Xəbər verdiyimiz kimi, Azərbaycan və Ermənistan arasında əsir hərbi qulluqçuların qarşılıqlı surətdə azad edilməsi barədə razılıq əldə olunub. Razılığa əsasən, hazırda Ermənistanın əsir kimi saxladığı azərbaycanlı hərbçilər - Bəbirov Aqşinlə Axundov Hüseyn azad edilib.
Bu gün Bakı və İrəvan Azərbaycan-Ermənistan sərhədində, Qazax rayonu ərazisində əsir mübadiləsi reallaşacaq. Həmçinin hər iki hərbçimizin valideynləri ilə görüntülü ünsiyyəti təmin olunacaq.
Bizim.Media-nın əməkdaşı mövzunun aktuallığını nəzərə alaraq, Hüseyn Axundovun anası Şəlalə Axundova və Aqşin Bəbirovun anası Dürdanə Bəbirova əlaqə saxlayıb.
MÖVZU İLƏ BAĞLI:
Bu gün Bakı və İrəvan Qazaxla sərhəddə əsirləri DƏYİŞDİRƏCƏK
Şəlalə xanım sevincini bölüşərkən bu fikirləri səsləndirib:
“Övladımı “super” formada qarşılamaq istəyirəm. Bacısı, digər oğlum və , dostları onu qarşılamağa hazırlaşırlar. Bayraqlarımızla önünə getməyə hazırlaşırıq. Sevincimin həddi-hüdudu yoxdur”.
Əsirlikdən azad ediləcək növbəti əsgərimiz Aqşin Bəbirovun anası Dürdanə Bəbirova da hisslərini bizimlə bölüşüb. O, deyib ki, oğlunun gəlişinin şərəfinə çadır qurub şadyanalıq edəcəklər:
“Sevincdən nə yerdəyəm, nə də göydə... Balam gecə yuxuma girib. Yuxuda gördüm ki, üstümə qaçır, məni möhkəm qucaqlayır. Doyunca yuxuda öpmüşəm onu... İki ana gecə yatmamışıq. Ağrılarımıza görə sadəcə 2 saat mürgülədik. Onda da balam yuxuma girdi. Bu günümüzə min şükür edirəm. Cənab Prezidentə çox təşəkkür edirəm. Hər sözümün başında da, sonunda da o dahi şəxsiyyətdir. Bu sevinci biz analara yaşatdığına görə ona nə qədər təşəkkür etsəm, azdır. Sanki övladımı dünyaya yenidən gətirmişəm. Oğlum üçün çadır qurub, şənlik edəcəm. Bayraqlarla, maşınlarla startda dayanmışıq”.
Məhərrəm Əliyev, Bizim.Media