Dini ehkam, xurafat, yoxsa… - Niyə vəfat edən yaxınlarımızın orqanlarını BAĞIŞLAMIRIQ?

Dini ehkam, xurafat, yoxsa… - Niyə vəfat edən yaxınlarımızın orqanlarını BAĞIŞLAMIRIQ?

Hazırda oxunan: Dini ehkam, xurafat, yoxsa… - Niyə vəfat edən yaxınlarımızın orqanlarını BAĞIŞLAMIRIQ?

171972

SSRİ dövründə dünyasını dəyişmiş hər bir insanın daxili orqanları yarılaraq götürülürdü. İzahı da bu cür verilirdi ki, həmin orqanlar elmi-tədqiqat üçün istifadə edilir. Maraqlıdır ki, o zaman vəfat edən insanın doğmaları da buna etiraz edə bilmirdi. Çünki buna qarşı çıxsalar, qanunun sərt üzü ilə üzləşməli olurdular.

Müstəqilliyin ilk illərindən başlayaraq daxili orqanların götürülməsi məsələsi könüllülük prinsipinə bağlandı. Sözügedən prinsip bu gün də davam edir. Amma bir məsələni unuduruq ki, hansısa orqanın bağışlanması kiminsə həyatda qalması deməkdir.

Bu da ən gözəl insanlıq nümunəsidir

Məsələ ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Müşfiq Məmmdov bildirib ki, orqan bağışlanması bütün dünyada ən nəcib iş sayılır:

“Bu əslində bir fədəkarlıq, qəhrəmanlıqdır. İnsan özündən sonrakılara yaşamaq şansı verir. Orqan bağışlanması ya şəxsin öz vəsiyyəti, ya da onun qanuni təmsilçisinin razılığı ilə reallaşır. Çox təəssüf ki, ölkəmizdə orqan bağışlamaq kimi bir ənənə yoxdur. Bunun da bir sıra səbəbləri var.

Bəziləri bunu dini düşüncəyə bağlayırlar. Amma mən inanmıram ki, müqəddəs İslam dini hansısa insanın həyatının qurtulmasına qadağa qoysun. Bu ola bilsin ki, bəzi adamların yanlış təbliğatıdır ki, guya meyiti yarmaq olmaz”.

Müşfiq Məmmədli könüllü donorların sayının son vaxtlar durmadan artdığını deyib:

“Söhbət qan donorlarından gedir. Bu donorluğun digər sahələrə də şaxələndirilməsi üçün müəyyən işlər görməliyik. Orqan transplantasiyası istiqamətində mühüm addımlar atılır. İstər TƏBİB-in, istərsə də Səhiyyə Nazirliyinin tabeliyinəki müəssisələrdə çox böyük işlər görülür.Bu gedişlə yaxın zamanlarda daha çox müəssisədə orqan transplantasiyasının icrasını görəcəyik.

Bu sahədə normal hüquqi baza da yaradılıb.

”Orqan transplantasiyası haqqında” qanun Milli Məclisdə qəbul edilib və o artıq işlək vəziyyətdədir. Bu da o deməkdir ki, biz inkişaf etmiş ölkələrin atdığı addımların bir çoxunu artıq atmışıq. İndi qalır tək məsələ. Bu da insanlar arasında təbliğat işinin gücləndirilməsidir. Daha çox orqan bağışlayıcısı, daha çox insanın qurtuluşu deməkdir. Mən də bir həkim kimi xalqa müraciət edirəm ki, orqan bağışlanılması işinə daha isti yanaşaq, daha çox insan xilas edək”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO