Yeni ildə niyə “Şaxta baba” və “Qar qız” olmaq istəyənlər YOXDUR? – SƏBƏBLƏR

Yeni ildə niyə “Şaxta baba” və “Qar qız” olmaq istəyənlər YOXDUR? – SƏBƏBLƏR

Hazırda oxunan: Yeni ildə niyə “Şaxta baba” və “Qar qız” olmaq istəyənlər YOXDUR? – SƏBƏBLƏR

167903

Dekabrın gəlişi ilə dünyada və ölkəmizdə Yeni ilə hazırlıqlar başlayır. Parklar, küçələr bəzədilir, küknar ağacı qurulur. Bayramın atributları “yolka”, “Şaxta baba” və “Qar qız” insanlarda, xüsusilə, uşaqlarda bayram əhval-ruhiyyəsinin yaranmasına, günün xoş keçməsinə kömək olurlar. Son illərdə paytaxın mərkəzində, park və küçələrdə bir-birindən gözəl, bəzədilmiş küknar ağaclarına rast gəlinsə də, “Şaxta baba”, “Qar qız” gözə dəymir.

Qaydaya görə, bayram günlərində bu obrazlara bürünmək üçün Bakı Şəhər İcra Hakimiyyətindən icazə almaq lazımdır. Yeni il günü torbasından uşaqlara hədiyyə paylayan “Şaxta baba” və onun sevimli “Qar qızı” tək şəxsiyyət vəsiqəsi ilə quruma müraciət edərək bunun üçün 60 manat məbləğində dövlət rüsumu ödəməlidirlər.

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) rəsmisi İsrafil Kərimov Bizim.Media-ya açıqlamasında bununla bağlı müraciət olmadığını deyib:

“”Şaxta baba” və “Qar qız” kimi fəaliyyət göstərmək üçün hələ heç kim müraciət etməyib, rüsum da dəyişməyib, 60 manatdır”.

Xatırladaq ki, ötən il də quruma bununla bağlı müraciət daxil olmamışdı.

Son zamanlar insanlarda bayramların canlı atributlarına maraq azalıb. İstər Novruz bayramının kosa-keçəli, istərsə də “Şaxta baba” və “Qar qız” olsun. İndi uşaqlar onların əvəzinə bayramı bəzədilmiş “yolka” və “paytaxt salatı” ilə yola verirlər.

Digər tərəfdən, bu fəaliyyət üçün xidmət göstərən tərəfindən rüsumun ödənilməsi insanları obrazlardan çəkindirir. Soyuqda parklarda gəzərək öz xeyirxah vəzifəsini yerinə yetirən “Şaxta baba” və “Qar qız” sehrli kisələrindən bu pulu ödəmək istəmirlər.

Bizim.Media-ya danışan hüquqşünas Əsabəli Mustafayev hansı halda bayram tədbirlərinə görə rüsum ödənilməsi məsələsinə aydınlıq gətirib:

“Tədbirlər kommersiya və sosial məqsədlə keçirilir. Əgər tədbirlər kommersiya məqsədilə təşkil olunursa, məsələn, yolka qurub ətrafında öz mallarını satırlar, ətrafında pullu foto və video çəkilişi və ya hansısa tamaşalar qururlarsa, əlbəttə, bunun üçün rüsum ödənilməlidir. İstəyir qapalı, istərsə də açıq məkan olsun.

Hər iki halda həmin yerin mülkiyyətçisi ilə müqavilə bağlanmalı və pul ödənməlidir. Əgər məkan ümumi istifadədə olan ərazidirsə, bu, icra hakimiyyəti olacaq. Müəyyən hüquqi və fərdi şəxslərə məxsus olan yerlərdisə, onda həmin şəxslə müqavilə bağlanmalıdır.

İmkansızlar, həssas qruplar, təqaüdçülər üçün tədbirin təşkili, bayram şənliyinin keçirilməsi sosial məqsədlidir. Onda bunlardan dövlət rüsumu tutulmamalıdır. Bunun tələbi qanun pozuntusudur”. Hüquqşünasın sözlərinə görə, Yeni il şənliklərinə maraq azalıb:
“Əvvəllər Novruz və digər milli bayramlarda, həmçinin, Yeni ildə icra hakimiyyətləri özləri tədbirlər təşkil edirdilər. İndi Yeni ilə münasibət bir az dəyişib. Sovet dövründə olduğu kimi, Yeni il artıq bizim milli bayramımız deyil. Sadəcə, ilin dəyişməsi, təqvim bayramıdır.

Dünyanın çox yerində qeyd edirlər və biz də həmin təqvimlə yaşadığımız üçün bizdə də qeyd olunur. İcra hakimiyyətlərinin və əhalinin də bu bayrama marağı azalıb. Böyüklər bu bayramda çıxıb əylənməyi artıq hesab edirlər, ancaq uşaqların xətrinə yolka ətrafındakı şənliklərə gedirlər. Ciddi mənəvi tələb yoxdur. Bu da gözləniləndir, getdikcə daha da zəifləyəcək”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO