Repetitor yanına getmədən universitetə qəbul olmaq MÜMKÜNDÜR? – AÇIQLAMA 

Repetitor yanına getmədən universitetə qəbul olmaq MÜMKÜNDÜR? – AÇIQLAMA 

Hazırda oxunan: Repetitor yanına getmədən universitetə qəbul olmaq MÜMKÜNDÜR? – AÇIQLAMA 

170724

Azərbaycanda uzun illərdir abituriyentlərin hazırlıq kursları və repetitor xidmətindən istifadəsi müzakirə olunur. Kimisi bunu dərs yükünün ağırlığı, kimisi imtahanların çətin olması, kimisi isə tamamilə subyektiv səbəblərlə əlaqələndirir. 

Repetitorluq necə ənənəyə çevrildi?

Əvvəllər müəyyən siniflərdə ancaq ali məktəbə qəbul üçün istifadə edilən əlavə məşğələlər artıq kütləvi hal alıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Repetitorlar SOSİAL PROBLEMƏ necə çevrilir? – “Kölgə təhsili”ndəki MİLYONLAR


İllər öncə tətbiq edilən kurikulum tədris sistemi də əlavə hazırlıq ənənəsini azaltmadı. Əksinə bəzi valideynlər bu sistemin çətin olduğunu, öz övladlarına dərslərin mənimsəməsində yardım edə bilmədiklərini əsas gətirərək əlavə müəllim yardımına haqq qazandırırlar. 

Repetitor yanına və hazırlıq kurslarına getmək abituriyentlərə lazım olan bilikləri vəd etsə də, müəllimlərin və valideynlərin işini artırır. Müəllim əlavə qazanc əldə etməsinə rəğmən gündə daha çox işləməli olur. Valideyn isə ölkədə təhsilin pulsuz olduğunu bildiyi halda övladına lazım olan təhsil üçün əlavə pul ödəyir. 

Maraqlıdır, hazırkı təhsil sistemi ilə repetiror yanına getmədən ali məktəbə qəbul olmaq mümkündür?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan təhsil üzrə ekspert Kamran Əsədov deyib ki, məktəbin verdiyi təhsillə ancaq zəif nəticə göstərərək univeristetə qəbul olmaq mümkündür:

“Repetitor yanına getmədən abituriyent ali təhsil müəssisəsinə qəbul ola bilər, amma bu, yüksək balla olmayacaq. Bu, orta məktəblərdən məzun olan bütün şagirdlərə şamil deyil. Bu gün 4432 ümumitəhsil məktəblərində 1,6 milyon şagird təhsil alır. Son illərin rəqəmlərinə görə, təqribən 85 min nəfər məktəbi bitirir. 

Əvvəlki illərin məzunları ilə bərabər ali məktəblərə isə 90 minə yaxın insan sənəd verir. Onların cəmi 50 faizi keçid balını toplayır, müsabiqə şərtlərini ödəyə bilir, 50 faizi isə 150-dən yuxarı bal toplayır. Onlar hər gün repetitor yanına gedirlər, hazırlıq kurslarına pul verirlər. 

İndi təsəvvür edin ki, bunlar hazırlaşmasa, hanslı situasiya yaranacaq. Yəni bu rəqəm daha da böyüyəcək. IX sinfin buraxılış imtahanlarında əksəriyyət əlavə hazırlıq olmadan imtahan verir və 80 faizi çox aşağı nəticə toplayır”.

Ekspert hesab edir ki, məktəbin ancaq univeristetlərə tələbə hazırlaması fikri yanlışdır:

“Orta məktəbin funksiyası maksimum bilik və bacarığa malik olan şəxslər yetişdirmək deyil, orta məktəb oxumağı, yazmağı, dinləməyi anlayan vətəndaş yetişdirir. Amma biz o məktəb yaxşı məktəb hesab edirik ki, onun məzunları 600-700 bal toplayır. Əslində, yaxşı vətəndaş yetişdirən məktəb yaxşı məktəb hesab olunmalıdır. Biz olimpiada qaliblərinin olduğu məktəbi yaxşı məktəb elan edirik. Axı olimpiada proqramı orta məktəbdə tədris olunmur. 

Qəbul imtahanları avtomatik olaraq sizi repetitor yanına, hazırlıq kurslarına yönləndirir. Doktoranturaya qəbulda C1 səviyyəsində ingilis dili tələb olunur, hansı ali məktəbdə C1 səviyyəsində ingilis dili tədris olunur?! heç birində”.

Onun sözlərinə görə, qəbul imtahanlarının səviyyəsi şagirdləri əlavə dərslərə məcbur edir:

“Tələb olunan bacarıqların olması üçün öncə onu sizə vermək lazımdır. Bizim imtahanlar bizə verilməyəni bizdən istəyir. Ona görə də bu gün Azərbaycan təhsil sistemi repetitorluqdan və hazırlıq kurslarından asılıdır. Bugünkü qəbul imtahanlarının və buraxılış imtahanlarının nəticələri orta məktəblərin nəticəsi yox, hazırlıq kurslarının və repetitorluğun nəticəsidir.

1990-ci illərdə 2000-ci ilə qədər qəbul nəticələrinə baxsaq, insanların 137-250 balla universitetə qəbul olduğunu görə bilərik. Əslində, bu gün repetitorluğu məcburi ehtiyaca çevirən qəbul imtahanlarıdır. Belə qəbul imtahanı olmaz. Siz 11-ci sinifdə oxuyursunuz, sizin 6-cı sinifdə oxuduğunuz bilikləriniz yoxlanılır. Mən bunu 6-cı sinifdə keçmişəm, dərsimi oxuyub, qiymətimi alıb, sinifdən sinfə keçmişəm. Sən məndən bunu tələb edirsənsə, məcburam ki, müəllim yanına və hazırlıq kursuna gedim. 

11-ci sinifdə də müəllimin mənə həmin siniflərdəki materialı təkrar keçmək imkanı yoxdur. Çünki müəllim 45 dəqiqə ərzində gündəlik dərsini keçə bilir”.

Günay Şahmar, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO