“Problem övladın cinsində yox, valideynin verdiyi tərbiyədədir” – PSİXOLOQ 

“Problem övladın cinsində yox, valideynin verdiyi tərbiyədədir” – PSİXOLOQ 

Hazırda oxunan: “Problem övladın cinsində yox, valideynin verdiyi tərbiyədədir” – PSİXOLOQ 

168072

İstedadlı ifaçı Qaraqanın bir həftə əvvəl “Youtube” kanalında  yayımlanan “Qızım” klipi ciddi marağa səbəb olub. Ən əsası bu klipə baxan 5 ana son anda selektiv abortdan imtina etdiyini bildirib. 

Nəzərə alaq ki, son illər selektiv abortun sayı sürətlə artır. Baxmayaraq ki, selektiv abort qanunla qadağandır. Lakin, bütün qadağalara rəğmən oğlan övladı istəyən valideynlər kütləvi şəkildə qız uşaqlarının ana bətnində ölümünə bais olurlar. 

Belə bir həssas məqamda 5 qadının bir nəğməyə qulaq asıb selektiv abortdan imtina etməsi sözün həqiqi mənasında böyük hadisədir. Deməli, valideynlərimiz zənn etdiyimiz qədar qəddar və nadan deyil. Sadəcə bu sahədə marifləndirmə işi çox zəif təşkil olunub. Məsələnin həll yolu isə inzibati qadağaların ümidinə qalıb. Bu qadağalar isə ancaq müəyyən işbazların işinə yarayır.

“Abort qiymətləri də artıb”

Məsələ ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən psixoloq Gülnar Orucova bildirib ki, selektiv abortun qadağan edilməsi ancaq bəzi həkimlərin işinə yarayır:

“Müxtəlif səbəblərə görə uşaqdan imtina edən valideynlər son anda həkimə müraciət edirlər. Həkimsə ilk növbədə qanunla bunun qadağan olunduğunu bildirir. Valideynin təkidli tələbini görən həkim “çıxış yolu” təklif edir. Guya ki, hamiləlik ananın sağlamlığına ziyan verir. Vəziyyətdən çıxış yolu kimi də hamiləlikdən qurtulmaq göstərilir. 

Bu üzdəniraq sövdələşmədə həkim həm də valideynə öz qiymətini diqtə edir. Əvvəllər abortu 50-60 manata edirdilərsə, bu gün bu əməliyyatın qiyməti ən azı 2 dəfə bahalaşıb. Hazırda narkozsuz abortun qiyməti 100-120 manat, narkoznan olan abortların qiyməti isə 160-250 manat arasında dəyişir. Göründüyü kimi qadağalar abortların sayını azaltmayıb, əksinə qiymətləri artırıb”.

Valideynləri abortdan neçə çəkindirməli?

Gülnar Orucova onu da qeyd edib ki, selektiv abortların sayını qadağalar yox, maarifləndirmək yolu ilə almaq olar:

“Əgər bir nəğmə 5 valideyni bu cinayətdən çəkindiribsə, deməli təbliğat yolu ilə daha çox cinayətlərin qarşısını almaq olar. Mənə elə gəlir ki, televiziyalarda, sosial şəbəkələrdə marifləndirmə işini gücləndirmək lazımdır. Paralellər aparılmalı, müqayisələr edilməlidir. 

Qız övladlarının gözəl nümunələri cəmiyyətə təlqin edilməlidir. Məsələn, qız övladı pis şəcərə daşıyıcısıdırsa, niyə Peyğəmbərimiz Məhəmmədin qızı Fatimə İslam yox, bütün insanlığın ən gözəl nümunəsi kimi təqdim edilir. Bu gün ruzi gəmimizə “Fatimə süfrəsi” deyir, onun övladlarının gözəl əməllərindən ağız dolusu danışırıq. Deməli, problem övladın qız və yaxud oğlan olmasında deyil. Problem övladlarımıza verilən tərbiyədir.

Belə bir misal var: “Hər bir qüdrətli kişinin arxasında ağıllı bir qadın dayanır”. 

Bu gün əksər ailələrimizin qayğı və yükü qızlarımızın, qadınlarımızın çiynində dayanır. Bunun sübutu üçün “n” sayda misal çəkmək olar. Beləcə, bu təbliğat yolu ilə valideynləri övlad cəlladı olmaqdan çəkindirmək olar. İnzibati mübarizə tədbirləri isə ancaq işbaz həkimlərin işinə yarayır”.

Surxay Atakişiyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO