Akademik Nərgiz Paşayevanın doğum günüdür

Akademik Nərgiz Paşayevanın doğum günüdür

Hazırda oxunan: Akademik Nərgiz Paşayevanın doğum günüdür

168767

Bu gün Əməkdar elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru akademik Nərgiz Paşayevanın  doğum günüdür.

Bizim.Media xəbər verir ki, hazırda o, Azərbaycan elminin, təhsilinin, mədəniyyətinin inkişafına böyük töhfələr verir, mənsub olduğu Mir Cəlal Paşayev və Nəsir İmanquliyev ocağının ənənələrini layiqincə davam etdirir.

Nərgiz Paşayeva 1983-cü ildə Azərbaycan Dövlət Universitetini (indiki Bakı Dövlət Universiteti) fərqlənmə diplomu ilə bitirib. 26 yaşında elmlər namizədi olub. “Sabirin novatorluğu” adlı dissertasiya işini vaxtından əvvəl tamamlayıb və müvəffəqiyyətlə müdafiə edib.

Çıxışlarından birində söylədiyi kimi, tale onu üç universitetə bağlayıb: Bakı Dövlət Universiteti – Azərbaycanın qürur mənbəyi, ilk ali təhsil ocağı, M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı və Oksford Universiteti.

Nərgiz Paşayeva 1987-ci ilin mart ayından Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasında assistent, müəllim, baş müəllim, dosent vəzifələrində çalışıb.

2004-cü ildə “Müasir Azərbaycan ədəbiyyatında insanın bədii-estetik dərki (xalq yazıçısı Elçinin yaradıcılığı əsasında)" mövzusunda doktorluq dissertasiyasını müdafiə edib, 2005-ci ildə filologiya elmləri doktoru alimlik dərəcəsinə və professor elmi adına layiq görülüb.

2006–2008-ci illərdə Bakı Dövlət Universitetində beynəlxalq əlaqələr üzrə prorektor vəzifəsində işləyib, eyni zamanda, Dissertasiya Şurasına rəhbərlik edib.

2008-ci ildən M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialının fəaliyyətə başlaması Azərbaycanın təhsil sistemində əlamətdar hadisə oldu. Akademik Nərgiz Paşayevanın rəhbərlik etdiyi MDU-nun Bakı filialı çox keçmədi ki, Xocasən kampusunda 47-ci Beynəlxalq Kimya Olimpiadasına (2015) yüksək səviyyədə ev sahibliyi etdi. Artıq 15 ildir ki, bu təhsil ocağı müasir dövrün tələblərinə cavab verən, elmi və yaradıcı təfəkkürü ilə fərqlənən mütəxəssislər yetişdirir.

2013-cü ildə Oksford Universitetində Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzi isə akademik Nərgiz Paşayevanın gərgin zəhməti sayəsində yaradılıb. Mərkəz Azərbaycanın və onun yerləşdiyi Qafqaz regionunun tarixi və mədəniyyətinin öyrənilməsi üzrə Böyük Britaniyada Oksford Universitetində ölkəmizin təmsil olunduğu ilk elmi-tədqiqat ocağıdır.

Akademik Nərgiz Paşayevanın Nizami Gəncəvi Elmi Mərkəzinin Azərbaycan tərəfdən rəhbəri, eyni zamanda, İngiltərə-Azərbaycan Cəmiyyətinin həmsədri kimi həyata keçirdiyi layihələr milli elmimizin, tariximizin dünyada təbliğində mühüm rol oynayır.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə Nərgiz Paşayeva 2009-cu ildə “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb, 2022-ci ildə “Şərəf” ordeni ilə təltif olunub.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO