Azərbaycanda bir neçə ali təhsil müəssisəsi Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə işçilərinə əlavə ödənişlər edib. Bununla bağlı universitet rektorları müvafiq əmr imzalayıb.
Bizim.Media həmin universitetlərin adlarını təqdim edir:
MÖVZU İLƏ BAĞLI:
Universitetlərin Xankəndində filiallarının açılması təklifinə DEPUTATLARDAN REAKSİYA
Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev Yeni il münasibətilə universitetin bütün əməkdaşlarına 200 manat məbləğində pul mükafatının verilməsi ilə bağlı əmr imzalayıb.
Bakı Mühəndislik Universitetinin rektoru Yaqub Piriyev də eyni addımı ataraq universitetin bütün əməkdaşlarına maaşlarının 30%-i məbləğində pul mükafatının təqdim olunmasına qərar verib.
Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradovun imzaladığı əmrlə universitetin bütün əməkdaşlarına Yeni il münasibətilə 200 manat məbləğində pul mükafatı təqdim edilib.
Bu aksiyaya Azərbaycan Dövlət Neft və Sənaye Universiteti də qoşulub. Rektor əvəzi Vazeh Əskərovun müvafiq əmri ilə, yeni il bayramı ilə əlaqədar universitetin bütün əməkdaşlarına vəzifələrindən asılı olaraq 300, 400 və 500 manat məbləğində pul mükafatı verilib.
Azərbaycan Dillər Universiteti də oxşar addım atıb. Əməkdaşlara verilən pul mükafatının məbləği açıqlanmasa da universitetin rektoru Kamal Abdullanın bu haqda əmr verdiyi məlum olub.
Günay Şahmar, Bizim.Media