Xəbər verdiyimiz kimi, Azərbaycan və Ermənistan arasında hərbi qulluqçuların qarşılıqlı surətdə azad edilməsi barədə razılıq əldə olunub. Razılığa əsasən, hazırda Ermənistanın əsir kimi saxladığı azərbaycanlı hərbçilər - Bəbirov Aqşinlə Axundov Hüseyn azad ediləcək.
Bizim.Media-nın əməkdaşı mövzunun aktuallığını nəzərə alaraq, Hüseyn Axundovun anası Şəlalə Axundova və Aqşin Bəbirovun anası Dürdanə Bəbirova əlaqə saxlayıb.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycan və Ermənistan hərbçilərin qarşılıqlı azad edilməsi barədə razılıq əldə edib
Şəlalə xanım sevincini bölüşərkən bildirib ki, rəsmi qurumlardan Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşları gözaydınlığı veriblər:
“Ömürlük həbs xəbərini eşidəsən, ölüb-diriləsən, sonra isə azadlıq xəbərini eşidəsən. Siz təsəvvür edin, mənim nələr keçirdiyimi. Xəbəri ilk dəfə eşidəndə həm qışqırırdım, həm də ağlayırdım, özümdə deyildim. Ömürlük həbs xəbərindən sonra nə qədər pis olsam da, yenə də Cənab Prezidentimizə güvənirdim. Allah onu bizim başımızın üstündən əskik etməsin, dövlət başçısına çox böyük təşəkkür edirəm. Övladımın gəlişi ilə bağlı həm mən, həm də qohumlar qurban deyiblər”.
Əsirlikdən azad ediləcək növbəti əsgərimiz Aqşin Bəbirovun anası Dürdanə Bəbirova da hisslərini bizimlə bölüşüb:
“Cənab Prezidentimiz bizə sürpriz etdi. İnanırdım ki, Prezidentimiz bayrama kimi övladlarımızı geri qaytaracaq. Amma belə tez olması çox möhtəşəm oldu. Hüseynin ömürlük həbs xəbərini eşidəndə iki ana sanki canlı meyit olduq. 24 saat keçmədi ki, bu xəbəri aldıq. Dövlətimizin başçısına nə qədər təşəkkür etsəm, azdır. Allah ona can sağlığı versin.
Axşam vaxtı idi, namaza hazırlaşırdım. Telefona baxdım ki, Şəlalə xanımdan zəng gəlir. O qışqırırdı, biz isə narahat halda qızımla anlamağa çalışırdıq ki, ağlayır, yoxsa sevinir?!
“Muştuluğumu ver, bacı, balalarımız gəlir” cümləsini eşidəndə telefonu qırağa qoyub, həyətin ortasına şükür səcdəsinə getdim. Çığırıb, qonşuları çağırdım. “Ay qonşularım, Aqşinim gəlir” deyirdim. Cənab Prezidentimiz sanki ölünü diriltdi.
Bu gün səhər saatlarında Beynəlxalq Qırmızı Xaç Komitəsi şad xəbəri verdi. Hələ ki, dəqiq tarix deyilməyib.
Qonşu bankdan pul götürüb mənə verib ki, övladım gələnə kimi otağının tavanını düzəldək, yatmağa otağı olsun. İndi onun üçün isti otaq düzəltməyə çalışırıq”.
Məhərrəm Əliyev, Bizim.Media