MTK idarəçilərini və kommunal tarifləri kim MÜƏYYƏN EDİR? – Hüquqşünasdan AÇIQLAMA 

MTK idarəçilərini və kommunal tarifləri kim MÜƏYYƏN EDİR? – Hüquqşünasdan AÇIQLAMA 

Hazırda oxunan: MTK idarəçilərini və kommunal tarifləri kim MÜƏYYƏN EDİR? – Hüquqşünasdan AÇIQLAMA 

168673

Bakı sakinlərinin son illər şikayətlərinin bir qismi mənzil tikinti kooperativlərinin (MTK) fəaliyyəti ilə bağlıdır.

Qanuna görə, mənzil tikinti kooperativləri yaşayış binasını mülkiyyətçilərə təhvil verdikdən sonra binanın idarə edilməsində iştirak edə bilməz. Yəni mənzil sahibləri qanuna uyğun olaraq idarəetmə üsulunu seçməlidirlər.
 

MÖVZU İLƏ BAĞLI:

Baş Prokurorluq MTK-lardan ev almaq istəyənlərə MÜRACİƏT ETDİ


Lakin Bakıdakı çoxmərtəbəli binaları idarə edən MTK-larla bağlı yazılan şikayətlər onu göstərir ki, binanın idarə edilməsində bina sakinləri iştirak etmirlər.

Şikayətlər əsasən, xidmətə görə ödənilən haqların yüksək olması, rüsumun sakinlərlə müzakirə aparılmadan artırılması, xidmət haqlarının  gecikməsinə görə kommunal xidmətlərin məhdudlaşdırılması ilə bağlıdır. Aylıq vəsait ödənsə də, binada lift xarab olduqda və digər problemlər yarandıqda sakinlərdən əlavə pul tələb olunur. 

Çoxmərtəbəli yaşayış binalarının sakinlərinin şikayətlərinin bir qismi isə MTK-ların mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin (MMC) yaranmasına mane olması ilə əlaqədardır. Sakinlər hesab edirlər ki, yaradılan MMC də sakinlərin yox, MTK-nın maraqlarına xidmət edir. 

Ümumiyyətlə, binanaları idarə edənləri və tarifləri kim təyin edir?

Sakinləri narahat edən problemlərlə bağlı hüquqşünas Pərviz Hacıyev Bizim.Media-ya danışıb.

O, binayla bağlı hər hansı məsələdə sakinlərin iştirakının vacib olduğunu bildirib:

“Binanı MTK tikir, yerində mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti yaranır. Həmin cəmiyyətin idarə heyəti, təftiş komissiyası formalaşır və mülkiyyətçilərin ümumi yığıncağı olur. Tariflər mülkiyyətçilərin ümumi yığıncağında müəyyən olunmalıdır. Ümumi yığıncaqda səsvermə açıq birbaşa və ya qiyabi şəkildə keçirilə bilər. Qiyabi səsvermədə bülletenlər sakinlərə paylanır, sakinlər gündəlikdə olan məsələ, tarifin artırılmasına razı olub olmadıqlarını bildirirlər. Səsvermənin nəticəsinə uyğun da tariflər dəyişdirilə bilər. Yəni sakinlər qiymətin artırılmasına razıdılarsa, dəyişir, razı deyillərsə, dəyişmir”.

Hüquqşünas hesab edir ki, tariflər artırılmalı olsa belə bunun səbəbi izah edilməlidir:

“Tariflərin özünü müəyyən etmək üçünsə MMC-nin idarə heyəti ümumi binanın saxlanma xərclərini nəzərə alır. Yəni hər bir MMC-nin mühasibatlığı olmalıdır, onlar hara, nə qədər xərc çəkildiyinin qeydiyyatını aparmalıdırlar. Əgər idarə heyəti qiymətin qaldırılması məsələsini qoyursa, onu əsaslandırmalıdır. 

Tariflərin qalxması bir sıra amillərlə, bazar qiymətlərinin qalxması, inflyasiya və s. bağlıdır.

Binalarda ən çox liftlərlə bağlı problem yaranır, yəni hər bir MMC-nin özünün hansısa şirkətlə müqaviləsi olur, həmin şirkət onlara xidmət göstərir. Əgər həmin şirkət qiyməti qaldırırsa, ona uyğun olaraq da idarə heyəti iclas keçirib, qiymətin qalxma səbəbini izah etməlidir. Yəni axşam yatdım, səhər durdum qiyməti qaldırdım, bu, elə olmur”.

Həmsöhbətimiz səsvermənin şəffaf keçirilmədiyini, bina sakinlərinin adından saxta imza atıldığını qeyd edib:

“Səsvermə çox hallarda şəffaf keçirilmir və mülkiyyətçilər öz hüquqlarını bilmirlər deyə nəyə qol çəkdiklərinin fərqində olmurlar. Mülkiyyətçilər bilməlidirlər ki, idarə heyəti onların qarşısında cavabdeh qurumdur və hər bir halda qol çəkdikləri sənədə baxmalıdırlar. Qiyabi səsvermə vərəqəsində gündəlikdə olan məsələlərin hamısı yazılmalıdır.

Mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti çox vaxt vətəndaşları aldadır. Yəni insanlara nəylə bağlı qol çəkdirdiklərini izah etmirlər, formal olaraq qol çəkdirirlər, sonra da səsvermənin keçirildiyini deyirlər. Bunlar hamısı insanların hüquqi cəhətdən maariflənməsinin zəif olmasından irəli gəlir. Qanunda yazılıb ki, bununla bağlı qiyabi səsvermə keçirilə bilər. Onu əzbərləyib, vərəqələri çıxarıb öz işçilərinə verirlər və sakinlərə izah etmədən qol çəkdirirlər.

Sakinlər gedib protokulu tələb etməli və soruşmalıdırlar ki, biz bunu nə vaxt müzakirə etdik, hanı mənim səsvermə vərəqim?! Özləri sakinlərin əvəzinə imzaları saxtalaşdırılar. 

Yaxud da ola bilər ki, səsvermə tam obyektiv keçirilsin, 60 faiz tariflərin qaldırılmasına hə, 40 faiz yox deyir. Yox deyənlər etiraz edir, amma başa düşmürlər ki, qərar ümumi səsvermənin nəticəsindən asılı olaraq qəbul olunur”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO