“Təkcə kökəlmək üçün nəzərdə tutulan preparat deyil, aktiv qida məhsulu kimi təqdim edilən bəzi məhsullar və dərmanlar da insa orqanizmi üçün çox təhlükəlidir. Bəziləri qeydiyyatdan keçib, ancaq bəziləri qeydiyyata alınmadan “İnstaqram” kimi sosial şəbəkələrdə açıq şəkildə reklam olunurlar”.
Bu fikri Bizim.Media-ya açıqlamasında, dietoloq Ləman Süleymanova bildirib.
MÖVZU İLƏ BAĞLI:
Qida əlavələri fayda gətirir, yoxsa FƏLAKƏT? – Gizlədilən HƏQİQƏT
“İnsanlar da onlara inanaraq…”
Müsahibimiz, son vaxtlar ölkədə yan təsirlərə malik və tərkibində naməlum maddələrin olduğu məhsulların satışının artıdığını diqqətə çatdırıb:
“Bu barədə müxtəlif mətbuat orqanlarında danışsaq da, məlumat versək də, heç bir nəticəsi olmur və insanlar hələ də belə məhsullara maraq göstərirlər. Sosial şəbəkələrə hələ də nəzarət təmin olunmayıb və müəyyən qrup və şəxslər bundan məharətlə istifadə edirlər. Çoxu isə Gənclik, 28 May və Nərimanov metrostansiyalarının yaxınlığında ofis açaraq, xəstə qəbul edir, arıqladıcı çay, kokteyl və dərmanlar satırlar.
İnsanlar isə onlara inanaraq həmin ofislərə gedir, onların qəbuluna düşür, müayinə olunur və həmin dərmanları alırlar”.
“Diplomsuz həkimlərin fəaliyyətinə son qoyulmalıdır”
Dietoloq vurğulayıb ki, bütün zəhərli dərmanların və preparatların satışı tamamilə qadağan olunmalıdır:
“Eləcə də diplomsuz həkimlik fəaliyyəti göstərən həkimlərin fəaliyyətinə son qoyulmalı və onların qarşısı alınmalıdır. Bütün problemlərin əsas qaynağı sosial şəbəkələrdir. Əsl həkimlər hər bir pasiyentə qarşı individual yanaşma tətbiq edirlər. Belə ki, əvvəlcə pxisoloji müalicə edir, yəni onları sorğu-sual edirik, əgər nədənsə şübhələniriksə, onlardan qan analizləri götürülür və UZİ müayinəsi olunur.
Ancaq bu şəbəkələrdə yaranan “dietoloji bazar”ın iştirakçıları 2018-ci ildən sonra daha da aktivləşdilər və fəaliyyətlərini bu günə qədər də davam etdirirlər.
Həkimlik diplomu, təcrübəsi olmayan, heç bir tibb müəssisəsində çalışmayan insanlar Türkiyəyə, Rusiyaya gedərək, heç bir dəyəri olmayan və heç yerdə tanınmayan konfranslarda və kurslarda iştirak edir, “sertifikat” alır və sosial şəbəkələrdə yerləşdirirlər.
Bundan sonra isə özlərini dietoloq-həkim kimi təqdim edir və marafonlar təşkil edirlər, sonra isə 10-20 nəfəri bura qoşurlar. Növbəti addım kimi isə arıqladıcı çaylar, kokteylər kimi saxta dərmanların satışını həyata keçirirlər. Onların tərkibindəki maddələr isə insan orqanizmi üçün çox zərərlidir”.
Həkim bu məsələ ilə bağlı xeyli sayda müraciətlərin olduğunu da qeyd edib:
“Bu yaxınlarda bizə müraciət edən qadın pasiyentlərdən biri bu marafonlardan birinə qoşulduğunu bildirdi. Onun səhhətində çox ağır problemlər ortaya çıxıb və onda mədəaltı vəzin və on iki barmaq bağırsağın xorası xəstəliyi aşkar olunub. Çünki həmin həkimlərin birinin təklif etdiyi dietoloji dərmanlardan istifadə edib və son nəticədə onda qanaxma baş verdiyi üçün xəstəxanaya yerləşdirilib.
Başqa bir qadın isə bu yaxınlarda 12 yaşlı qızı ilə bağlı bizə müraciət etdi. Sosial şəbəkələr vasitəsilə kokteyl sifariş etdiyini deyən xanımın sözlərinə görə, bunu içdikdən sonra qızının vəziyyəti qəfildən ağırlaşıb, bir müddət sonra isə vəfat edib. Əgər araşdırma aparsaq, həmin çaylardan və kokteyllərdən dünyasını dəyişənlərin sayının kifayət qədər olduğunu görərik”.
Sağlamlığımızı qorumaq üçün nə etməli?
Məsələ ilə bağlı vəziyyətin günü-gündən daha da gərginləşdiyini söyləyən Ləman Süleymanova vətəndaşlara bəzi tövsiyələrə əməl etməyə çağırıb:
“Özünü, ailəsini və övladını sevən insanlar heç vaxt belə məhsulları almasın və istifadə etməsin. Onların tərkibindəki zəhərli maddələr azyaşlı uşaqların və yeniyetmələrin daxili orqanlarını qısa müddətdə sıradan çıxarır. Ona görə ki, belə dərmanların və çayların tərkibində instruksiyada qeyd olunmayan və hormonal mübadiləyə mənfi təsir göstərən çoxsaylı maddələr var.
Arıqladıcı çayların tərkibindəki “Maxoan-ehedra” adlı maddə qaraciyərə dağıdıcı zərbə vurur, mədəaltı vəzə mənfi təsir edir. Eyni zamanda, qadınlarda və kişilərdə ciddi problemlərə səbəb olur, sonsuzluq yaradır”.
Onun sözlərinə görə, belə məhsulların böyük əksəriyyətinin rəsmi icazə sənədi yoxdur:
“Onların satışını həyata keçirənlər nə Səhiyyə Nazirliyinin İnnovasiya İdarəsindən, nə də Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən hansısa bir rəy və ya sertifikat alıblar, Bir sözlə, heç bir sənədləri yoxdur. Yalnız kiçik bir qrup müxtəlif vasitələrlə qeydiyyatdan keçir və sertifikat əldə edə bilir. Bundan sonra öz məhsullarını rahat şəkildə apteklərdə satışa çıxarırlar. Bu da onu göstərir ki, ölkədə müəyyən qruplar və dəstələr formalaşıb. Onlar mövcud qanunvericilikdəki boşluqlardan səmərəli şəkildə istifadə edirlər”.
Müsahibimiz vurğulayıb ki, Səhiyyə Nazirliyi birmənalı şəkildə belə insanların sosial şəbəkələr üzərindən fəaliyyət göstərmələrinə, özlərini həkim kimi göstərmələrinə imkan verməməlidir.
İlk növbədə isə müvafiq sənədləri tələb etməlidir:
“Hər şey bir kənara, burada insan həyatından söhbət gedir və SN bunu nəzərə almalıdır. Eyni zamanda əhali arasında maarifləndirmə tədbirləri həyata keçirsin və insanlara müvafiq məlumatlar versin”.
Rövşən Ziya, Bizim.Media