Bakının TIXAC DƏRDİ – Qarabağa köç prosesindən sonra tıxaclar azalacaq?

Bakının TIXAC DƏRDİ – Qarabağa köç prosesindən sonra tıxaclar azalacaq?

Hazırda oxunan: Bakının TIXAC DƏRDİ – Qarabağa köç prosesindən sonra tıxaclar azalacaq?

170266

Paytaxtın tıxac problemi hələ də aktuallığını qorumaqda davam edir. Problemin həlli ilə bağlı müxtəlif fikirlər səslənsə də, real addımlar atılmadığını müşahidə edirik. Ancaq insanların ümid bağladığı bir nüans var: “Keçmiş məcburi köçkünlər Qarabağa qayıtdıqdan sonra tıxac azalacaq”.

Maraqlıdır, həqiqətən, belə olacaq, yoxsa Bakının “tıxac dərdi” daha ağırdır?

Nəqliyyat sahəsi üzrə eskpert Rauf Ağamirzəyev mövzu ilə bağlı Bizim.Media-ya danışıb.

O bildirib ki, Qarabağa köç Bakıda insanların müəyyən qisminin azalmasına gətirib çıxara bilər: 

“Ancaq paytaxtdakı tıxacların əsas səbəbi şəxsi nəqliyyat vasitələrinin küçələrdə daha çox hərəkət etməsi ilə bağlıdır. Problem insanların çoxluğunda deyil, onların hərəkət etdiyi yolların planlamasındadır. Şəhərin əhalisi indikindən də çox ola bilər, amma piyada mobilliyinin təmin edilməsi üçün təkmilləşmiş şəhər infrastrukturuna çox böyük ehtiyac var. 

Velosiped zolaqlarının daha rahat, təhlükəsiz təşkili, səkilərin bariyersiz olması, ayrılmış avtobus zolaqları, şaxələnmiş metro şəbəkəsi, şəhərətrafı elektrik qatarları, yüngülreysli dəmiryol sistemi, tramvaylar, trolleybuslar, elektrobuslar və s. kimi müxtəlif seçimlərlə ictimai nəqliyyatın təklif olunduğu şəhərdə tıxac probleminin həllində mühüm addım atmış olarıq. Beləliklə, fərqli bir şəhərə sahib ola bilərik”. 

Ekspertin fikrincə, problem daha çox idarəetmədədir: 

“Qurumlar arasında koordinasiya hansı səviyyədədir? Bir qurum nəyisə düzəltmək istədiyi halda digər qurum tam əksini edirsə, burada ciddi suallar yaranır. Şəhərin tam mərkəzində velozolaq təşkil edilir, digər hissəsində isə səkini kəsib parklanma yeri kimi istifadəyə verirlər. Bu da qurumlar arasında ziddiyəti açıq ortaya qoyur. 

Bir qurum digərinin işini korlaya bilir. Problem məhz budur. İnsanlarda problem yoxdur. İnsan üçün şərait yaratdıqdan sonra o, özü qərar verəcək. Bir çox şəhər sakini əlacsızlıqdan kreditə maşın alıb. 

“Mənə maşınla hərəkət etmək daha komfortludur” kimi yanlış fikir formalaşıb. 

Təxminən 10 il öncə belə bir hesabat var idi ki, Bakı şəhərində 25 kilometrdən artıq məsafəyə avtomobil sürmək daha effektlidir. Ancaq bizim şəhərin sıx məskunlaşma olan indiki sərhədləri 10-15 kilometri aşmır. Xırdalan belə həmin 15 kilometrə düşür.

Biz insanları qorumaq üçün müxtəlif təkliflər verməliyik ki, onlar rahat hərəkət edə bilsinlər. Avtomobil ilə hərəkət etmək də insanların haqqıdır. Ancaq vətəndaşlar üçün alternativ variant formalaşdıranda onlar da Avropa sakinləri kimi gündəlik səfərlərini ictimai nəqliyyat ilə təşkil edəcəklər. Çeşidli ictimai nəqliyyat olduğu təqdirdə, insanların prioriteti dəyişəcək, yalnız zəruri hallarda fərdi nəqliyyata üz tutacaqlar”. 

Məhərrəm Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO