Komitə sədrindən SƏRT TƏNQİD – “İstifadə olunmayan torpaqları əllərindən alıb…”

Komitə sədrindən SƏRT TƏNQİD – “İstifadə olunmayan torpaqları əllərindən alıb…”

Hazırda oxunan: Komitə sədrindən SƏRT TƏNQİD – “İstifadə olunmayan torpaqları əllərindən alıb…”

172627

“Həqiqətən də son illər Azərbaycanda kənd təsərrüfatına yararlı torpaq sahələri azalıb, olanlar isə təyinatından kənar istifadə olunur. Əgər respublika üzrə hesablasaq, xeyli miqdarda torpaq zəbt olunaraq yararsız vəziyyətə salınıb”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Yaxın illərdə Bakıda tikinti “bum”u YAŞANACAQ – TƏHLİL 


Deputat məsələ ilə bağlı bir neçə dəfə parlamentin iclaslarında çıxışların edildiyini və müzakirələrin aparıldığını diqqətə çatdırıb.

“İcra hakimiyyətləri və bələdiyyələr…”

Son illərdə bu sahədə nöqsanlara və problemlərə yol verildiyini söyləyən komitə sədri vurğulayıb ki, bəzi rayonların icra hakimiyyəti orqanları və bələdiyyələr torpaqlardan kortəbii şəkildə istifadə ediblər:

“Təkcə Abşeron rayonunda 17 min hektara qədər əkinə yararlı torpaq sahəsi ya tikintidə, ya da digər istiqamətlərdə istifadə olunub və buna görə də onlara hüquqi sənəd verə bilmirlər. Bu gün bir tərəfdən ölkədə aqrar sahənin inkişafından danışırıq, digər tərəfdən isə belə hallara yol veririk”. 

“Hələ də nöqsanlara yol verilir”

Bununla bağlı dövlət orqanlar tərəfindən müvafiq tədbirlər görüldüyünü söyləyən müsahibimiz, bu günə qədər xeyli sayda bələdiyyə sədrinin cinayət məsuliyyətinə cəlb olunduğunu xatırladıb:

“Ancaq təəssüf ki, hələ də belə hallar baş verməkdədir. Həm vətəndaşlar, həm də məsul orqanlar yenə də nöqsanlara yol verirlər. Elə şəxslər və ailələr var ki, min hektarlarla torpaq payına malikdirlər, ancaq illərlə istifadə etmirlər. İrad bildirəndə isə çoxsaylı bəhanələr gətirirlər. Belə olan halda isə torpaq öz keyfiyyətini itirir, tərkibindəki bütün maddələr yox olur və sonradan istifadə etdikdə isə yüksək məhsuldarlıq əldə etmək olmur. 

Torpaqlar onlardan alınaraq yenidən əkin dövriyyəsinə daxil olmalı, əkilib-becərilməli və münbit hala gətirilməlidir. Hətta qanunvericilikdə də göstərilir ki, əgər vətəndaş torpaqdan istifadə edə bilmirsə, könüllü şəkildə kiməsə verə, yaxud sata bilər. Əslində isə torpağı becərənlərin böyük əksəriyyəti maddi vəziyyəti yaxşı olan və varlı insanlardır. Onlar yüksək məhsuldarlıq əldə edir və qazanırlar”. 

Bəs qanunvericilikdə bu kimi hallara qarşı cəzaların sərtləşdirilməsinə ehtiyac varmı?

Buna ciddi ehtiyacın olduğunu söyləyən deputat qeyd edib ki, kənd təsərrüfatı təyinatlı torpaqların öz təyinatı üzrə istifadə olunması ilə bağlı yeni qaydaların hazırlanması nəzərdə tutulub:

“Hazırkı qaydalara görə isə otlaq və örüş sahələrindən əkin məqsədilə istifadə olunmamalıdır. Əgər buna görə hökumətin müvafiq qərarı olarsa, o zaman da torpaqların təyinatı dəyişdirilə bilər. Əks halda bir hektar sahənin belə təyinatını dəyişmək olmaz və bu, həm qeyri-qanuni hal sayılacaq, həm də inzibati tədbirlə yanaşı, cinayət tərkibli hal kimi qeydə alınacaq”.  

T.Rzayevin sözlərinə görə, qanunsuz zəbt olunmuş və üzərində tikinti aparılmış belə torpaqları artıq geri qaytarmaq mümkün deyil:

“Ona görə ki, üzərlərində yüz minlərlə evlər tikilib, betonlama, asfaltlanma və digər çoxsaylı işlər aparılıb. Dövlət gərək külli miqdarda vəsait xərcləyə ki, torpaqlar əvvəlki halına qaytarılsın. Heç olmasa, əldə qalan torpaqlardan səmərəli istifadə qaydaları barədə düşünmək lazımdır”.   

Xatırladaq ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti bir neçə gün əvvəl Azərbaycanda kənd təsərrüfatına yararlı torpaq sahələri təyinatı üzrə istifadə olunmaması ilə açıqlama yayıb. 

Qeyd olunub ki, qanunvericiliyinin tələbləri pozulmaqla torpaqlar əkin dövriyyəsindən çıxarılır və münbit qatı korlanır, yararlı əkin, örüş və otlaq sahələri qeyri-kənd təsərrüfatı məqsədləri üçün əsassız olaraq verilir və yaxud zəbt edilir.

Rövşən Ziya, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO