Zaman dəyərli və tükənən sərvətdir. Buna görə də, zamandan doğru istifadə etmək lazımdır. Qanunla gündəlik iş vaxtının müddəti 8 saat müəyyənləşdirilib. Bu, 8 saatın günün hansı saatlarında olması ilə bağlı qanunvericilikdə hər hansı bir məhdudiyyət yoxdur.
Qeyd edək ki, Azərbaycanda insanlar 8 saatını işə, tıxaclar səbəbi ilə 2-3 saatını gediş-gəlişə, normal yuxu rejimi ilə hesabladıqda, 7-8 saatını yuxuya sərf edirsə, sadəcə 5-6 saatı asudə olur.
Bütün sadalananları nəzərə aldıqda, ölkəmizdə iş saatının azaldılması gözləniləndirmi?
Millət vəkili Fazil Mustafa Bizim.Media-ya bildirib ki, Azərbaycanda əsas problem məhz tıxaclarla bağlıdır:
MÖVZU İLƏ BAĞLI:
Tıxaclara ALTERNATİV ÇÖZÜM – İş saatları dəyişdirilə BİLƏR?
“İctimai nəqliyyatın yaxşı işləməməsi, alternativlərin olmaması əhalini əziyyətə salır. Buna görə də, iş saatının azaldılmasından daha çox tıxac problemi həll edilməlidir. İnsanlar işə vaxtında çatmaq üçün əlavə minimum 1 saat vaxt itirirlər. Bir çox hallarda əmək hüququnun pozulması bununla bağlı olur, kimsə işə gecikəndə ona əlavə məsuliyyət yükləyirlər. Çox adam 9-da işə çatmaq üçün 06:00-da evdən çıxır. Bu, çox ciddi problemdir. Mən dəfələrlə bununla bağlı Milli Məclisdə məsələ qaldırmışam. Lakin bu, iş saatının dəyişdirilməsi ilə həllini tapan məsələ deyil, birbaşa tıxac və ictimai nəqliyyatın düzgün işləməməsi ilə əlaqədardır”.
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri, hüquq müdafiəçisi Sahib Məmmədov isə bildirib ki, bir iş günü ilə digərinin arasında 12 saat fasilə olmalıdır ki, işçi istirahət edə bilsin:
“Lakin onun yolda itirdiyi vaxt bura aid deyil, öz hesabına gedir. Hazırda bununla bağlı tədbir planlaşdırılmır. İş vaxtı rəsmi 8 saat olmasına baxmayaraq, bəzi müəssisələrdə işçini az qala 13 saat işlədirlər. Yəni iş vaxtı həftəlik 40 saatı keçməməli, bir ayda 167 saatdan çox olmamalıdır. Qeyri-formal əmək bazarının həcmi böyük olduğundan, biz bunu tənzimləyə bilmirik”.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi Fazil Talıbov isə bildirib ki, Əmək Məcəlləsi gündəlik və həftəlik iş vaxtının yuxarı həddini müəyyən edib:
“Gündəlik iş vaxtının müddəti 8 saatdan, buna uyğun olaraq da həftəlik iş saatının müddəti 40 saatdan artıq müəyyən edilə bilməz. Bu çərçivədə işçi və işəgötürən arasında qarşılıqlı razılaşmaya əsasən gündəlik iş saatı 8 saatdan aşağı müəyyən edilə bilər, amma hazırda məcəllədə yuxarı həddin aşağı salınması nəzərdə tutulmur”.
Nuranə Daxilqızı, Bizim.Media