Qida məhsullarının idxalına məhdudiyyətlər NƏYİ DƏYİŞƏCƏK? – ARAŞDIRMA 

Qida məhsullarının idxalına məhdudiyyətlər NƏYİ DƏYİŞƏCƏK? – ARAŞDIRMA 

Hazırda oxunan: Qida məhsullarının idxalına məhdudiyyətlər NƏYİ DƏYİŞƏCƏK? – ARAŞDIRMA 

169028

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkəmizə yüksək riskli qida və yem məhsullarının idxalı ilə məşğul olan sahibkarlara növbəti xəbərdarlıq edib. Sahibkarların diqqətinə çatdırılıb ki, 2024-cü il 1 yanvar tarixinədək təsdiq üçün Agentliyə müraciət etməyən və xarici ölkələrdə fəaliyyət göstərən qida obyektlərindən yüksək riskli qida və yem məhsullarının idxalına məhdudiyyət tətbiq olunacaq.

Məhdudiyyət nədən ibarətdir?

Qurumdan bildirilir ki, yanvarın 1-dək təsdiq üçün rəsmi qaydada müraciət etməyən müəssisələrdən baytarlıq nəzarətinə aid - mal və mal əti, quş və quş əti, balıq və dəniz məhsulları, konservləşdirilmiş balıq və dəniz məhsulları, süd və süd məhsulları və heyvan yemi üçün istifadə edilən digər məhsulların ölkəmizə idxalı mümkün olmayacaq.

“Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə əsasən, risk dərəcəsi nəzərə alınaraq, ölkəmizə qida və yem məhsullarının idxalı üçün həmin məhsulların istehsal və emal olunduğu xarici qida obyektləri təsdiq edilməlidir. Məhz qanunun tələblərindən irəli gələrək, Agentlik təsdiqdən keçməyən xarici qida obyektlərindən məhsul idxalına məhdudiyyət qoyulacağı ilə bağlı KİV-də dəfələrlə xəbərdarlıqlar edib.

Buna baxmayaraq, Agentliyə bəzi ölkələrin istehsalçılarından təsdiqlə bağlı hələ də müraciətlər daxil olmayıb. Ona görə də müvafiq qiymətləndirmə aparılmayan və təsdiq edilməyən məhsulların idxalı 1 yanvar 2024-cü ildən dayandırılacaq və idxalçı şirkətlərlə bağlı qanunvericilik çərçivəsində tədbirlər görüləcək.

 “Ətraflı məlumat tələb olunmalıdır”

Məsələ ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, bu vacib bir qərardır:

“İndiyənə qədər kim nə istəyirdisə, ölkəmizə idxal edirdi. Amma növbəti ildən bu belə olmayacaq. AQTA idxalla məşğul olan şirkətlərdən tələb edir ki, gətirdikləri məhsullar barədə ətraflı və səhih məlumatlar təqdim etsinlər. Təsadüfi deyil ki, məhsul satdığımız bütün ölkələr bizdən bu cür sənədləri tələb edir. Hər bir istehsalçı məhsul haqqında ətraflı və zəruri məlumatı verir.

Ona görə də Azərbaycan da növbəti ildən qanuna uyğun olaraq bu tələbləri irəli sürür. Yeni qaydalar nə qədər vacib olsa da bu ilk aylarda istehlak bazarındakı qiymətə müəyyən təsir göstərəcək. Yəni qiymətlər müəyyən qədər artacaq. Amma sonrakı dövrdə qiymətlər sabitləşəcək”.

Akif Nəsirli onu da qeyd edib ki, bu qərarın icrası yerli istehsal üçün də bir stimul olacaq:

“İdxalın azalması hesabına yerli sahibkarlar bazara daha çox məhsul çıxaracaqlar. Hesab edirəm ki, qida sahəsində idxalın müəyyən qədər məhdudlaşdırılması ölkə iqtisadiyyatına müsbət töhfə verəcək. Çünki idxal qaydalarının sərtləşdirilməsi imkan verəcək ki, anoloji məhsullar yerlərdə daha çox istehsal edilsin. Bütün hallarda biz keyfiyyəti kəmiyyətə qurban verməməliyik”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO