Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində həyata keçirilən yol infrastrukturu layihələri çərçivəsində Xətai rayonu ərazisində görülən işlər cari ildə də davam etdirilir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Bizim.Media-ya verilən məlumata görə, hazırda təmir-tikinti işləri rayonun yol infrastrukturu baxımından ən işlək küçələrindən hesab olunan, keçdiyi ərazidə mühüm əhəmiyyətə malik Xudu Məmmədov küçəsində aparılır. Sözügedən küçənin təmir olunan hissəsinin uzunluğu 2100 metr təşkil edir.
MÖVZU İLƏ BAĞLI:
Bu ərazidə hərəkət məhdudlaşdırılacaq - BNA xəbərdarlıq etdi
Aparılan işlər çərçivəsində küçə boyu asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, zəruri olan yerlərdə deformasiyaya uğramış yol yatağı qazılıb çıxarılıb, əks-dolğu işləri görülüb, mövcud piyada səkiləri bərpa olunub, zəruri yerlərdə yeniləri inşa edilib, küçə boyu hər bir tərəfdə yeni səki daşları düzülüb.
Bundan başqa aparılan təmir işləri zamanı səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün mövcud yağış-kanalizasiya sistemi də bərpa olunub, yeni yağış barmaqlıqları quraşdırılıb, kommunikasiya xətlərinin baxış qapaqları yenisi ilə əvəz olunub.
Hazırda küçəyə iri və xırda dənəli olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur. Asfaltlanma işləri bitdikdən sonra Xudu Məmmədov küçəsi zəruri yol nişanları, üfiqi nişanlanma xətləri və piyada zolaqları ilə təmin olunaraq müasir görkəmdə vətəndaşların istifadəsi veriləcək.
"İnşaat Norma və Qaydaları"nın tələblərinə əsasən aparılan işlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin şəxsi nəzarəti altındadır. İşlərin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.
Cari ildə Xətai rayonu üzrə təmirə ehtiyacı olan digər küçə və yollarda da yenidənqurma işlərinin aparılması nəzərdə tutulur.
Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncam və tapşırıqları əsasında agentlik tərəfindən Xətai rayonu ərazisində 2019-cu ildə 17.7 km uzunluğunda olan 14, 2020-ci ildə isə 23.8 km uzunluğa malik 18 adda küçə və yolda genişmiqyaslı təmir-tikinti işləri aparılıb.
Bizim.Media