməyin mühafizə xidməti yaradılıbmı? Bu işi yerinə yetirən məsul şəxs olubmu? Yoxsa kiməsə həvalə edilib? Digər əhəmiyyət kəsb edən məsələ isə ondan ibarətdir ki, Əmək Məcəlləsinin 219-cu maddəsinin tələblərinə əsasən işəgötürənlər işçilərin, o cümlədən  rəhbər və mütəxəssislərin əməyin mühafizəsi üzrə vaxtaşırı ixtisasartırma kurslarında  təlim keçmələrini  və biliklərinin yoxlanılmasını təşkil etməlidir. Bu kimi və digər tədbirlərin vaxtında yerinə yetirilməsinə həvəsi olmayan, maliyyə ayrılmasını istəməyən müəssisələrin mülkiyyətçisi, eləcə də işəgötürənlərinə qanunvericiliyin bir neçə bəndini xatırlatmaq yerinə düşərdi:

1. AR Əmək Məcəlləsinin 215-ci maddəsinə əsasən müəssisənin mülkiyyətçisi və işəgötürəni işçilərin iş yerlərində əməyin mühafizəsi normalarının və qaydalarının yerinə yetirilməsinə bilavasitə cavabdehdirlər.

2. Əmək münasibətləri prosesində əmək qanunvericiliyi tələblərinin işəgötürən tərəfindən pozulması və yaxud əməl ediməməsinə görə işəgötürənlər Azərbycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndlərinə uyğun olaraq məsuliyyət daşıyırlar.
3. Texniki təhlükəsizlik və ya əmək mühafizəsi qaydalarının pozulmasına görə işəgötürən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162-ci maddəsi ilə azadlıqdan məhrum edilə bilər. Başqa bir alternativ yoxdur. Yeganə yol əməyin mühafizəsi işinin təşkil edilməsi, əməyin mühafizəsi  normaları və qaydalarının yerinə yetirilməsinin həyata keçirməsindən ibarətdir. 

Bu, tövsiyə deyil, əmək qanunvericiliyinin işəgötürənlər qarşısında qoyduğu imperativ tələbidir. Təklif edirəm ki, mövcud qanunvericilikdə əməyin mühafizəsi işinin gücləndirilməsi tədbirləri ilə bağlı ciddi dəyişikliklər aparılsın”.

Alçina Amilqızı, Bizim.Media 


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO