Tovuz rayonunun orta məktəblərində çalışan laborant və katibələr arasında imtahan keçirilir.
Bizim.Media-ya daxil olan məlumata görə, bir neçə gün əvvəl Qazax-Tovuz Regional Təhsil idarəsi tərəfindən labarantlar üçün imtahan keçirilib. Yaxın günlərdə isə katibələr arasında diaqnostik qiymətləndirmə keçiriləcəyi bildirilir.
MÖVZU İLƏ BAĞLI:
Naxçıvanda ilk dəfə təhsil müəssisələrinin yardımçı heyəti üçün test imtahanı keçirilir - FOTO
Onların hansı səbəbdən imtahan edilmələri isə bəlli deyil. Məsələ təhsil müəssisələrində narazılıqlara və ciddi müzakirələrə səbəb olub. Əksəriyyət belə bir imtahanın keçirilməsi mahiyyətini ixtisara düşəcəkləri ilə əlaqələndiriblər.
Təhsil sahəsində bütün diaqnostik qiymətləndirmələrin əvvəlcədən aidiyyəti qurumlar tərəfindən açıqlandığını nəzərə alsaq, sözügedən imtahanların Qazax-Tovuz Regional Təhsil İdarəsi tərəfindən keçirilməsi qeyri-müəyyənlik yaradır.
Qazax-Tovuz Regional Təhsil İdarəsinin mətbuat katibi Nəcibə Vəliyeva Bizim.Media-ya açıqlamasında məlumatı təsdiqləyib:
“Hazırda ümumtəhsil müəssiələrində çalışan katibə-kargüzar və laborantların təlim ehtiyaclarını müəyyən etmək məqsədilə onların diaqnostik qiymətləndirilməsi nəzərdə tutulub. Nəzərinizə çatdırırıq ki, diaqnostik qiymətləndirmədən sonra heç bir namizədin işdən azad edilməsi nəzərdə tutulmayıb”, -deyə qurum rəsmisi qeyd edib.
Məlumat üçün bildirək ki, Tovuz rayonunda 68 orta ümumtəhsil məktəbi fəaliyyət göstərir.
Alçina Amilqızı, Bizim.Media