Yola saldığımız Dovşan ili geridə qalır. 2024-cü ilin patronu Yaşıl Əjdaha olacaq. Müdrikliyi, alicənablığı və səxavətliyi simvollaşdırır.
Bəs qarşıdan gələn Əjdaha ili dünyaya və ölkəmizə nələr vəd edir?
Bununla bağlı tanınmış astroloq Səbuhi Rəhimli öz proqnozlarını eksklüziv olaraq Bizim.Media üçün açıqlayıb. Astroloq 2024-cü ilin böyük dəyişikliklərlə yadda qalacağını proqnozlaşdırıb:
“Əjdaha ili özündən əvvəlki iki ildə yığılıb qalmış problemləri, münaqişələri və dağıntıları nizamlamağa xidmət edir. Pələng və Dovşan ilində bəzən dünyanın nizamı pozulur. Doğrudan da Rusiya-Ukrayna müharibəsi, eləcə də Qəzzada baş verənlər dünyanın nataraz olmasına gətirib çıxarıb.
Amma Əjdaha ilində belə şeylər olmur, daha çox sülh və münaqişələrin yatırılması olur. Əjdaha ili Azərbaycanda böyük islahatlara və dəyişikliklərə aparan ildir. Hətta növbədənkənar Prezident seçkiləri elan olunmasaydı belə, ölkədə hansısa köklü dəyişikliklər olacaqdı. Bu dəyişikliklərin insanların rifah halına xidmət edib-etməyəcəyini bilmirəm.
Amma gözümüzün qarşısında olan məmur ordusunun xeyli hissəsinin ixtisara salınacağı və vəzifədən uzaqlaşdırılacağı var. İcra başçılarının təxminən 40 faizi vəzifəsindən uzaqlaşdırılacaq. Gənc kadrların vəzifələrə gətirilmələrinin şahidi olacağıq”.
Səbuhi Rəhimli qeyd edib ki, 2024-cü ilin aprel ayında devalvasiya olmasa, il ərzində də bu hal baş verməyəcək:
“2023-cü ilin fevral ayı üçün də demişdim ki, həmin ay devalvasiya olmasa, digər aylarda da bu, baş verməyəcək. Proqnoz özünü doğrultdu. İlin sonunda çox vəzifəlilərin vəzifədən uzaqlaşdırılacağını və yeni komandanın ortaya çıxacağını görə biləcəyik. Hər ilin öz xarakterik hadisələri var. Bundan əvvəlki Əjdaha illərinə dəfələrlə nəzər yetirmişəm. Əjdaha illəri daha çox zəlzələlərlə yadda qalır. Texnoloji inkişaf və kosmosda yeniliklərin yaradılmasında sırf Əjdaha ilinin rolu var.
İl ərzində həmişə olduğu kimi yenə də iki Ay və Günəş tutulması olacaq. Tam tutulma olmadğına görə təhlükəli hal sayılmır. Onlardan yalnız Ay tutulması Azərbaycanda müşahidə olunacaq. Qalanları digər ölkələrdə olduğu üçün görünməyəcək. Hər hansı bir müharibə və terror olmayacaq.
Rusiya ordusunun Qarabağdan çıxmasını deyə bilmərəm, çünki müqavilə 2025-ci ilə qədərdir. Amma Ermənistanla Azərbaycan arasındakı sülh müqaviləsinin imzalanması 2024-cü ildə baş verəcək”.
Astroloq Əjdaha ilinin insanlarda daxili azadlıq, xoş əhval, yaradıcılığa hədsiz həvəs, dünyanı dərk etmək, məsuliyyət hisslərinin yüksəldilməsi kimi amilləri də təlqin etdiyini vurğulayıb:
“Bu baxımdan hissləri duymaq, Allaha yaxın olmaq, məkrli fikirləri oxumaq və öyrənmək əlverişli olsa da, qarşılıqlı münasibətlərdə, xüsusən tərəfdaşlıq və mttəfiqlik zəmnində bu il passivlik yaradır. İnsanların bir-birinə inamsızlığı da məhz Əjdaha ilinə təsadüf edir. Buna baxmayaraq o cəsarətli adamlara gözəl şərait yaradır. Onları qəhrəmanlaşdırır, gələcəyini parlaq edir, dostu düşməndən ayırmaqda yardımçı olur. Əjdaha taleyin ən avtoritet simvolu hesab edilir.
Şərqdə onu asimanın enerji mənbəyi hesab etdiklərindən onun gəlişini aktivləşmə dövrü də hesab edirlər. Xarici dillərin öyrənilməsi, intellektin yüksəldilməsi, eləcə də mədəniyyət sahəsində nailiyyətlər də məhz onun himayəsində daha geniş vüsət alır. Əjdaha fəaliyyətdə müvəffəqiyyətin, güc və enerjinin, müdrikliyin simvolu kimi qəbul olunur. Bu heyvanın biclik işlətməklə, hücum etməklə, zəifləri ovlamaqla işi olmasa da olduqca həssas, emossional və hədsiz dərəcədə müstəqildir.
Amma çinlilərin təbirincə, əjdaha fəaliyyətdən daha çox, ağlın müdrikliyidir. Ona görə bu ildə doğulanlara Çində ən ağıllı adamlar adı verilir. Bəzən Əjdaha ilinin yanvarın 1-dən etibarən başladığını deyirlər. Amma bu, yalnışdır. Yanvarın 1-i Miladi təqvimidir.
Ümumiyyətlə, Çin təqvimi Dolça bürcünün əhatəsində təzə ay nə vaxt olursa onda başlayır. 2024-cü il fevralın 10-da dolça bürcünün əhatəsində təzə ay doğacaq. Qısaca desək, Əjdaha ili fevralın 10-da başlayıb 2025-ci il yanvarın 23-də tamamlanacaq. Məhz bu ərəfə Əjdaha ilidir. Miladi təqvimi ilə bunu qarışdırmaq lazım deyil”.
Alçina Amilqızı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:20 / 29.12.2023
Səbuhi Rəhimlidən 2024-cü ilin PROQNOZU – Azərbaycanı nə GÖZLƏYİR? – ÖZƏL
Hazırda oxunan: Səbuhi Rəhimlidən 2024-cü ilin PROQNOZU – Azərbaycanı nə GÖZLƏYİR? – ÖZƏL
Hazırda oxunan: Səbuhi Rəhimlidən 2024-cü ilin PROQNOZU – Azərbaycanı nə GÖZLƏYİR? – ÖZƏL
171168
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.