Yerüstü piyada keçidlərindən niyə İMTİNA EDİRİK? – Ekspert qüsurları SADALADI 

Yerüstü piyada keçidlərindən niyə İMTİNA EDİRİK? – Ekspert qüsurları SADALADI 

Hazırda oxunan: Yerüstü piyada keçidlərindən niyə İMTİNA EDİRİK? – Ekspert qüsurları SADALADI 

168097

Hər gün yol-nəqliyyat hadisələri ilə bağlı məlumatlara rast gəlinir. Xeyli sayda insan baş verən qəzaların qurba nı olur.

Dəhşətli statistika

Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, bu ilin 9 ayı ərzində yol qəzalarında 627 nəfər həlak olub. Ümumilikdə isə 1204 qəza qeydə alınıb. Qəza sayı ötən illə müqayisədə azalsa da, qəzada ölənlərin sayı artıb. Belə ki, 2022-ci ilin eyni dövründə 599 nəfər avtomobil qəzasında həlak olub.

Baş verən yol-nəqliyyat hadisələrinin bir hissəsi piyadalarla bağlıdır. Magistral yollarda piyadalar üçün yerüstü və yeraltı piyada keçidi quraşdırılıb, eləcə də piyada zolağları çəkilib.

Bununla belə bəzi hallarda onlardan istifadə olunmur. Piyadaların keçidlərdən imtinası onlara canları hesabına başa gəlir. 

İnsanları belə təhlükəyə atan isə bir sıra hallarda keçidlərin əlverişsiz olmasıdır. Belə ki, bəzi yerüstü və yeraltı keçidlərdə eskalatorlar quraşdırılsa da, çoxu işləmir. Yaşlı insanlar 3-4 metr məsafəni düşüb-çıxmaqda çətinlik çəkirlər. Pillələri arasındakı məsafə də normal pilləkəndən fərqlənir. Eskalator əzabından qurtulmaq istəyənlər özləri də bilmədən təhlükənin içinə düşürlər. 

Bir neçə gün öncə 71 yaşlı qadının ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsinin baş verdiyi Xətai rayonu, 8 Noyabr prospektində də yerüstü piyada keçidindəki eskalatorun vaxtaşırı işləmədiyi bildirilir. Sakinlər iddia edirlər ki, eskalator günün müxtəlif saatlarında işləmir.

“Piyada öz-özünü təhlükəyə atır”

Nəqliyyat sahəsi üzrə ekspert Elməddin Muradlı mövzu barədə Bizim.Media-ya danışarkən bunu piyadaların bəhanəsi kimi dəyərləndirib:

“O keçidlər uzun illərdir tikilib, istifadəyə verilib. İnsanlar yaxşı bilir ki, o yolda dəfələrlə insanları maşın vurub, öldürüb. Çünki təhlükəli vəziyyətdir, piyadalar keçidlərin dirəklərinin arxasından özlərini qəfil yola atırlar, sürücü son anda görür və hadisədən yayına bilmir. Sonra da deyirlər ki, piyadalar üçün təhlükəli vəziyyət yaranıb. Axı piyada öz-özünü təhlükəyə atır. 

Müasir yerüstü və yeraltı keçidlərdə eskalatorlar və s. nəzərdə tutulub. Əlbəttə, olub-olmaması da problemdir. Bəziləri günlərlə işləmir, bəziləri günün bəzi saatları işləyir. Amma istənilən halda insan görür ki, çoxzolaqlı yoldur, təhlükədir, lift olmasa, eskalator işləməsə belə keçid var. Canına qıymaq istəməyən adam, ən azından, bir başqasından bunun üçün kömək istəyər. Ümumilikdə, insanlarımız sanki təhlükəni adi hal kimi qarşılayıb, üzərinə gedirlər. 

Lİft, eskalator davası eləyən insanların çoxu 3-5-7 mərtəbəli binalarda yaşayır. Hər gün evlərinə qalxıb düşürlər. Nə oldu? Keçidə çatanda ayaqları ağrıyır?

Sadəcə, istifadə etmirlər, nəticədə qəza olur , özləri bir yana hansısa sürücünü də bədbəxt edirlər, onu psixoloji sarsıntı ilə üz-üzə qoyurar, cinayət məsuliyyətinə cəlb olunur, yəni normal insan hansısa bir səhlənkar piyadanın ucbatından olur cinayətkar”.

“Hadisə baş verən ərazidə 3 keçid var”

Ekspert piyada keçidlərinin quraşdırılması ilə bağlı qüsurların da olduğunu vurğulayıb:

“Mən qəbul edirəm ki, biz piyada infrastrukturu məsələsinə baxmalıyıq. Aidiyyatı qurumlar piyadalar üçün yaradılan şəraiti bir daha gözdən keçirməlidirlər. Konkret həmin prospektdə piyadalara kifayət qədər şərait yaradılıb. 30 faiz qüsurludur, keçidlərarası məsafəni bir çox ərazilərdə düzgün qiymətləndirmirəm. 

Hadisənin baş verdiyi 8 Noyabr prospektində 700 metr məsafədə 3 piyada keçidi yan-yanadır. Amma üzü şəhər istiqamətinə gələndə bir kilometrdən bir piyada keçidi tapılmır. Necə olur ki, 1 km məsafədə 3 dənəsini, amma üzü şəhər istiqamətinə gələndə yaşayış, iş yerlərinin olduğu yerdə keçid tikmirlər. Bu, problemli prospektdir. Ona görə də ərazini bir daha müayinə eləmək, problemləri üzə çıxarmaq və həll etmək lazımdır”.

Məsələ ilə bağlı Bizim.Media-ya açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli hazırda həmin prospektlərdəki piyada keçidlərindəki eskalatorlarda texniki nasazlığın olmadığını deyib.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO