Ötən il icrasına 6 milyon pul xərclənən PARKLAMA - “BNA 4 ildir qayda yarada bilmir, cərimə isə var”

Ötən il icrasına 6 milyon pul xərclənən PARKLAMA - “BNA 4 ildir qayda yarada bilmir, cərimə isə var”

Hazırda oxunan: Ötən il icrasına 6 milyon pul xərclənən PARKLAMA - “BNA 4 ildir qayda yarada bilmir, cərimə isə var”

17211

“BNA nə zaman parklamada qayda yarada biləcək? Qanuni parklama sistemi yoxdur, amma qanunsuz parklama ilə bağlı cərimə sistemi qurulub və aktivdir”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz “Facebook” hesabında qeyd edib. 

Onun sözlərinə görə, nəinki inkişaf etmiş ölkələrdə, eləcə də MDB məkanına daxil olan ölkələrin əksəriyyətində, böyük şəhərlərdə parklama ilə bağlı məsələlər çoxdan həllini tapıb:

“Bu ölkələrin çoxu nəinki böyük parklama ərazilərini, hətta küçələrdə, evlərin və müxtəlif inzibati binaların ətrafında olan parklama yerlərini vahid bir informasiya sistemində birləşdiriblər, pullu və pulsuz olanları fərqləndiriblər. Məlumatlandırma və monitorinq sistemləri qurublar. Bizdə vəziyyət necədir? Maraqlıdır ki, uzun müddət keçməsinə baxmayaraq ölkəmizdə həllini tapmayan problemlərdən biri də məhz parklama sistemi ilə bağlıdır”.

Ekspert xatırladıb ki, Prezidentin 2018-ci il 6 iyul tarixli fərmanı ilə BNA-ya parklamaya nəzarət, idarəetmə və daxil olan vəsaitdən istifadə ilə bağlı qaydalar müəyyən etmək tapşırılıb:

“Ötən müddət ərzində Bakı şəhərində bir xeyli parkovka yerləri müəyyən edilib. Lakin vahid bir sistem ortada yoxdur. Qəribə də olsa indiyədək əksər parkovka yerlərindən yığılan pulların BNA-ya aidiyyatı yoxdur. 

Ümumiyyətlə, BNA bildirir ki, parklamadan yığılan pullar tam olaraq qanunsuzdur. Bütün səlahiyyətlər, yığılan vəsaitlər hansısa bir X şirkətinin kontrolundadır. Səbəb də ondan ibarətdir ki, hökumət saat hesabı parklama tariflərini 4 ildir ki müəyyən edə bilmir.

BNA rəsmisi dəfələrlə bildirib ki, Prezident fərmanının icrası ilə bağlı parkovka yerləri üçün qanuni proseduraların və tariflərin müəyyən olunması üçün Nazirlər Kabinetinə müraciət edilib.

Hökumət isə, göründüyü kimi uzun müddətdir ki, bu problemi həll etmək istəmir. Elə yerlər var ki, səhər kim tez yuxudan dursa, parkovkanın idarəedicisi o hesab olunur. Bəzən müşahidə etmək olur ki, kimsə dövlətə məxsus olan parkovka ərazisinə şlaqbaum yerləşdirir”.

Osman Gündüz əlavə edib ki, bütün parkovka yerlərini vahid bir sistemdə birləşdirmək, vahid tariflər müəyyən etmək, bununla bağlı bir mobil tətbiq hazırlamaq və normal bir ödəniş sistemi qurmaq zamanı çoxdan çatıb:

“Görünür ki, hazırda parklamaya kimlər nəzarət edirsə (Bakı Şəhər İcra Hakimiyyətinə aid olan bir şirkətin nəzarətində olduğu bildirilir) hökumətə təsir imkanları yetərincə güclüdür ki, BNA rəhbəri Vüsal müəllim 4 ildir ki, qanunvericiliklə ona verilən səlahiyyəti icra edə bilmir.

Maraqlıdır ki, BNA parklamanın tariflərini həll edə və vahid parklama ilə bağlı normal bir informasiya sistemi qura bilməsə də, qanunsuz parklama ilə bağlı video müşahidə sistemini, yəni cərimə sistemini həll edə bilib. 

Bu məqsədlə BNA təkcə ötən il Bakı şəhərində qanunsuz parklama hallarının qarşısının alınması məqsədilə video müşahidə sisteminin qurulması üçün SİNAM şirkətinə 6 000 000 manat ödəyib.

Son zamanlar Prezident Administrasiyasında dövlət nəzarətinin gücləndirilməsi istiqamətində ciddi addımlar atılır. Ümid edək ki, cari ildə nəhayət ki, bu problem də öz həllini tapacaq”.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO