Alimentlərlə bağlı MÜHÜM QƏRAR – Prosedur sadələşdirildi 

Alimentlərlə bağlı MÜHÜM QƏRAR – Prosedur sadələşdirildi 

Hazırda oxunan: Alimentlərlə bağlı MÜHÜM QƏRAR – Prosedur sadələşdirildi 

170717

Ali Məhkəmə alimentin ödənilməsi ilə bağlı proseduru sadələşdirib. 

Bu barədə Bizim.Media-ya Ali Məhkəmədən bildirilib. 

Qeyd edilib ki, Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyaları Ailə Məcəlləsinə əsasən uşağa görə aliment ödəyən valideynin tələbi ilə alimentin 50 faizdən çox olmayan məbləğini yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürülməsi məsələsinə hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi məqsədi ilə baxıb.

Mülki və Kommersiya kollegiyaları bu tələbə hansı icraat qaydasında baxılması, habelə sübutetmə yükünün tərəflər arasında bölüşdürülməsi ilə bağlı qərardad qəbul edib. 

Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarına daxil olan bütün hakimlərdən ibarət məhkəmə tərkibi qərara alıb ki, Ailə Məcəlləsinin 55.3-cü maddəsində nəzərdə tutulan tələb (Məhkəmə uşağa görə aliment ödəyən valideynin tələbi ilə alimentin 50 faizdən çox olmayan məbləğini yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürmək barədə qərar çıxara bilər-red.) qətnamənin icra qaydasının müəyyən edilməsi barədə müraciətdir.

Alimentin tutulması tələbinə dair iddiaya baxılarkən bu barədə edilmiş müraciət Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.6-cı maddəsində nəzərdə tutulan qaydada həll edilir. 

Məhkəmə qətnaməsi ilə tutulan alimentə münasibətdə bu məsələ borclunun ərizəsi əsasında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsində (şə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə‐hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır - red.) nəzərdə tutulan qaydada həll edilir.

Alimentin ödənilməsinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.3-cü maddəsində nəzərdə tutulan icra qaydasının müəyyən edilməsindən sonra həmin qaydanın dəyişdirilməsi və ya ləğv edilməsi ilə bağlı əsaslar yaranarsa, belə müraciətlərə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsində nəzərdə tutulmuş icra icraatı qaydasında baxılır. 
Məhkəmə qətnaməsi ilə tutulan alimentin bir hissəsinin Ailə Məcəlləsinin 55.3-cü maddəsinə uyğun şəkildə ödənilməsi, habelə bu icra qaydasının ləğvi və yaxud dəyişdirilməsi ilə bağlı müraciətlər iddia icraatı qaydasında verildikdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən (ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə-red.), iddia ərizəsinin qəbulundan imtina olunmalı, iş səhvən icraata qəbul edildikdə isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən (İcraata xitam verilmə əsasları - iş məhkəmədə baxılmalı deyildirsə - red.) iş üzrə icraata xitam verilməli, hər iki halda iddiaçıya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən qətnamənin icra qaydasının müəyyən edilməsi barədə ərizə ilə aidiyyəti məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. 

Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.3-cü maddəsində nəzərdə tutulan qaydada uşağın adına açılmış bank hesabına yığılmış vəsaitə valideynlərdən birinin istəyi ilə sərəncam verilməsi barədə mübahisəyə həmin valideynin tələbi əsasında iddia icraatı qaydasında baxılır. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO