Xəbər verdiyimiz kimi dinc dövrdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, gizirlər və miçmanların xidmət etdikləri son yaş həddi dəyişir.
Bu, Milli Məclisə daxil olan “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”yə təklif edilən dəyişiklikdə əksini tapıb.
MÖVZU İLƏ BAĞLI:
MAXE, gizir və miçmanlar üçün xidmətdə olmağın son yaş həddi artırılır
Qanun layihəsinə əsasən, “Hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 39-cu maddəsinə müvafiq olaraq dinc dövrdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları bundan sonra müddətli həqiqi hərbi xidməti 36,5 yaşa qədər, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, kiçik və baş zabitlər, gizirlər və miçmanlar üçün isə 48 yaşa qədər müəyyən edilib.
Polkovnik və dogər yüksək hərbi rütbəsi olan zabitlər 53 yaşa qədər, ali zabitlərsə - general-mayor, kontr-admiral, general-leytenant, vitse-admirallar 58 yaşa qədər, general-polkovnik, admiral rütbələrində olanlarsa 63 yaşa qədər hərbi xidmət keçə biləcəklər. Ordu generalı üçün isə son yaş həddi müəyyən edilmir.
Dəyişiklik müddətli hərbi xidmətə çağırılanlara da şamil olunur?
Hərbi ekspert Ədalət Verdiyev Bizim.Media-ya açıqlamasında bildirib ki, son dəyişikliklər yalnız müddətdən artıq hərbi xidmət edən hərbi qulluqçulara aiddir:
“Bildiyimiz kimi hazırda Azərbaycan ordusunda həm Birinci, həm də İkinci Qarabağ müharibəsində iştirak etmiş hərbçilər qulluq keçir. Həmin hərbi qulluqçulara daha üstün imkanlar yaratmaq üçün yaş həddlərində müəyyən dəyişikliklər edilir. Bu dəyişikliklər hərbçilərə həm daha uzun müddətdə hərbi xidmət keçməyə, həm də yüksək pensiya almalarına təminat yaradacaq”.
Ədalət Vediyev onu da qeyd edib ki, yeni dəyişikliyə əsasən ümumi hərbi xidmətetmə müddəti 20 ildən 25 ildədək uzadılır:
“Bu da hərbçilərə daha uzun müddətdə orduda xidmət etməyə imkan verir. Bu isə əlavə 5 il üçün 15 faiz pensiya hüququ da yaradır. Yəni 25 il xidmət keçən hərbçilər daha çox pensiya alacaqlar.
Yeni qanun 17 il hərbi xidmət keçən hərbçilərə şamil edilməyəcək. 17 il hərbi xidmət keçənlər 20 illik hərbi xidmətdən sonra ordudan tərxis olunacaqlar. Bu məsələnin Milli Məclisin müzakirəsinə çıxarılması daha çox hərbçinin Azərbaycan ordusunda xidmət etməsinə şərait yaratmasına hesablanmış bir qanunvericilik təşəbbüsüdür”.
Surxay Atakişiyev, Bizim.Media