“İllər sonra doğma kəndə dönüşün sevincini ifadə etmək çətindir. Ancaq sevincimiz qədər də məyusluq yaşadıq. Demək olar ki, daş üstə daş qalmayıb. Hər tərəf dağıdılıb, xarabalığa çevrilib. Halbuki bura Xocavəndin digər kəndləri kimi çal-çağırlı, toy busatlıydı. Həm də məlum hadisələr başlayanda bu kənddən olan xeyli gənc silaha sarılıb vətənin keşiyinə qalxmışdı".
Bu sözləri Bizim.Media-nın Qarabağ bürosuna açıqlamasında Xocavənd rayonundan olan keçmiş məcburi köçkün Aslan Quliyev deyib.
Aslan Quliyev Xocavənd rayonunun Muğanlı kəndində doğulub. Uşaqlıq və gənclik illərinin ən yadda qalan xatirələri də elə bu kənddə yazılıb ömür yollarına. Acılı-şirinli günlər yaşayan zəhmətkeş Quliyevlər ailəsinin də həyatında amansız müharibə silinməz izlər buraxıb:
Bir qardaşları Səxavət Quliyev şəhid olur, özləri isə erməni ordusunun işğalına məruz qalan doğma kəndlərini tərk etməyə məcbur qalırlar.
Azərbaycan ordusunun döyüş meydanında əldə etdiyi qələbədən və ölkə rəhbərinin növbəti əmri ilə həyata keçirilən antiterror tədbirlərindən sonra separatçılardan təmizlənən Muğanlı kəndinə ilk səfər edən ailələrdən biri məhz Quliyevlər ailəsi olub.
Kəndin hər yoluna, dağın hər yamac və cığırlarına bələd olan Aslan kişi deyir ki, xeyli baxdıqdan sonra ərazinin hara olduğunu güclə xatırlayıb:
"Demək olar ki, tanınmaz hala salıblar buraları. Gördüyünüz kimi hər tərəf xarabalığa çevrilib. Bütün bunlar bir yana, doğmalarımızın uyuduğu məzarlıqdan da əsər-əlamət qalmayıb. Qəbiristanlığın yerində atəş mövqeləri və sığınacaqlar tikiblər. Şəhid qardaşım Səxavət Quliyev və digər qohumların qəbirlərini yox ediblər. Cəmi bir məzar yeri bilinir. İşin ən ağrılı tərəfi isə odur ki, doğmalarımızın məzar daşlarını səngər və sığınacaqların ayaqaltısına düzüblər. Bəşəriyyət belə vəhşilik görməyib".
Həmsöhbətimiz Qarabağda digər azad edilmiş kəndlər kimi Muğanlının da yenidən bərpa edilib, həyatın yenidən canlanacağına şübhə etmir. Digər köçkün ailələri kimi onlar da bu torpaqların azad edilməsində canından keçən hər kəsə minnətdarlıq ifadə edirlər.
Lakin uzun illər ayaqaltı edilmiş məzar daşlarını və tamamilə dağıdılmış qəbiristanlığı görmək ən ağır izlər buraxıb ailənin həyatına:
"Allah bütün şəhidlərə rəhmət eləsin. Qazilərə şəfa versin. Ali Baş Komandanımız var olsun. Ermənilər və onların tərəfdarları bu mənzərə ilə əsl üzlərini ortaya qoyur. Gələcəkdə isə kəndimizin daha da gözəl olacağına heç bir şübhəmiz yoxdur. Dövlətimiz var olsun".
QEYD: Material Medianın İnkişafı Agentliyinin elan etdiyi müsabiqənin qaydalarının 8-ci Maliyyə yardımının göstərilməsi müddəasının - 6.3.7. işğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış” bəndinə uyğun olaraq hazırlanıb.
Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu
- A-
- A
- A+
Cəmiyyət
11:00 / 03.01.2024
Xocavənddən olan keçmiş məcburi köçkün: “Kəndimizi xarabalığa çeviriblər” – FOTO
Hazırda oxunan: Xocavənddən olan keçmiş məcburi köçkün: “Kəndimizi xarabalığa çeviriblər” – FOTO
Hazırda oxunan: Xocavənddən olan keçmiş məcburi köçkün: “Kəndimizi xarabalığa çeviriblər” – FOTO
171844
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.