Aliment ödəməyənlər CƏZALANDIRILARSA… - ARAŞDIRMA   

Aliment ödəməyənlər CƏZALANDIRILARSA… - ARAŞDIRMA   

Hazırda oxunan: Aliment ödəməyənlər CƏZALANDIRILARSA… - ARAŞDIRMA   

170704

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova, keçən həftə mətbuata verdiyi açıqlamasında, aliment verməyənlərə qarşı mübarizə üçün yeni təkliflər hazırlanacağını bildirdi. 

Aliment verməyən insanların məişət zorakılığının nümayəndəsi olduğunu söyləyən sədr müavini, gələcəkdə yeni təkliflərlə çıxış edəcəklərini də diqqətə çatdırıb.

Bəs, aliment verməyənlərə qarşı cəza tətbiqi effektiv metoddur?

Bizim.Media-nın bu və ya digər suallarını cavablandıran hüquqşünas Ruslan Vəliyev hesab edir ki, bunun əvəzinə bir neçə alternativ yollar seçilməlidir:
 

MÖVZU İLƏ BAĞLI:

Alimentlərlə bağlı MÜHÜM QƏRAR – Prosedur sadələşdirildi 


“Belə ki, bu gün xarici ölkələrdə Aliment Fondu fəaliyyət göstərir. Əgər ailəsindən ayrılmış hər hansı bir şəxs aliment ödəyə bilmirsə, Uşaq hüquqlarının verdiyi bəzi üstünlüklər nəzərə alınır. Həm BMT-nin Uşaqlar haqqında Konvensiyası, həm də Azərbaycanda 1998-ci ildə qəbul edilmiş “Uşaq hüquqları haqqında” qanunda göstərilir ki, uşaqlar ən üstün hüquqlara malikdir. 

Bu baxımdan da xarici ölkələrin təcrübəsinə istinad edilməli və Aliment Fondu yaradılmalıdır ki, bu da çox müsbət addım olar. Xarici təcrübədə fondların işləmə mexanizmi belədir ki, məhkəmənin qərarı ilə aliment müəyyən olunmuş şəxs, əgər bunu hansısa bir səbəbdən ödəyə bilmirsə, o zaman bu vəsait həmin fondun hesabına ödənilir. Fond isə öz növbəsində dövlətin ona verdiyi mexanizmlərdən istifadə edərək, həmin şəxsdən ödədiyi vəsaiti tələb edir. Bu da ən effektiv yoldur”.

Onun sözlərinə görə, burada isə ilk növbədə uşaqların mənafeləri qorunur:

“Ona görə ki, məhkəmə çəkişməsi vaxtı uşaq ac qalmamalı və prosesin başa çatmasını gözləməməlidir. Bir sözlə, belə bir cəzanın artırılması son nəticədə uşağın alimenti gözləməsinə səbəb olacaq. Ən ağır və sərt cəza tətbiq edilsə belə, uşağın hüququ təmin olunmayacaq. Eyni zamanda cəzanın qaldırılması üçün aylar, illər tələb olunacaq və uşaq bunu gözləyə bilməyəcək. 

Cinayət və İnzibati Xətalar Məcəllələrində alimenti ödəyə bilməyənlərə qarşı müvafiq cəzalar müəyyən olunub. Ancaq cəmiyyətdə baş verənlər onu göstərir ki, tətqbi edilən cəzaların bir nəticəsi olmur”. 

Bəs bu günə qədər Aliment Fondu niyə formalaşmayıb? 

Milli Məclisin deputatı Fazil Mustafa, bu fondun yaranması ilə bağlı təkliflərin sayının çox olduğunu bildirib. Burada əsas söhbət uşağın taleyindən getdiyi üçün bu məsələ həll edilməlidir:

“Bununla yanaşı, alimentin kimlərə zəruri olması ilə bağlı xüsusi araşdırma aparılmalıdır. Bir çox hallarda qadınların çoxu aliment almaq üçün boşanırlar və bu da ciddi cəmiyyətdə narahatlıq yaradır. Bəzən məhkəmələr belə işlərə baxan zaman, məsuluyyəti yalnız kişinin üzərinə qoyur və qadın kənarda qalır. 

Əslində, bu məsələnin üzərinə gedilməli və müzakirə olunmalıdır. Bəzən elə hallar olub ki, qadın həyat yoldaşının yüksək əmək haqqı aldığını və boşansa, bu vəsaitdən əhəmiyyətli vəsait tutulacağını bilir, sonra isə çox rahat şəkildə belə bir addımı atır”. 

Deputat, bununla belə vurğuladı ki, bu məsələyə məişət zoraklığı kimi baxılması doğru deyil:

“Bir çox hallarda, həqiqətən də hansısa bir kişi işsizliyə görə aliment ödəyə bilmir. O, uşağına sahib çıxmaq istəyir, amma işsiz olduğu üçün bunu edə bilmir. Bu da kifayət qədər ciddi bir məsələdir. Burada ailələrin strukturu və boşanmaların səbəbləri ilə bağlı məsələlər də diqqətə alınmalı və problemə kompleks şəkildə baxılmdalıdır. Əks halda, ciddi irəliləyiş əldə etməkdə çətinlik çəkəcəyik”. 

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO