Siqaret və içkilərin qiyməti yenə QALXDI – Bahalaşma pis vərdişdən qurtulmağa XİDMƏT edir?

Siqaret və içkilərin qiyməti yenə QALXDI – Bahalaşma pis vərdişdən qurtulmağa XİDMƏT edir?

Hazırda oxunan: Siqaret və içkilərin qiyməti yenə QALXDI – Bahalaşma pis vərdişdən qurtulmağa XİDMƏT edir?

167734

Gələn il Azərbaycanda tütün məmulatları və alkoqollu içkilər üzrə aksiz dərəcələri artırılacaq. Milli Məclis bununla bağlı Vergi Məcəlləsinə edilən dəyişikliyi təsdiq edib.

Sənədə görə, aksiz dərəcəsi nazik siqarların (siqarilla) hər 1000 ədədi üçün 43 manatdan 45,5 manata, tütündən hazırlanan siqaret və əvəzedicilərinin hər min ədədi üçün 38,5 manatdan 45,5 manata yüksəldilir. 

Ənənəvi siqaretlərlə yanaşı, qəlyan və ölkədə son illər istifadəsinə çox rast gəlinən elektron siqaretin bir ədədi üçün aksiz dərəcəsi 25 qəpikdən 2 manata qaldırılır. 

Tütün məhsulları ilə yanaşı, spirtli içkilərə tutulan aksizlər də artırılıb.  Aksiz dərəcəsi araq, tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, likör məmulatları və konyak materiallarının hər litri üçün 4 manatdan 4,8 manata qaldırılıb.

Aksiz qanunvericiliklə müəyyən edilən aksizli malların satış qiymətinə daxil edilən dolayı (istehlak) vergi növüdür. Verginin artması isə həmin məhsulların maya dəyərinin artmasına və onların bahalaşmasına səbəb olur.

Tez-tez artan qiymətlər

Ölkədə sözügedən məhsulların qiymətində tez-tez artım qeydə alınıb. Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, bu ilin 10 ayı müddətində ölkədə istehlak qiymətləri ötən illə müqayisədə 110,2 faiz, o cümlədən, ərzaq məhsulları, içkilər və tütün məmulatları 111,4 faiz artıb. Həmçinin, qurumun digər məlumatında eyni müddətdə alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 4,2 faizinin bu məhsulların alınmasına sərf edildiyi qeyd olunub. 

Görünən odur ki, Azərbaycanda bu məmulatların qiymətinin vaxtaşırı artımı insanların alıcılıq qabiliyyətinə ciddi təsir göstərməyib. Zərərli vərdiş hesab olunan siqaret aludəçiliyinin qarşısı qiymətin bahalaşması ilə alınmayıb.

“Siqaret və içki bahalaşmağa davam edəcək”

Mövzu ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı ekspert Natiq Cəfərli hesab edir ki, dəyişiklik ölkəyə qaçaq yolla tütün məmulatlarının gətirilməsi halını artıracaq:

“Son bir neçə ildə atılan 4 və ya 5-ci belə addımdır. Dünyanın hər yerində hökumətlər çox rahatlıqla spirtli içkilər və tütün məmulatlarının vergisini, aksizini artırılar. Bu sosial məsələ olmadığından əhalidə də narahatlıq yaratmayacaq. Azərbaycan hökuməti də eyni yolla gedir. Həm spirtli içkilərin, həm tütün məmulatlarının vergisini, aksiz dərəcələrini artırdıqca avtomatik olaraq onlar bahalaşır. Gələn il də bahalaşacaq. 

Son illər çox ciddi bir bahalaşma dalğası onsuz da var. Söhbət ondan gedir ki, rəsmilər bu addımın sağlam həyatın təşviqinə hesablandığını söyləyirlər. Yəni bahalaşdırırlar ki, insanlar sağlam həyatı seçsinlər. Amma burada önəmli detal var ki, bu, çox ciddi problemlər yarada bilər. 
Qonşu ölkələrdə qiymətlərlə ciddi fərq yarananda qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən siqaretlərin həcmi də artır. Ölkədə, onsuz da, aksizsiz siqaretlərin satışı var. Bu, heç kimə sirr deyil. Hətta hamı bilir ki, harada və necə satılır. 

Amma bahalaşma olduqca, ölkənin daxilində qiymətlər artdıqca, qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən siqaretlərin həcminin artması avtomatik baş verəcək. Çünki insanlar qazanc çox yüksək olduğu üçün bu riskə gedəcəklər”.

Qiymət artımı zərərli vərdişlərdən qurtulmaq üçün effektiv metoddur?

Ekspert atılan addımın spirtli içkilərin çox istifadəsinin qarşısını alınmasına müsbət təsir edəcəyini güman etmir. Onun sözlərinə görə, kustar üsulla hazırlanan içkilər bazara yol tapacaq:

“Spirtli içkilərlə bağlı daha təhlükəli məsələ var. Rəsmi istehsalçıların məhsullarının qiyməti daha kəskin artdıqca, bazara kustar üsullarla istehsal olunmuş məhsulların çıxmasına yol aça bilər ki, bu da insanların həyatı üçün çox təhlükəlidir. Heç bir nəzarət mexanizmi olmadan spirtli içkilərin bazara çıxması bir müddətdən sonra zəhərlənmə, hətta ölüm hallarına gətirib çıxara bilər. 

Ona görə də hökumətlər burada çox diqqətli davranmalıdırlar, dünyada bu qaydaya əməl edirlər, Azərbaycanda da bu düşünülməlidir. Əgər hər il və 6-7 aydan bir qiymətlərin sürətlə artması baş verəcəksə, insanların sağlam həyat tərzini təşviq etmək əvəzinə insanların sağlamlığına ciddi ziyan vura biləcək məqamlar da yarana bilər.

Ona görə də qiymətləri tənzimləyərkən qonşu ölkələrdəki qiymətlər, ölkənin alıcılıq qabiliyyəti nəzərə alınmalıdır. 

Yəni qiymətin artırılması yolu ilə pis vərdişlərdən qurtulmaq mümkün olsaydı, dünya çoxdan bu yolu gedərdi. Söhbət sağlam həyat tərzinə keçdilə bağlıdırsa, bu, təkcə qiymət artımı ilə olmur. Bu, təşviq siyasəti ilə, reklam çarxları, təbliğatla olur. Nəticədə insanları sağlam həyat tərzinə bu yolla yönləndirmək mümkündür”.

Günay Şahmar, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO