Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən bayram günlərində Şuşa şəhərinə və Suqovuşan qəsəbəsinə səfər edən şəxslərin təhlükəsizliyi məqsədilə zəruri tədbirlər davam etdirilir və nəzarətdə saxlanılır. Gedişinə icazə verilən bütün vətəndaşların və turistlərin sərbəst keçidi təmin edilir.
DİN-in mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, fərdi minik avtomobilləri ilə səfər edən və müvafiq portaldan (www.yolumuzqarabaga.az) qeydiyyatdan keçən vətəndaşların Şuşa şəhərinə səfəri Füzuli rayonunun Alxanlı keçid məntəqəsindən daxil olmaqla “Zəfər Yolu” ilə, Suqovuşan qəsəbəsinə isə Tərtər və Goranboy (Tapqaraqoyunlu kəndi) rayonları istiqamətindən müəyyən edilən marşrut üzrə təşkil edilir.
Təhlükəsizlik məqsədilə marşrutdan kənar ərazilərə insanların hərəkətinə icazə verilmir. Bununla bağlı müvəqqəti polis postlarında sürücülərə təlimat-bildirişlər təqdim olunur.
Bizim.Media