“Aprel döyüşünün şəhidi  Nurlan, şahidi isə İntiqam oldu” - İKİ ŞƏHİD ANASI - FOTO

“Aprel döyüşünün şəhidi  Nurlan, şahidi isə İntiqam oldu” - İKİ ŞƏHİD ANASI - FOTO

Hazırda oxunan: “Aprel döyüşünün şəhidi  Nurlan, şahidi isə İntiqam oldu” - İKİ ŞƏHİD ANASI - FOTO

16833

“Aprel döyüşlərində və II Qarabağ savaşında  şəhid olan Nurlan və İntiqam mənim övladlarımdır. İntiqam Nurlanın nəşini çiynində daşıyaraq döyüş meydanında çıxarıb”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında şəhid anası Ziba Ələsgərli dedi.

“20 yaşlı Nurlanımı Aprel döyüşlərində şəhid verdim. Hər ikisi Xüsusi Təyinatlıların hərbiçisi olub. Nurlan 2014-cü ildə hərbi xidmətə yola düşdü. Sonra könüllü olaraq, Xüsusi Təyinatlıların kursuna yazıldı.

Hər ikisinin xüsusi təyinatlı olmağı ilə qürur duyurdum. Mənim övladlarım ailəsinə sədaqətli olduğu kimi dövlətinə və torpağına da sadiq olublar.  

Hərbiçilərin bayrağına hörməti yüksək, Allaha da inamı güclü olur. Mənim də övladlarım belə balalar idi. Onlarla qürur duyuram. Qarabağ mövzusu onlar üçün yad bir məsələ deyildi.

Gözlərini açıb evdə qazi əmilərini, şəhid ailələrini görmüşdülər. Hərbiyə getməmişdən öncə hər ikisi cüdo və boks kimi idman növləri ilə məşğul olub. Məqsədləri düşmən tapdağı altında olan torpaqlarımızı azad etmək idi. Arzulayırdılar ki, torpaqların azad olunmasında, I Qarabağ savaşı zamanı uşaqların, qocaların, günahsız insanlarn qisasının alınmasında  rolları olsun. Aprel döyüşünün şəhidi Nurlan, şahidi isə İntiqam oldu”. 

Şəhid anası onu da vurğuladı ki, Nurlan qardaşı İntiqamın gözünün qabağında şəhid olub:

“Qardaş qardaşını çiynində döyüş meydanından çıxarıb” dedilər. Həmin oğullar mənim balalarım idi. Nurlan şəhid olandan sonra  İntiqam özünə “Qisas” ləqəbi vermişdi. Elə oldu ki, II Qarabağ savaşında gedən döyüşlərdə İntqam da iştirak etdi, şəhid oldu.

Şuşanın azd olunmasında mənim də oğlumun payı var. İndi İntiqamın təsəllisini onun yeni dünyaya gələn oğul övladından alıram.

Siz təsəvvür edin ki, ona zəng etdim ki, oğlun olacaq. Cavab vermədi, döyüşlərdə idi, telefonu bağlı oldu. Mənim üçün İntiqam yenidən doğuldu. Nəvəmin adını da İntiqam qoyduq. Hər iki oğlumu yubiley yaşında torpağa tapşırdıq. Nurlan 20, İntiqam isə 30 yaşında şəhid oldu”.

Gülşanə Mustafayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO